"Sovetski" hasarlanır – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

"Sovetski" hasarlanır – FOTOLAR

Keçmiş “Sovetski”, indiki Nərimanov prospektinin ətrafı hasarlanır. Hasarlanmaya səbəb isə söküləcək ərazilərlə bağlı tədbirlərin görülməsidir. Bu barədə Publika.az-a məlumatı adının çəkilməsini istəməyən sakinlər bildirib. Sakinlərin sözlərinə görə, hasarlanan ərazidə yaşayanların çoxu icra orqanının təklif etdiyi kompensasiya ilə razılaşmayanlardır.

Ərazini hasarlayan fəhlələr də müxbirimizə bildirib ki, söküləcək ərazini hasarlamağı Yasamal rayon İcra Hakimiyyəti göstəriş verib.

Nərimanov heykəlinin qarşısındakı evlərin hasarından keçib, həyətdəki “Sovetski” sakinlərinə yaxınlaşdıq. Evinin sökülməsinə razılıq verən xanım bildirdi ki, 2 aya qədər bu ərazidən daşınmalıdılar:

“60 kvadrat metr sahəsi olan evi kvadratı 1500 manatdan razılaşdım. Kompensasiya məbləğini artıq almışıq və icarə haqqı olan 1000 manatı da. Bizə deyildi ki, daşınmaq üçün 400 manat da veriləcək. Ancaq həmin məbləği vermədilər”.

Hasarlanan ərazidə çox sayda mağazalar fəaliyyət göstərir. Müxbirimizə danışan mağaza sahibləri hasarın qurulmasına etiraz edir:

“Bir tikə çörək pulu qazanırıq. Onun da qabağını hasarlayırlar. Bəs icarə haqqını necə verəcəyik? Hasarın dalında kim biləcək ki, burada mağaza var?”

Hasarın arxasındakı evlərin sahibləri isə etiraz edəcəklərini deyir. “Biz onsuz da quş damında yaşayırıq. İstidə qapı-pəncərənin də qabağını kəsirlər ki, boğulub ölək. Bu həyətdə evlərin sahəsi balacadır. Heç kəs də1500 manatla razılaşmır. Hasarı qurmaqla demək istəyirlər ki, onsuz da evləri sökəcəyik. Yəni xoşluqla özünüz çıxın” deyən adının çəkilməsini istəməyən ağsaqqal qonşularla etiraz edəcəklərini bildirib.

Hasarın arxasında yaşayan sakinlər 2500-3000 manat civarında kompensasiya arzulayır. Sahəsi az olan evlərin sakinləri ümid edir ki, dövlət onlara ev verəcək. Ancaq buna inanmayan sakinlərdən biri Ağababa Hacıyev deyir ki, ailədə 10 nəfərdirlər. Evinin sahəsi də azdır. Ona yaxşı pul verməsələr, heç yana gedən deyil.

1500 manatdan razı olan və ərazidən köçən keçmiş “Sovetski” sakini deyir ki, onu bu məbləğ qane edib. Evinin sahəsi 85 kvadrat metr olduğundan köçməyə razılıq verib. Verilən kompensasiya ilə Masazır qəsəbəsində ev alıb. Deyir ki, evinin sahəsi 40-45 kv. metr olsa idi, heç vaxt bu məbləğlə razılaşmazdı.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov mətbuata açıqlamasında bildirmişdi ki, “Sovetski” məhəlləsində bu günə qədər 3200 ünvanda ölçmə və inventarlaşdırma aparılıb, 1500 sakin tərəfindən isə mülkiyyətlərinin dövlətə satılması ilə əlaqədar müraciət edilib, 1043 mənzil sahibi ilə razılaşma əldə edilib, 140 mənzil sökülüb.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm