Təhsil Nazirliyi bu dəfə də TQDK-ya uduzdu
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi bu dəfə də TQDK-ya uduzdu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, nəticələr İdarənin saytında fərdi qaydada yerləşdirilib. Müəllimlər iş nömrəsi və məktəb kodunu daxil etməklə qiymətlərini öyrənə bilərlər.

Nəticələr uyğun gəlmədi

Artıq bir çoxları öz nəticələrini əldə edib və narazılıqlarını Bakı Şəhər üzrə Təhsil İdarəsinə bildirib. Müəllimə Gülnur Əbdulhəsənli səhvlərinin düzgün hesablanmadığını deyib:

“Mənim ixtisas suallarım səhv yoxlanılıb. İxtisasdan 1 səhv cavabım var, amma 3 səhv yazıblar. Neçə gündür cavab gözləyirik, hələ bir səhv yoxlayırsız. Mən nəticələrdən narazıyam”.

Cavab kartındakı qeydlərinə yenidən baxaraq səhvlərinin araşdırılmasını tələb edən G.Əbdülhəsənli İdarəyə etdiyi telefon zənglərinə və sosial şəbəkə vasitəsilə müraciətlərinə cavab verilməməsindən narazıdır.

“Mən işimə baxmaq istəyirəm. Bu mənim haqqımdır. Şərait yaradılsa, yaxşı olar. Düzgün cavablar yerləşdirilsin, baxaq. Mən cavablarıma əminəm”.

BŞTİ fikrini dəyişdi

Onun bu fikirlərini digər həmkarları da dəstəkləyib. Sevinc Əzizova, Pərvanə Piriyeva, Fərid Fərruxlu, Nicat Nəsirov və başqa müəllimlər öz səhvlərinə baxmaq istədiklərini, hesablamaların uyğun gəlməməsinin səbəbini araşdırmağı tələb ediblər.

Qeyd edək ki, BŞTİ imtahanlar ərəfəsində düzgün cavabların İdarənin saytında yerləşdiriləcəyini, hər kəsə öz səhv və doğru cavablarını analiz etməyə şərait yaradacaqlarını bəyan etmişdi. Lakin sonradan fərdi nəticələri yerləşdirəcəklərini bəyan etdilər. Bu gün açıqlanan nəticələr isə ciddi narazılıqlara səbəb olub.

İyunun 10-13-də keçirilən Sınaq Qiymətləndirilməsində Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 min nəfərə qədər müəllim (ümümi kontingentin 95 faizindən çoxu) iştirak edib. Elə ilk günlərdəcə müəllimlərin bu yoxlamadan narazı qalması ortaya çıxıb. Onların əksəriyyəti sınaq qiymətləndirmənin səmərəli olmaması barədə fikirlər səsləndiriblər.

İmtahanı TQDK keçirsə, daha yaxşı olar

Maştağa qəsəbəsindəki məktəblərədən birində ibtidai sinif müəlliməsi işləyən Gülnarə Əliyeva bizimlə söhbətində imtahanın texniki təminatının çox aşağı oduğunu, nəzarətin düzgün qurulmadığını vurğulayıb:

“Sınaq yoxlaması aparılan otaqda səs-küydən qulaq tutulurdu. Nəzarətçilər səriştəli deyildi. Ona görə də savadı olmayan müəllimlər öz həmkarlarının cavablarını köçürdərək vəziyyətdən birtəhər çıxa bilirdilər. Hesab edirəm ki, belə qiymətləndirmə obyektiv deyil. Kimin bilib, kimin bilməməsi bəlli olmadı. Daha effektiv üsullarla yoxlamalar aparmaq lazım idi”.

Müəllimə bu tipli yoxlama və imtahanların da TQDK tərəfindən keçirilməsini təklif edib. Onun fikrincə, bu qurum artıq həmin sahədə kifayət qədər təcrübə və kadrlar qazanıb. Ona görə də əksər müəllimlər digər sahələrdə olduğu kimi, müəllimlərin biliyinin qiymətləndirilməsinin də TQDK-ya həvalə olunmasının daha səmərəli olacağı qənaətindədir.

Məsələyə BŞTİ-nin münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm