Qəzetlərə “yay təhlükəsi”: Kiminin satmağa yeri, kiminin qəzeti yoxdur
Bizi izləyin

Qırmızı.az

Qəzetlərə “yay təhlükəsi”: Kiminin satmağa yeri, kiminin qəzeti yoxdur

Yay mövsümü başladı. İstilər ölkəyə ərzaq bolluğu gətirsə də, bir çox sahələrdə qıtlıq müşahidə olunur. Bu sahələrdən biri də qəzet satışıdır.

Təcrübə göstərir ki, yay fəslində qəzetlərin tirajında azalmalar müşahidə olunur. İstirahətlərdən tutmuş, gündəmin boşluğuna qədər müxtəlif səbəblərdən irəli gələn bu tendensiya redaksiyalara maliyyə itkilərinə başa gəlir. Təsadüfi deyil ki, bu mövsüm və mövsüm sonrası “qəzetlər sıradan çıxır” mövzusu da gündəmə düşür. Bu arada Türkiyədə “Radikal” qəzetinin çap versiyasını dayandıraraq, bütünlüklə elektron versiyaya keçməsi Azərbaycanın çap mediası üçün bir nümunə, istinad nöqtəsi oldu.
Publika.az yayın istisində gündəmin əsas “isti” mövzusunu araşdırıb.

“Tirajımız var, satmağa yerimiz yoxdur”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, bu gün qəzetlər üçün əsas problem yayın istisi deyil, satış yerlərinin qıtlığıdır. Onun sözlərinə görə, rəhbərlik etdiyi qəzetin tirajı qənaətbəxşdir, lakin satmağa yer tapmırlar: “Sadəcə olaraq, bunu bazar yox, siyasi faktorlar müəyyən edir. Bizim qəzet normalda 12-13 min tirajla çıxmalı idi. Amma 7 min tirajımız var. Çünki satış üçün məkan tapılmır. Satış nöqtələri sıradan çıxarılıb”.


“Elə məsələlər var ki, onlar pul ilə ölçülmür”


R. Arifoğlu qəzetlərin çap versiyasının dayandırma ehtimalını belə dəyərləndirib: “Bu, gündəmimizdə olan məsələdir. Hətta satışa yaradılan problemlərdən sonra yanvar ayında kollektivdən təklif aldım ki, tam olaraq elektron versiyaya keçək. Lakin 25 illik ənənə var və belə bir qəzeti sıradan çıxarmağa mənim haqqım yoxdur. Hələ ki, böyük maliyyə itkisiylə çap olunuruq və bu maliyyə mənim tərəfimdən qarşılanır. Amma elə məsələlər var ki, onlar pul ilə ölçülmür. Özümüzdən asılı olan bütün məsələləri həll edəndən sonra bu mövzuya qayıdacağıq. Əslində, bu, rahatlıq və xərclər baxımından sərfəli olardı. Amma dediyim kimi, hər şey çıxarlar üzərində qurulmur”.

“Gəldiyimiz nəticə belədir ki, azalma 20-25 faiz olur”

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə hesab edir ki, qəzetlərin yay fəslində tirajının aşağı düşməsi tendensiyası artıq 10 ildir ki, yaşanır: “Müşahidələrimə görə, bu il də ənənə pozulmayacaq. Amma təcrübə göstərir ki, oktyabr ayında əvvəlki temp yenidən qayıdacaq”.
Baş redaktor qeyd edib ki, yayda azalma 25 faizə qədər olur.
“2009-2013-cü illərdə biz redaksiyamızda yay fəslinin monitorinqini aparmışıq. Gəldiyimiz nəticə belədir ki, azalma 20-25 faiz olur”,– deyə o bildirib.

“Qəzet çapının dayandırılması bir çox biznesin çökməsi deməkdir”

Qəzetlərin çap versiyasının ümumiyyətlə ləğvinə gəldikdə isə, A. Quliyev bildirib ki, bunun üçün real şərait lazımdır: “Bunu arzulamaq olar, amma şəraitin buna imkan verməsi lazımdır. Çünki qəzet artıq biznes sahəsinə çevrilib. Burada qəzetin çapından tutmuş, yayımına qədər müxtəlif biznes sahələri var. Onlar ayrı-ayrı olsalar da, ümumilikdə qəzet çapına bağlı olan sahələrdir. Belə bir şəraitdə qəzet çapının ümumiyyətlə dayandırılması bir çox biznesin çökməsi deməkdir”.

Vəziyyətin amerikanca görüntüsü

“Gündəlik Teleqraf” qəzetinin redaktoru Dilqəm Əhməd məsələ ilə bağlı Amerika təcrübəsini paylaşıb.

“Mən ABŞ səfirliyinin proqramı ilə sosial media ilə bağlı bu ölkədə 3 həftəlik təlimdə oldum. Orada biz şəhər səviyyəli bir neçə qəzetdə, həmçinin internet portallarında olduq. Oradakı mütəxəssislər ənənəvi, yəni çap medianın artıq nüfuzdan düşdüyünü, tirajının azaldığını dedilər. Üstəlik, bu azalma jurnalistlərin işdən çıxarılmasına da səbəb olub. “Vaşinqton post” kimi iri qəzetlərdə də bu hal yaşanıb. Ona görə də qəzetlər “online” versiyaya sürətli şəkildə keçiblər və “online” formanı gücləndirirlər. Amma təbii ki, qəzetlər hələ qarşıdakı onilliklərdə davam edəcək. Mən orada olanda, elə bu qaldırdığınız məsələni onlardan tez-tez soruşurdum. Ümumi cavab belə idi ki, əgər qəzet satışından maliyyə gəlirsə, hələ ki dayandırmağa ehtiyac yoxdur, amma “online” versiyanı da gücləndirin. Ölkədəki qəzetlərin durumunu bilirsiniz, 10-15 il əvvəlki tiraj indi yoxdur. Çünki informasiya oxucunun cibindəki telefona qədər gəlir və oxucu hər bir şeyi sosial mediadan da əldə edir. Ona görə də onun əlavə yük kimi qəzet almasına ehtiyac olmur. Bu gün əksəriyyətin telefonu, tableti var. İnternetin də qiyməti endiyi üçün hər hansı problem yaşanmır. Amma nəzərə alaq ki, yaşlı nəsil və xəbəri qəzetdən oxumağa alışıq olan insanlar da çoxluq təşkil edir. Bu kütlə olduğu təqdirdə qəzetlərin satışı dayanmayacaq. Konkret bizim qəzetə gəldikdə isə, təbii olaraq, yayda abunəçilirimizin sayında dəyişiklik olmayacaq, onlar yenə də qəzetlərini oxuyacaqlar. Digərləri isə köşklərdən qəzetimizi alacaqlar. Yəni qəzeti dayandırmaq kimi bir düşüncəmiz yoxdur, əksinə gücləndirməklə bağlı planlarımız var. “Radikal”a gəldikdə isə, əvvəl-axır Türkiyənin iri qəzetləri qarşısında tab gətirə bilməyəcəkdi”,– deyə redaktor vəziyyəti belə qiymətləndirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm