Onlar diri-diri basdırırdılar, bizsə doğulmadan doğrayırıq...
Bizi izləyin

Qırmızı.az

Onlar diri-diri basdırırdılar, bizsə doğulmadan doğrayırıq...

– “Mənə sonsuz gəlin lazım deyil, şələ-küləni götür, get hardan gəlmisən, ora!” – qayınanam belə deyib məni üç qızımla evdən qovanda kiçik qızım bir həftəlik idi, mənim də 26 yaşım vardı.

Nisə xala özü öz dediyinə güldü:

– Hə, qızım, oğlu olmayana biz tərəflərdə “sonsuz” deyirlər.

Həmsöhbətimin qırışmış sifəti, sərtləşmiş əlləri, üz-gözündən yağan yorğunluq çətin sınaqlardan keçdiyindən xəbər verirdi. Gözləri isə gülürdü:

– Onların adam saymadığı qızlarımla fəxr edirəm. Hərəsi on oğula dəyir. Böyüyü tibb bacısıdır. Rayon xəstəxanasında işləyir. Nişanlıdır. Ortancılı maliyyə institutunda oxuyur. Kiçiyim isə orta məktəbin son sinfindədir. O da bacıları kimi yaxşı oxuyur. Çətin günlərimiz çox oldu. İki yerdə işlədim. Qızlarım həm oxudu, həm işlədi. Şükür bu günümüzə...

Qəribə bir tonda əlavə edir:

– Keçmiş ərimin sonrakı arvadından bir oğlu var. Görməmişlikdən uşağı gic günə qoyublar. Gündə sorağı bir dələduzluqdan gəlir. Bu da oğul...

...Hələ qədimlərdə ərəb ailələrində qız uşağının doğulması arzuolunmaz, utandırıcı hal kimi qəbul olunurdu. Bu səbəbdən yeni doğulmuş qız uşaqlarını diri-diri basdırırlarmış. Nisə xalayla söhbət edənə qədər sevinmişdim ki, nə yaxşı, barbar bineyi-qədimdə yox, sivil bu günümüzdə yaşayıram. Amma indi əminəm ki, əsrlər keçsə də, bu sahədə heç bir addım da irəliləməmişik. İndi də Hindistanda, Çində, Pakistanda yeni doğulan qızları öldürən, cinsiyyətini dəyişənlər xeyli saydadır. Cinsiyyəti müəyyənləşəndən sonra doğulmadan öldürülən qızların sayı artıq milyonlarladır. XX əsrin 70-ci illərində ana bətnindəki körpənin cinsiyyətini öyrənmək mümkün olduğundan bəri dünyada təxminən 170 mln. qız uşağı doğulmadan bətndən alınıb.

Bu rüsvayçı ənənə bizim respublikada da çox yayılıb. Bunun nəticəsində də keçən il ölkəmizdə doğulmuş 172,6 min körpənin 53,6%-i oğlan, 46,4%-i qızlardır. Başqa sözlə, hər 100 qıza 115 oğlan düşür...

Fakt faktdır. Amma faktın həyat mənzərəsi daha sərtdir. Mən ibtidai sinif müəlliməsi olmağa hazırlaşıram. Bu sahədə təcrübə toplamaq üçün aşağı sinif şagirdləri ilə tez-tez görüşürəm. Təcrübə keçdiyim sinifdə qızların azlığı diqqətimi çəkdi: 14 uşaqdan cəmi 3-ü qızdır. Məktəbin I–IV siniflərində vəziyyətlə maraqlandım. Demək olar ki, bütün siniflərdə qızlar oğlanlardan xeyli azdır.

Təhsil Nazirliyinin rəsmi məlumatına görə, 2013–2014-cü tədris ilində 141166 nəfər şagird I sinfə gedib. Onlardan 74998-i oğlan, 66168-i qızdır. Bu da bəşər övladının təbii inkişafına süni müdaxilənin nəticəsi! Qız övladının doğulmasını faciə kimi qarşılayıb, “faciə”ni önləmək üçün hər yola baş vuranların barbarlardan nə fərqi?! Qədim ərəblərin diri-diri basdırması ilə bugünkü doğulmamış doğrama üsullarının arasındakı eyniliyin bir adı var – cinayət!

Hələ ki gözəl-göyçək qız balalarımızın sinif otaqlarında, bağçalarda azlığını hiss edirik. Düşünün, 15 il sonra nə olacaq? Bu gün İslamı əldə rəhbər tutub birdən çox arvad alan kişilərin övladları evlənməyə qız tapmayacaqlar. Bəlkə, oğlanlar qız qıtlığını “sivil” qaydayla “hollandsayağı ailə” modeliylə dolduracaqlar?! Biz nə vaxta qədər “oğlan kimi qızdır” ifadəsini tərif, “qız kimi oğlan” ifadəsini isə təhqir kimi işlədəcəyik? Bəs analar? Biz təkcə bu günün qızlarını yox, həm də sabahın analarını öldürürük. Analara qıymayın!

Həcər Telmanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm