Ölümlə oynayan uşaqlar – REPORTAJ – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ölümlə oynayan uşaqlar – REPORTAJ – FOTOLAR

Oyuncaq uşaqların gündəlik həyatının ayrılmaz parçasıdır. Uşaqların çoxu öz vaxtını sevimli oyuncaqları ilə keçirir. Körpələrin ən xoşbəxt anı isə valideynlərinin onlara sevdiyi oyuncaqları bağışladıqları andır.

Bakını Çindən gətirilən və özü ilə uşaqlarda xəstəlik yaradan oyuncaqlar bürüyüb. Araşdırmalar zamanı oyuncaqların tərkibində psixotrop maddələr aşkarlanıb. İnkişaf etmiş ölkələr bu məsələ ilə mübarizəyə çoxdan başlayıb. Avropa Birliyi ölkələri, Rusiya, ABŞ Çindən idxal olunan oyuncaqları bazarlarından yığışdırıblar. Çünki şüurlu şəkildə dərk edirlər ki, bu oyuncaqlarda uşağın huşunu itirməsinə səbəb olan psixotrop maddələr var.

Araşdırmalar zamanı həmçinin müəyyən olunub ki, Çin istehsalı olan oyuncaqların istehsalında istifadə olunan zəhərli maddələr sonsuzluğa, xərçəngə səbəb olur, dəri xəstəlikləri və leykoz riskini artırır. Çin hökuməti bu hallara qarşı mübarizəni gücləndirib və yüzlərlə yerli fabrikə oyuncaq ixrac etməyi qadağan edib. Problem təkcə Çin mallarında deyil. Azərbaycan bazarında Çin istehsalı olan oyuncaqlarla yanaşı, mənşəyi naməlum olan keyfiyyətsiz, zərərli oyuncaqlar kifayət qədərdir.

Nazirlər Kabinetinin qərarına əsasən, xarici ölkədən gətirilən oyuncaqların sertifikasiyadan keçməsi vacibdir. Yəni oyuncaqlar bazara daxil olmazdan əvvəl keyfiyyət sertifikatı almalıdır.

Lakin şəhərimizdə yerləşən iki-üç uşaq oyuncaq dükanına yaxınlaşmaq kifayət edər ki, sertifikat söhbətinin mənasız olduğunu görəsiniz. Oyuncaqların təhlükəsizliyi təmin edilməlidir. Oyuncaqlar uşaqların həyatlarının ayrılmaz hissəsi olduğundan onların keyfiyyətli olması vacibdir.

Bəs görəsən, oyuncaqların uşaqlara nə kimi təsiri var? Biz də Publika.az olaraq yaranan sual ətrafında araşdırma apardıq. İlk yaxınlaşdığımız oyuncaq dükanında hər yaşa uyğun oyuncaq növü satışda var idi. Oyuncaqların qiymətləri ucuz və bahalılığına görə dəyişirdi. Ancaq istər bahalı, istərsə də ucuz oyuncaqların üstündə ya Çin, ya da İran istehsalı olduğu qeyd olunmuşdu. Satışda qablaşdırılmamış gəlinciklər də var idi ki, bu gəlinciklərin harada istehsal edildiyi bəlli deyildi. Üstəlik, həmin oyuncaqların keyfiyyəti çox aşağı idi. Satıcıların dediklərinə görə, valideynlər daha çox uşaqların istəklərinə və qiymətə görə oyuncaq alır.

Digər mağazada isə oyuncaqlar küçədə karton qutuların üzərinə düzülərək satılırdı. Topların, demək olar ki, hamısı Çin istehsalı idi. Hətta köpüklü şar üfürən oyuncaq belə Çində istehsal olunmuşdu. İçindəki maye isə, demək olar ki, yarıya qədər yox idi. Satıcı deyir ki, bahalı oyuncaq alan yoxdur. Bahalı oyuncaqlar iri ticarət şəbəkələrində yüksək qiymətə satılır:

“Hər kəs cibinə görə hərəkət edir. Bəzi valideynlər var ki, oyuncağın nədən hazırlandığına fikir vermir. Əsas fikirləri odur ki, uşaq ağlamasın. Bir sözlə, uşağı yola versin”.

Paytaxtın mərkəzi küçələrində fəaliyyət göstərən “HUGS” oyuncaq mağazasına da baş çəkdik. Mağazadakı satılan oyuncaqlar bundan əvvəlki araşdırma apardığımız mağazaların oyuncaqlarından keyfiyyətli idi. “HUGS” mağazasının satıcısı ilə söhbətləşən zaman məlum oldu ki, satılan oyuncaqların bəzilərinin sertifikatı yoxdu:

“Satılan oyuncaqların əksəriyyəti Çin istehsalı olsa da, bu oyuncaqlar keyfiyyətli və təhlükəsizdir. Bizim mağazada satılan oyuncaqlar fabrik mallarıdır. Mağazada alış-veriş edən insanlar bizdən sertifikat tələb etmir. Çünki satılan oyuncaqların keyfiyyətini gözlə görmək olar.”

Oyuncaqlara kim nəzarət edir?

Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı mütəmadi olaraq uşaq oyuncaqları ilə bağlı monitorinqlərin aparıldığını bildirib:

“Uşaq oyuncaqları komitənin müvafiq akkreditasiya olunmuş sertifikatlaşdırma orqanlarında yoxlanılır, oyuncaqların təhlükəsizliyi, tərkibi və keyfiyyətinə nəzarət edilir. Ümumiyyətlə, bazara çıxarılan oyuncaq mütləq sertifikatlaşdırılmalıdır. Təəssüf ki, bəzi idxalçılar bundan yayınırlar. Qanunauyğunsuzluq aşkar olduqda isə Komitə tərəfindən tədbirlər görülür”.

“Sertifikatsız oyuncaqlardan çəkinin”

Azərbaycanda oyuncaq istehsalı yoxdur. Satılan yararsız oyuncaqların bir çoxu isə Çində istehsal olunan oyuncaqlardır. Ancaq bu o demək deyil ki, Çində istehsal olunan oyuncaqların hamısı keyfiyyətsizdir. İdxal olunan oyuncaqlarda qanun pozuntusu aşkarlandıqda İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manat cərimə olunur. Komitə rəsmisi valideynlərə sertifikatsız oyuncaq almaqdan çəkinməyi tövsiyə edir.

Oyuncaqların keyfiyyətini necə yoxlayaq?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan bazarında uşaq oyuncaqlarının vəziyyəti acınacaqlıdır. Buna səbəb isə uşaq oyuncaqları ilə bağlı Azərbaycanda aparılan monitorinqlərin qənaətedici olmamasıdır:

“Nazirlər Kabinetinin 343 saylı qərarına görə, uşaq oyuncaqları Azərbaycan bazarına daxil olmazdan öncə sertifikatlaşdırılmalıdır. Uşaq oyuncağı alan zaman mağazadan onun gigiyenik və məişət sertifikatını tələb etmək lazımdır. Oyuncaqların təhlükəsizliyi təmin edilməlidir.

Çünki keyfiyyətsiz oyuncaqla təmas zamanı uşaqlarda ağır metallarla zəhərlənə və autizm xəstəliyi əmələ gələ bilər. Plastmas qoxusu gələn mağazadan oyuncaq almaq təhlükəlidir. Ağ yaş tənziflə oyuncağı silərkən rəng çıxırsa, bu oyuncağı uşağa vermək olmaz”.

“Oyuncaqlar tullantılardan və zibillərdən hazırlanır”

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov hesab edir ki, bu gün Azərbaycanda oyuncaq tələbatını xaricdən idxal olunan oyuncaqlar ödəyir. Buna səbəb isə idxal olunan oyuncaqların qiymətinin aşağı olmasıdır:

“Uşaq oyuncaqları bir sıra Asiya ölkələrindən Azərbaycana idxal olunur və bu oyuncaqların bir qismi uşaqlar üçün təhlükəlidir. Oyuncaq ucuz başa gəlsin deyə tullantılardan və zibildən istehsal edilir”.

Azərbaycanda oyuncaq istehsalı mümkündürmü?

İqtisadçı ekspert yerli istehsalın təşkil edilməsinin vacibliyini vurğulayaraq bildirir ki, oyuncaq istehsalı üçün Azərbaycanda bütün imkanlar var:

“Yerli istehsal ona görə vacibdir ki, daha keyfiyyətli və zərərsiz oyuncaq istehsal etməklə ölkədəki tələbat ödənilsin. Nəzərə alsaq ki, oyuncaq istehsalı o qədər də texnoloji avadanlıq tələb edən istehsal sektoru deyil. Bu gün istehsal edən avadanlıqlar da bahalı deyil. Azərbaycanda oyuncaq istehsalı üçün həm iqtisadi baza var, həm də texniki baza var. Sadəcə, dövlətin oyuncaq istehsalının stimullaşdırılması ilə bağlı fəaliyyət həyata keçirməsi vacibdir. Sahibkarlığa Yardım Fondunun verdiyi güzəştli kreditlərə oyuncaq istehsal edən müəssisələrin də daxil edilməsi məqsədəuyğundur. Çünki bu, birmənalı şəkildə müəssisələrin oyuncaq istehsalının stimullaşdırılmasına gətirib çıxaracaq”.

Uşaqların davranışlarına təsir edən oyuncaq…

Uşaq psixoloqu Narınc Rüstəmova düşünür ki, bir çox oyuncaqlar oyun fonuna aid deyil:

“Belə oyuncaqlara mozaikalar, kubiklər, mətbəx dəsti və digər oyuncaqlar aiddir. Məsələn, mozaika uşaqların erkən analiz etməsinə təsir edir. Mətbəx dəstindən istifadə etmək isə uşaqlara əşyaları – qaşığı, stəkanı düzgün işlətməyi öyrədir”.

Psixoloq misal çəkərək bildirdi ki, “Ben 10” cizgi filminə baxan azyaşlı uşaqlara filmin qəhrəmanına aid olan oyuncaqların alınması düzgün deyil:

“5 yaşına qədər uşaqlarda mücərrəd və konkretlik anlayışı inkişaf etmədiyindən, onlar gerçək həyatla xəyal dünyasını qarışdırırlar. Həmin cizgi qəhrəmanının istifadə etdiyi əşyanı ona oyuncaq kimi aldıqda uşaqlar elə zənn edirlər ki, qəhrəman kimi uçacaq. Bu isə uşaqlarda təxəyyülün yalnış formalaşmasına gətirib çıxarır. Bu məsələdə valideynlərin diqqətli olması və uşaqları, nə qədər istəsələr belə, bu oyuncaqlardan uzaq tutması lazımdır. 10 yaşa qədər bu tip oyuncaqlar uşaqlar üçün təhlükəli sayılır. Digər məsələ isə cizgi filmin qəhrəmanlarının uşaqlara mənfi təsiridir. Məsələn, “Tom və Cerri” cizgi filmində pişiyin başı bir yerdə kəsilib ayrılır, daha sonra birləşir. Məhz bu tip cizgi filmlərindən və bu filmlərin qəhrəmanlarına aid olan oyuncaqlardan uşaqlar qorunmalıdır. Virtual uşaq oyunlarına da valideynlər tərəfindən nəzarət olunmalıdır. Çünki ən böyük təhlükə azyaşlı uşaqların bu tip oyunlardan asılı qalması və virtual aləmdən çıxa bilməməsidir”.

Keyfiyyətsiz oyuncaqlar hansı xəstəliklərə səbəb ola bilər?

Mərkəzi Klinik Xəstəxananın uşaq həkimi Sevinc Abdullayeva təhlükəli oyuncaqların yarada biləcəyi fəsadlarından danışıb:

“Oyuncaqların üzərində “CE” yazılan etiket var ki, bu etiket bütün dünyada oyuncaqların keyfiyyətini göstərən standartdır. Valideynlərə məsləhətimiz budur ki, üzərində “CE” nişanı olmayan oyuncaqları almasınlar. Tərkibində propilen maddəsi olan oyuncaqlar təhlükəlidir. Həm uşaqda allergiyaya səbəb olur, həm də zəhərlənmə verə bilir. Uşaqları oyuncaqları ağızlarına aldıqları üçün ağız yolundan tənəffüs sisteminə zərərli təsir göstərə bilir”.

“Küçələrdən oyuncaq almayın...”

Sevinc Abdullayeva Çin istehsalı olan oyuncaqları təhlükəli hesab edir:

“Küçələrdə satılan, xüsusilə də Çin istehsalı olan ucuz, rəngi çıxan hər hansı bir oyuncağın alınması təhlükəlidir. Zəhərlənmə, mədə-bağırsaq, sinir sisteminin pozulması baxımından bu oyuncaqlar uşaqlar üçün zərərli və təhlükəlidir”.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm