Qırmızı.az
"Erməni qadın məni qucaqladı..."
Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev “Brifinq”in qonağıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Musa müəllim AYB-yə sədr seçkisindən danışıb. “Urud” təxəllüsündən, Uruda etdiyi səfərlərdən bəhs edən M.Quliyev sadə ermənilərin Azərbaycana münasibətinə toxunub. Uruddakı evlərini ziyarət edən deputat evlərindəki xalçanı pulla ermənidən ala bilməməsinin səbəbini söyləyib.
- Taleh Şahsuvarlı Musa müəllim,
təxəllüsünüzdən başlayaq...
- “Urud” təxəllüsünün çox qəribə tarixi və taleyi var. Mən
Zəngəzurun Sisyan rayonunun Urud kəndində anadan olmuşam. İlk
şeirlərimi Musa Quliyev imzası ilə yazmışam. Kənd yerində təxəllüs
bilmirdik, hərəyə bir ayama qoyardılar. Amma düşünmürdük ki,
şairlərin də ayaması olar. Hesab edirdik ki, təxəllüs daha hörmətli
bir şeydir. Orta məktəbdə oxuyanda “Azərbaycan pioneri” qəzeti və
“Pioner” jurnalı ilə əməkdaşlıq etmişəm. Tibb İnstitutunun “Tibb
kadrları uğrunda” qəzeti vardı, orada da məqalələrim, şeirlərim
çıxırdı. 1984-cü ildə böyük şairimiz Məmməd Araz mənə “Uğurlu yol”
yazdı. İlk dəfə onunla geniş auditoriyaya çıxdım, onda da ilk mətbu
şeirlərim Musa Quliyev imzası ilə getdi.
“80 yaşlı Valod məni görüb ağladı”
- Qurban Yaquboğlu: İlk şeirləriniz
harada çıxdı?
- “Azərbaycan gəncləri” qəzetində. Orada da maraqlı situasiya oldu.
Rəhmətlik Məmməd əmi Tibb İnstitutuna tələbələrlə görüşə gəlmişdi.
Orada həm tələbələr, həm də gənc müəllimlər-Paşa Qəlbinur təzə
müdafiə edib gəlmişdi, o da, mən də şeirlərimizi oxuduq. Bizim
hərbi kafedranın müdiri Ramiz Duyğun yetkin şair idi, bu görüşü də
o təşkil etmişdi. Nəsə mənim şeirlərim Məmməd əminin xoşuna gəldi,
dedi ki, “Azərbaycan təbiəti” jurnalının redaktoruyam, 20 şeirini
gətirərsən baxaram. Mən də şeirlərimi aparıb verdim, 20 gündən
sonra dedi ki, bəs şeirlər xoşuma gəlib, 2 şeir seçmişəm, “Uğurlu
yol” yazmışam, “Azərbaycan gəncləri” qəzetində Tofiq Mütəllibova
ver. Onda Tofiq Mütəllibov da poeziya şöbəsinin müdiri idi. Mən də
“papka” qoltuğumda sevinə-sevinə getdim, elə bilirdim ki, daha
Azərbaycanın yarısını qurmuşam, yarısını da Tofiq Mütəllibovun
otağından çıxandan sonra quracağam. Redaksiyanı axtarıb tapdım,
Məmməd Arazın seçdiyi iki şeiri və “Uğurlu yol”u stolun üstünə
qoydum. Məmməd Araz da zəng vurub demişdi. Tofiq Mütəllibov
şeirlərə baxdı, ikisi də sevgi şeiri idi. Dedi gəncsən, birini
sevgi şeiri, birini də patetik şeir verək. Düzü, bilmədim patetik
şeir nədir, özümü də sındırmadım, çünki Azərbaycanın yarısını mən
“yaratmışdım”. Elə “papka”nı üstünə tulladım, dedim hansını
istəyirsən, seç. O da ora-bura baxdı, qayıtdı ki, burada patetik
şeir yoxdur. Ondan sonra kəndimizlə bağlı şeir vardı, o, da həmin
dövrün ab-havası idi, birinci onu, sonra da sevgi şeirini verdi və
Musa Quliyev imzası ilə getdi. 1983-cü ildə Zori Balayanın “Ocaq”
kitabı çap olundu və o kitab rus dilində böyük tirajla yayıldı. Mən
1984-cü ilin yayında kəndə getmişdim, oxudum, gördüm ki, orada
bütün erməni kəndlərinin hamısının adları var, Azərbaycan kəndləri
barədə bir kəlmə belə yazmayıb. Ondan sonra bizdə müəyyən səviyyədə
açıq etirazlar oldu. O vaxt rəhmətlik Eldar Baxış yaxşı şeir
yazmışdı. Onda beynimə sövq-təbii bir şey gəldi, öz kəndimiz
haqqında “Özgə umacağım yoxdur bu kənddən” adlı şeir yazdım. Bu
şeiri də başqa şeirlərimlə bir yerdə “Sovet Ermənistanı” qəzetinə
göndərdim. Oraya redaktora zəng edib soruşanda dedilər ki, yalnız
bir şeirini bəyənmişik, amma bunu bir az redaktə edəcəyik. Mən də
söylədim ki, nə edirsiniz, edin, təki mənim imzam olan bir şeir
getsin. Şeir çap olunub gəldi, onda Gəncədə “həkim-interna”
işləyirdim. Şeir Sisyana getdi, oradan da Uruda. Uruddan da qəzeti
ərməğan kimi mənə göndərdilər. Baxdım ki, şeirin axırıncı bəndini
çıxarıblar. Əslində o şeir də axırıncı bəndin xətrinə yazılmışdı.
Mən də redaksiyaya zəng edib soruşdum ki, niyə son bəndi
çıxarmısınız? Dedilər ki, senzor bu bəndi buraxmadı. Onda anladım
ki, erməni senzoru istəmir ki, qədim türk torpağı olan Urud
kəndindən o torpağın yetişdirməsi olan Musa Quliyevə bir qarış
torpaq qalsın. Kəndin adını özümə qoşdum, o vaxtdan imzamı
dəyişdim, Musa Urud oldu. Urud dağılanda utanan bir şeirim
oldu:
Səcdənə gələrsə, oğlum yaşasın,
Gəlməzsə, mənimtək mağmın yaşasın,
Adımı adına qoşdum yaşasın,
Səndən çox yaşadım, Urud, bağışla...
“Heydər Əliyevin şəklini yenidən yapışdırırdıq”
- T.Şahsuvarlı: Kitabınızda bir
fikir vardı, Qafqaz Albaniyasının tarixinin açarı
Urduddadır...
- O sözü rəhmətlik Ziya Bünyadov demişdi ki, Qafqaz Albaniyasının
tarixini Urud, Vağud, Ağud üçbucağında axtarmaq lazımdır. 1990-cı
ildə Urud haqqında kitab yazmağa başladım, publisistik və bir az da
bədii araşdırma idi, məğz isə Urudun qədim tarixi abidələrini
göstərmək idi. 7 nəsil şəcərəni mən bərpa etdim. Kitab yazan vaxtı
Yeni Azərbaycan Partiyası təzə yaranırdı, Ziya müəllim də
partiyanın sədr müavini kimi fəallarla görüşürdü. Ziya müəllimə bir
dəfə yaxınlaşıb dedim ki, belə bir kitab yazmaq fikrim var. Onu da
deyim ki, Urud qəbiristanlığını ilk tədqiq edən Ziya müəllim olub.
Ziya müəllim o fikri söylədi, getdi. Fikirləşdim ki, Urud var, bəs
Vağud, Ağud nədir? Birdən yadıma düşdü ki, bizim yanaşı olan qonşu
kəndlərdən birinə Vağadi, o birisinə Ağudi deyirik. Görünür, qədim
mənbələrdə Vağud və Ağud şəklində gedib. Bu kəndlərin hər üçünün
sonunun “ud” şəklində olmasını isə Ziya müəllim qədimdə Uz
tayfaları ilə yanaşı, Ud tayfalarının olması ilə izah
edir.
- T.Şahsuvarlı: Albanşünaslıq
baxımından Urud kəndi və həmin üçbucaq yetərincə
araşdırılıbmı?
- Təəssüflər olsun ki, nəinki albanşünaslıq, bizim ümumiyyətlə,
tariximiz yetərincə araşdırılmayıb. Biz heç vaxt öz tariximizi
yazmamışıq. Tariximizi qədim yunan, fars-ərəb və mənbə demək
olarsa, erməni mənbələrindən oxuyuruq. Onların da hamısı erməni
istisna olmaqla bura işğalçı kimi gəliblər. Erməni vassal kimi idi,
işğalçı ola bilməzdi, çünki özü bir ovuc idi. Hər mənbənin öz
ideoloji və siyasi, işğalçılıq siyasətinə bəraət qazandıran
maraqları olub. Mən “Zəngəzur” kitabını yazanda Babək dövrünü
araşdırdım, o dövrü tanıyan alimlərin hamısı ilə görüşüb
məsləhətləşdim, İrandan, Türkiyədən mənbələr gətirdik. Babəklə
bağlı birmənalı heç bir şey yoxdur. Həmin dövrdə Səhl İbn Sumbatın
erməni olduğunu özümüz yazmışıq. Hamı yazır alban çarı. Səhl
Sisyanın yanında Şəki kəndi var, oradandır.
“O problemin həllinə nə siyasət, nə də din qarışmalıdır"
- T.Şahsuvarlı: Siz həkim idiniz,
şeirlər yazırdınız, yəqin ki, Yazıçılar Birliyinin üzvü idiniz.
Necə oldu ki, YAP yarananda ora gedib siyasətlə məşğul olmağa
başladınız?
- Əgər Sovet hökuməti qalsaydı, Qarabağ konflikti ortaya
çıxmasaydı, müstəqillik söhbətləri olmasaydı, mənim kimi insanların
çoxunun heç siyasətdə olmaq fikri və marağı, perspektivi də
olmazdı. O dövrdə arzum həkim olmaq idi. Həkim oldum, paralel
olaraq yazılarımı da yazdım. 1980-ci illərin nəslinin nümayəndəsi
kimi mətbuatda çap olunan, imzası bəyənilən gənc qələm
sahiblərindən biri idim. Amma o da mənim hobbim idi, özümü həkim
kimi görürdüm. Amma Qarabağ konfliktinin başlanması, onunla
əlaqədar bizim Qərbi Azərbaycandakı torpaqların itirilməsi, 263
yaşayış məntəqəsinin boşalması, 200 minə yaxın soydaşımın, o
cümlədən ailəmin, qohumlarımın deportasiyaya uğraması və çox ağır
sosial-iqtisadi çətinliklərə düşməsi, Azərbaycanda 20 Yanvar
faciəsi, dalbadal uğursuzluqlar Şuşa, Laçın, Xocalının itirilməsi,
ölkəmizin müstəqilliyinin ilk illərində çox ümidsiz vəziyyətimizin
olması, Ayaz Mütəllibovun Moskvadan qopa bilməməsi, Elçibəy
hakimiyyətinin siyasi idarəçilik təcrübəsinin, hakimiyyəti saxlamaq
qabiliyyətlərinin olmaması bizi çox ağır duruma saldı. Uşaq
vaxtından sövq-təbii ümummilli liderin fanatlarından biri olmuşam.
Biz kənddə 8-ci sinifdə oxuyanda Heydər Əliyevin siyasi büroda
üzvlüyə namizəd kimi rayon mərkəzində şəkli vardı. Biz həftəsonu
avtobusla kənddən rayon mərkəzinə gedərdik. Kimisi gəzməyə, bir
başqası kənddən meyvəsini satmağa aparardı, yaxud əyin-baş almağa
gedərdi. Bizim ilk işimiz avtovağzalın binasında asılmış Siyasi
büro üzvlərinin şəkillərinə baxmaq idi. Baxırdıq görək Heydər
Əliyevin fotosu burada qalıb, yoxsa qalmayıb. Erməni uşaqları hər
həftə onu cırırdılar, azərbaycanlılar olaraq yerinə yapışdırırdıq.
O dövrdə şəkillər də çox deyildi. Biz də jurnaldan, qəzetdən
ağ-qara şəkilləri kəsib cibimizə hazır qoyub aparırdıq. Görürdüksə
şəkli ermənilər cırıb, yaxud qaralayıb, onu təzələyirdik. Buna görə
də dalaşırdıq. Sonra gəlib institutda oxuyan illərdə Heydər Əliyevi
paradlarda gördük. Artıq YAP yarananda hər kəs istəyirdi ki, özünün
müəyyən situasiyalarda töhfəsini versin. Yəni mən bu Vətən və
dövlət üçün nə edə bilərəm? O mənada seçimimizi elədik. YAP-a daxil
olduq, partiyanın birinci qurultayında Siyasi Şuranın üzvü
seçildim. Sonralar ümummilli liderin özünün tövsiyəsi ilə
partiyanın proporsional siyahısında 13-cü adam olaraq millət vəkili
seçildim. Ondan sonrakı iki dönəmdə də Konstitusiya dəyişikliyi
olduğuna görə proporsional sistem ləğv olundu. Mən də Gəncə ilə
bağlı insan olduğuma görə, - yəni institutu qurtarandan sonra
təyinat üzrə orada 6 il yaşamışam və işləmişəm, həkim və yaradıcı
adam kimi məni tanıyan toplum var idi- partiya tövsiyə etdi ki,
Gəncədən deputatlığa namizədliyimi verim və iki dönəm də oradan
seçilmişəm.
- Nərgiz Ehlamqızı: AYB qurultayını
keçirdi və yeni sədr seçdi. Siz də qurultay iştirakçısı
idiniz...
- Bakıda olmadığıma görə iştirak edə bilmədim, amma 80 illik
yubiley tədbirinə qatıldım.
- N.Ehlamqızı: Anardan yeni
sədrliyi dövründə gözləntiləriniz nədir?
- Köhnə dövrdə nə gözləmişəmsə, yenə də onu gözləyirəm.
- Dilqəm Əhməd: Gənclər Anarın 27
ildir sədr olmasını tənqid edirlər. Sizin yanaşmanız
necədir?
- Gənclər həmişə maksimalist olublar. Həmişə gənclərə tövsiyə
edirəm ki, özünüz nə isə yaradın. Anar, deyək ki, pis rəhbərdir,
narazısan, başqa qurum yarat və ondan daha gözəl şey ortaya qoy.
Artıq tənqid edən gənclərin üçüncü nəslini görürəm. Əvvəlki iki
nəsil ortaya heç nə qoya bilmədi. Müxtəlif adda müəyyən təşkilatlar
yaratdılar, üç-dörd nəfər bir yerə yığışdı, nə ortaya bədii mətn
qoya bildilər, nə də ki qurum kimi yazıçıları ətraflarında
birləşdirdilər. Əgər özün heç nə yarada bilmirsənsə, yaradanın
yaratdıqlarına şükür elə.
“Son NATO tədbirləri də göstərdi ki, ermənilər dialoqa hazır deyil”
- Səxavət Həmid: Bu hadisələrdən
sonra Uruda neçə dəfə getmisiniz?
- Uruda 2 dəfə getmişəm. Bununla bağlı da kitab yazmışam. Sonuncu
dəfə 2013-cü ildə olmuşam. O səfərdə tamam başqa münasibət vardı.
2006-cı ildəki səfərimdə demək olar ki, indiki Ermənistanı diaqonal
boyunca gəzə bildim. 2006-cı ildə onların siyasəti bir az fərqli
idi. Ki, xalq diplomatiyasını inkişaf etdirək, Azərbaycandan
gələnlərə xoş münasibət bildirək, onlar da gedib desinlər ki,
barışıq lazımdır. Amma gördülər ki, o siyasət özünü doğrultmadı,
sərt münasibətə keçdilər. Amma səmimi bir söz demək istəyirəm,
2006-cı ildə sadə ermənilərin, doğrudan da, bizə olan səmimi
hisslərini gördüm. Öz kəndimizə getməzdən əvvəl rayon mərkəzində
50-ci illərdə əmimlə yoldaşlıq etmiş yaşlı erməni ilə rastlaşdıq.
Ona qardaşı deyəndə ki, “qonağı tanıdınmı, Uruddandır, İsanın
oğludur”, heç bir təəccüb eləmədi, dedi ki, “xoş gəlmisən”.
Görüşdü, əmimi soruşdu.
- Q.Yaquboğlu: Onunla hansı dildə
danışırdınız?
- Azərbaycan dilində danışdıq. Mənimlə orada ermənicə heç kəs
danışmadı. Ondan soruşdum ki, məni burda görəndə hamı təəccüblənir,
siz niyə təəccüblənmədiniz? O da qayıtdı ki, niyə təəccüblənməliyəm
ki? Siz gedən gündən bilirdim ki, bir gün qayıdacaqsınız, indi sən
gəlmisən, sonra da o birilər gələcək. Bir də Valod adında erməni
var idi, Vağadi kəndi qarışıq kənd idi, Şam qəsəbəsində su-elektrik
stansiyası tikilirdi, orada fəhlə daşıyırdı. Bizim kənddən də
fəhlələr aparırdı. Geri qayıdanda imkan düşəndə onun maşınında geri
qayıdardıq. Valod yeyib-içən adam idi, kimin evinin qabağında maşın
saxlasaydı, düşüb pendir çörəklə yüz qram araq içib gedərdi. Hamıya
da xeyirxahlıq edirdi. Şən adam olduğuna görə azərbaycanlılar ona
kefli Valod deyərdi, ermənilər də “f” hərfini deyə bilmirdi deyə
ona “kepli” Valod deyirdi, sonra dəyişib “Kepçil” Valod söylədilər.
Mən Uruda gedəndə müşayiət edən deputat qonşu kənddən idi, atası
uzun illər kolxoz sədri olmuşdu. Qədim alban kilsəsi vardı,
ermənilər ona Vəng deyirdi, təbii ki, XI əsrə aid türklərə məxsus
olub. Kilsəni görmək istəyirdim. Aşağıda gördüm çayın döşü ilə
gözəl ərik və gilas bağları salınıb. Soruşdum ki, axı bunlar yox
idi, burda, köhnə kolxozun alma bağları vardı. Dedi ki, buranın
hamısını özüm özəlləşdirib gilas bağı salmışam, amma baxan yoxdur.
Dedi camaata denən də qayıdıb gəlsinlər, özüm qarşılayaram,
gəlsinlər işləsinlər. Gilas da təzə yetişən vaxtı idi, dedi gilas
yığaq, yemək vaxtı rayonda yeyərik. Bir də gördüm yaşlı kişi əlində
bel oraları sulayır. Birdən deputat qayıtdı ki, Valod, bəri gəl.
Dərhal yadıma “kepçil” Valod düşdü, qayıtdım ki, bir “kepçil” Valod
vardı, o necə oldu? Dedi elə bu elə həminki Valoddu, bir az
qocalıb. Valod da bizim evdə çox olub, xidmət eləyib, dayım da o
kənddə müəllim işləyib, dost idilər. Yaxınlaşıb dedim “Valod,
salam”. Əlindəki beli atıb üzümə baxıb qayıtdı ki, “qadan alım
Uruddusan?”. Dedim hə, atamın, dayımın adını çəkəndə 80 yaşlı Valod
məni qucaqlayıb ağladı. Yəni, onu süni şəkildə etmək mümkün deyil.
Hətta İrəvan parlamentində bir gəlin bizə yaxınlaşdı, indiki Göygöl
rayonunda yaşayıb, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun 2-ci
kursunda oxuyubmuş. O parlamentdə maşinist imiş, deputatların
siyahıları yazılanda Asəf Hacıyevin bioqrafiyasında Gəncə şəhərində
doğulduğu yazılıb. Asəf də foyeyə çıxmışdı, mən də içəridə idim.
Gəldi ki, Gəncədən olan deputat sizsiniz? Dedim hə, axı Gəncə
rayonundan deputat seçilmişəm. Rusca soruşmuşdu. Birdən məni
qucaqladı, qayıtdı ki, “qadan alım, Gəncədən gəlmisən”. Elə bildim
təxribatdır, cavan gəlin, məni qucaqlayıb, kameralar da qurulub.
Dedim, əşşi kimsən, məni boğdun öldürdün (gülür). O da dedi,
vallah, bağışlayın, başa düşdü ki, artıq hərəkət edib. Dedi,
vallah, biz Xanlardan gələndən bəri anam hər gün “Xanlar” deyib
ağlayır. Deyir ki, ağzımızın dadı da, günümüzün şənliyi də, nəyimiz
vardı orda qaldı. Sonra Asəf içəridən gəldi, söhbət elədi, dedi ki,
qızımın 16 yaşı var, mahnı müsabiqələrində iştirak edib həmişə
qalib gəlir. Asəf də dedi ki, yəqin istedadlı uşaqdır ona görə.
Dedi yox, təkcə onunla bağlı deyil, biz Azərbaycan estrada
müğənnilərinin, Aygün Kazımova, Brilliant, Faiq Ağayev və Zülfiyyə
Xanbabayevanın mahnılarını radioda tutub o ritmə uyğun ermənicə
mahnı yazırıq. Onunla gedib qalib gəlir. Mən də qayıtdım ki, bu,
sizin köhnə peşənizdir, təzə bir şey deyil ki (gülür). Nikoyan
familiyalı bir erməni vardı, bir ara Ermənistan parlamentinin
spikeri olmuşdu. Mən Sisyana gedəndə Sarkisyanın yaxın adamı
olduğuna görə guya məni müşayiət edirdi, amma əslində nəzarətçi
kimi qoymuşdular. Yolda qayıdanda Nikoyan mənə bir söz dedi. Həm
tut arağı içmişdi, həm də yol onu yormuşdu. Qayıtdı ki, bu gün
Qarabağı qaytarıb sizə versək və desək ki, Qarabağ bizə lazım
deyil, buradakı erməniləri də köçürüb aparırıq, siz Qarabağı ala
bilməyəcəksiniz. Əgər siz desəniz ki, daha istəmirik Qarabağı,
verdik sizə əl çəkin. Biz yenə Qarabağı ala bilməyəcəyik. Çünki bu
nə sizin, nə də bizim işimiz deyil. Bu gün artıq Qarabağ konflikti
beynəlxalq güclərin haradasa mübarizə mərkəzidir. Biz o güclərin
adını bilirik, bizə aydındır ki, onların məqsədi heç də Qafqazda
sülhü təmin etmək deyil. Qafqazda sülh olsa, onların burda nə işi
var?
“Qarabağ xalçadır, bu gün o xalçanın üstündə erməni əsgəri oturub”
- T.Şahsuvarlı: İllərdir Qarabağdan
yazılır. Mənə təsir edən 2-3 yazı olub. Onlardan biri öz evinizdəki
asılan xalçanın üstündə şəkil olduğuna görə ala bilməməyiniz
olub...O, necə olub?
- Hər bir Azərbaycan kişisi dərk etməlidir ki, bu gün Qarabağ bir
xalçadır, bu gün o xalçanın üstündə erməni əsgəri oturub, o xalçanı
pulla ala bilmərik, yalnız qan töküb almalıyıq. Evimizə gələndə
gördüm ki, anamın vannası, vedrəsi, nə qoymuşuqsa, hamısı qalır.
Qırıq stulumuz vardı, o da yadımda idi, gördüm ki bir kənardadır.
Dərhal qalxdım ikinci mərtəbəyə, baxdım ki, divarda anamın xalçası
durur. Xalçanı da 1906-cı ildə nənəmin anası toxuyub. Nənəmə cehiz
verib, nənəm də 1946-cı ildə anama cehiz verib. Birinci ağlıma
gəldi ki, xalçanı alım. Evimizdə yaşayan kişinin oğlu Qarabağda
ölüb, özü kordu, gəlini ilə nəvəsi də təzə kartof çıxarmağa
getmişdi. Ona dedim ki, orada xalça var, mənim anam da yaşlıdır,
ağlayır. Burda nə var, saxlayın, puluyla verin. Kordu, kölgəmi
görür, qayıtdı ki, “yox, ara bəs o şəkli nə edim?”. Xalçanın da
üstündə bunun oğlunun şəkli var imiş. Oğlunun da toyu bizim həyətdə
olub, oradan da əsgər aparıblar, güllələnib ölüb. Şəklini də
böyüdüb xalçanın üstünə asıb. Nəvəsi də oğlunu görməyib. Belə
götürəndə onların da faciəsi var. Fikirləşdim ki, bunları yazmaq
lazımdır. Əslində, bizim məğlubiyyətdir bir az. Get nənənin
xalçasını gətirmə, adını da qoy ki, kişiyəm. İkinci tərəfdən də,
bu, bir görkdür.
“Nənəmin xalçasını pulla ala bilmərəm, yalnız qan töküb almalıyıq"
- Dilqəm Əhməd: Hökumətdə gənclərin, orada
doğulanların gedib-gəlməsi ilə bağlı bir layihə varmı? Mən özüm
İrəvandan 3 yaşında çıxmışam, heç nə xatırlamıram...Amma görmək
istəyirəm.
- Hökumətin elə bir layihəsi yoxdur. Hesab edirəm ki, bundan sonra
hətta rəsmi və diplomatik səviyyədə də beynəlxalq tədbirlərə bizim
gedib-gəlməyimizin lüzumu yoxdur. Son NATO tədbirləri də göstərdi
ki, ermənilər dialoqa, heç bir kompramisə hazır
deyillər.
- Q.Yaquboğlu: “Repreduktiv
sağlamlıq haqqında” qanun layihəsi nə yerdə qaldı?
- O qanunun qəbul olunmasına Azərbaycanda çox ciddi ehtiyac var.
Demoqrafik proseslər bizdə hələlik müsbət istiqamətdə getsə də,
yəni doğum ölümü üstələsə də, yavaş-yavaş bir nəsildən sonra onun
problemlərini görəcəyik. Sonsuzluq, təəssüflər olsun ki,
Azərbaycanda da artmaqdadır. Üstəgəl, gənclərin cinsi tərbiyəsi çox
vacib məsələdir. Yeni qurulan ailələrin dağılmasının 15 faizə qədər
səbəbi sonsuzluqla bağlıdır. Bunun həlli üçün “Repreduktiv
sağlamlıq haqqında” qanun qəbul olunmalıdır. Bir çox ölkələrdə bu
qanun var. Biz də bu layihəni hazırladıq. Milli Məclisdə bunu geniş
müzakirə etdik. O zaman çox ciddi problemlə üzləşdik. Orada
“surroqat ana” məsələsi vardı, onu ümumi razılaşıb oradan çıxardıq.
Digər məsələ cinsi hüceyrə donorluğu ilə bağlıdır. Bu məsələnin də
hələlik həll yolunu tapa bilməmişik. Bəzi deputatlarımız
söyləyirlər ki, bu, İslam dininin qanunlarına uyğun deyil. Cinsi
hüceyrə donorundan doğulanlar guya ki, sonra bacı-qardaş ola
bilərlər. O, çox ciddi arqument deyil. Hər halda deyirlər ki. biz
müsəlman ölkəsiyik, İslam dini bunu qəbul etmir. Qafqaz
Müsəlmanları İdarəsinin bununla bağlı çox sərt mövqeyi var. Hətta
parlamentə məktub göndəriblər. Şeyxin özü müdrik adamdır,
üstüörtülü şəkildə deyib ki, bizə uyğun deyil. Layihənin
müəlliflərindən biri mən olsam da, onu anlayıram. Amma eyni zamanda
başqa bir məsələ də var. Əks arqument kimi söyləyirəm ki.
birincisi, Azərbaycan əhalisinin hamısı inanclı deyil, üstəgəl,
əhalinin hamısı müsəlman deyil. Üçüncüsü, bu qanun heç kəsi məcbur
etmir ki, reproduktiv texnologiya tətbiq elə, dünyaya uşaq gətir.
Seçim ailəyə verilməlidir. Bu, iki nəfərin - ər-arvadın
problemidir. O problemin həllinə nə elm, nə siyasət, nə də din
qarışmalıdır. İnsan haqqı hər bir haqdan üstün tutulmalıdır. Əgər
donorluğa 100 nəfərin də ehtiyacı varsa, sənin vətəndaşının
problemidir. Sən o qanunla ona baryer yaratmalı deyilsən, o
problemin həllinə imkan yaratmalısan.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad
Teleqraf.com
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK