Dövlət qulluqçularının 10%-i DSMF-də çalışır
Bizi izləyin

Qırmızı.az

Dövlət qulluqçularının 10%-i DSMF-də çalışır

Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 250 yer üçün aprelin 1-dək 790 nəfər ərizə ilə müraciət edib. Həmin vakant yerlər üzrə iştirakçılardan müsabiqənin test mərhələsində 231 nəfər uğur qazanıb və onlar seçimin 2-ci mərhələsi olan müsahibə mərhələsində iştirak edəcəklər.

Publika.az-ın məlumatına görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev bildirib.

DSMF sədri qeyd edib ki, Azərbaycanın ümummili lideri Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ilin iyul ayında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi nəticəsində dövlət qulluğu sahəsində vahid sistemin formalaşdırılmasının əsası qoyulub. Ötən dövrdə prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb.

Ölkə üzrə dövlət qulluqçularının 10 faizinin Dövlət Sosial Müdafiə Fondunda çalışdığını və onların arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayan E. Mehdiyev diqqətə çatdırıb ki, DSMF 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 1918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlmiş və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub və artıq doqquzuncu ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə dövlət qulluğunda və əhalinin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə DSMF-nin 4 əməkdaşı “Tərəqqi” medalı ilə, 16 əməkdaşı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm