Paytaxtda tozun miqdarı normadan 2 dəfə çoxdur
Bizi izləyin

Qırmızı.az

Paytaxtda tozun miqdarı normadan 2 dəfə çoxdur

Son iki gün ərzində Bakıda atmosfer havasında tozun miqdarı 1.6-2 dəfə artıq olub. Normalda bir kub metr havada 0.5 milli qram olmalıdır, indi isə bu, 1 milli qramdır. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentində mərkəz rəisi Elcan Yunuszadə məlumat verib.

E.Yunuszadənin məlumatına görə, havada tozun miqdarının çox olması küləkli hava şəraiti ilə əlaqədardır:

“Bakı şəhərində 9 müşahidə məntəqəsindən gündə 3 dəfə atmosfer havasının çirklənməsi üzrə monitorinq həyata keçirilir. Həmin ölçmələrə əsasən, ən çox tozluluq paytaxtın Sabunçu məntəqəsində qeydə alınıb”.

Onun sözlərinə görə, tikinti işləri daha çox paytaxtda aparıldığına görə, tozluluğun miqdarı Bakıda daha yüksəkdir:

“Havada tozun miqdarının normadan artıq olması aparılan tikinti işləri ilə əlaqədardır. Küləkli havalarda bu miqdar daha da artır. Əvvəllər tikinti şirkətləri küləkli havalarda binanın ətrafına qoruyucu örtüklər çəkirdilər. İndi çox az tikinti şirkəti buna əməl edir. Örtük olmadığına görə, külək tozları dağıdır”.

Nazirlik rəsmisinin sözlərinə görə, tozun miqdarının normadan çox olması insanların səhhətinə təsir edir.

Xatırladaq ki, son iki gün ərzində ölkə ərazisində küləkli hava şəraiti müşahidə edilir. Bu cür hava şəraitinin iyunun 25-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm