Kərkük Kültür Dərnəyinin rəhbəri Qənirə Paşayeva ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Kərkük Kültür Dərnəyinin rəhbəri Qənirə Paşayeva ilə görüşüb

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva “Azərbaycandan Anadoluya könül körpüsü” layihəsi tədbirləri iştirak etməkçün ölkəmizdə səfərdə olan İraq türkmanlarının tanınmış nümayəndəsi, Kərkük Kültür Dərnəyinin rəhbəri, araşdırmaçı-yazar Şəmsəddin Kuzəçi ilə görüşmüş, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilmişdir.

Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər, o cümlədən Ş.Kuzəçinin də iştirakçısı olduğu son layihə barədə danışan millət vəkili bu tip layihələrin, görüşlərin xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdırdığını, qardaşları isə daha da doğma qıldığını deyib.

O, qeyd edib ki, “...İraq, özəlliklə, İraqlı soydşalarımız, bizim “İraqlı azərbaycanlılar” dediyimiz türkmanlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Özəlliklə, son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkman qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Evlərini tərk etmək məcburiyyətində qalan qardaş-bacılarımız da bizi ciddi narahat edir. Biz İraq mərkəzi hakimiyyət orqanlarının hər bir İraq vətəndaşı kimi, türkmanların haqq və hüquqlarını müdafiə etməyə borclu olduğunu, bununçün beynəlxalq güclərin, İraqa qonşu ölkələrin, Türk Dünyasının da mənəvi məsuliyyət daşıdığını bilirik və daha böyük faciələr yaşanmadan vəziyyət nəzarət altına alına biləcəyinə ümid edirik. Hər zaman İraq türkmanları qardaşlarımızın yanındayıq və bütün Türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq. ”

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva Ümummilli lider Heydər Əliyevin Azərbaycanın və Kərküklü soydaşlarımızın bir bütünün parçaları olması ilə bağlı düşüncələrini xatırladaraq, dövlətimizin, xalqımızın İraqlı və bütövlükdə dünya azərbaycanlıları ilə bağlı məsələlərə həssasılıqla yanaşdığını vurğuladı.

Şəmsəddin Kuzəci millət vəkilinə qəbul üçün təşəkkür edərək, İraqda son vəziyyət, türkmanların gərgin günlər yaşaması və hazırda baş verən hadisələr, qətlə yetirilən, evindən köçkün düşməyə məcbur qalan türkman ailələr barədə, getdikcə daha da artan narahatlıqlar barədə danışan Şəmsəddin Kuzəçi Türk dünyasının, Türk dövlət və toplumlarının İraq türkmanlarına bu narahat günlərdə dəstək, diqqət və qayğısını daha da artıracağını gözlədiklərini və buna çağırdıqlarını deyib. O, bildirib ki, İraq türkmanlarının həm birbaşa dəstəyə həm də onların səsinin beynəlxalq ictimaiyyətə, təşkilatlara daha geniş və ciddi şəkildə duyurulması istiqamətində dəstəyə ehtiyacı var və bütün dünyadan özəlliklə də qardaş Türk dünyasından bu istiqamətdə səyləri daha da gücləndirmələrini gözləyirlər.

Azərbaycanın hər zaman İraq türkmanlarına böyük diqqət göstərdiyini deyən Kərkük Kültür dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi Azərbaycanla İraq türkmanları arasında humanitar istiqamətdə layihələrin də daha da artmasının önəmi barədə fikir və təkliflərini də bildirib. Millət vəkili Qənirə Paşayevanın rəhbəri olduğu Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə Kərkük Kültür dərnəyi arasında əməkdaşlıq və həyata keçirilən layihələrin önəmini xüsusi vurğulayan Şəmsəddin Kuzəçi yeni bəzi layihə və təkliflərlə çıxış edib və onlar ətrafında müzakirələr aparılıb. Mİllət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin rəhbəri Qənirə Paşayeva Azərbaycanın hər zaman Türk dünyası, İraq türkmanları ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, Türk dünyası, Türk dövlət və toplumlarının İraq türkmanlarına dəstəyi artıracaqlarına ümid etdiyi bildirib və bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyərək onların da dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb.

Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun rəhbəri Qənirə Paşayeva Kərkük Kültür dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçiyə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib. Şəmsəddin Kuzəçi də öz növbəsində millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayevaya İraq türkmanlarının tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı material, kitab və filmlərlə yanaşı İraq Türkmanlarının bayrağını da hədiyyə edib. Bayrağı öpən millət vəkili Qənirə Paşayeva bu hədiyyəni indiyədək aldığı ən dəyərli hədiyyələrdən hesab etdiyini deyərək təşəkkür edib və bundan sonra əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm