Davos fəthindən-Barıtlı Qarabağa-HƏFTƏNİN SİYASİ MƏNZƏRƏSİ
Bizi izləyin

Qırmızı.az

Davos fəthindən-Barıtlı Qarabağa-HƏFTƏNİN SİYASİ MƏNZƏRƏSİ

Fəth olunmuş qala – DAVOS

Ölkədə iqtisadiyyatın bütün sahələrini ən müasir tələblərə uyğun formada inkişaf etdirməyi qarşısına məqsəd qoyan Azərbaycan hökuməti xalqın rifahı, dövlətin daha da güclənməsi üçün davamlı səylər göstərir.

Bu mənada Dünya İqtisadi Forumunda – Davosda hər dəfə Azərbaycan Prezident səviyyəsində təmsil olunur. Bu ölkəyə olan investisiya marağını daha da artırır, ölkənin etibarlılığını təmin edir.

Keçirilən növəti Forumda Azərbaycanı Prezident cənab İlham Əliyev təmsil etməklə, yenidən diqqəti ölkəmizə yönəltdi. Bu forumda ən çox maraq doğuran Azərbaycanın həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri oldu.

Ekspertlərin, biznes adamlarının verdiyi suallara əmin cavablar verməklə Prezident ən kiçik investisiyanın belə ölkəmizdən yan keçməsinə imkan vermədi.

Azərbaycan Davosda ilk təmsil olunan ildə indiyə kimi iqtisadi sahədə sonsuz sayda uğurlar qazanıb, bu hal dövlətin xarici siyasətinin uğuruna, ölkə əhalisinin rifah halının yüksəlməsinə, Azərbaycana marağın daha da artmasına zəmin yaradıb. Forum çərçivəsində keçirilən rəsmi görüşlər Azərbaycan dövlətinin ikitərəfli qarşılıqlı əməkdaşlıq siyasətinin göstəricisi, Azərbaycanın nüfuzuna işləyən amildir. Davos – ölkəmizə qazandırdığı iqtisadi və siyasi uğurları ilə Prezident cənab İlham Əliyev tərəfindən fəth edilən qaladır.

Barıt ətrli həftə

Bu həftə elə ilk günlərindən barıt qoxudu. Ermənistanın silahlı birləşmələri qeyri-erməni dilində aldığı əmrlərlə Azərbaycan ordusunun üzbəüz mövqelərini, həmçinin təmas xəttinə yaxın olan yaşayış yerlərini müxtəlif çaplı silahlardan atəşə tutdular. Həmişə müşahidə edilən haldan fərqli olaraq bu dəfə atəşkəs davamlı şəkildə və uzunmüddətli pozuldu. Ermənistan hərbi birləşmələrinin təxribatçı qruplarının hücumunun qarşısı alındı, Azərbaycan bir zabitini, düşmən isə onlarla əsgər və zabitini itirdi. Bu məsələ Azərbaycanda həftənin siyasi mənzərəsinə çaxılan güllə oldu. Cəbhədəki gərginlik hər kəsin qəbində olan vətənpərvərlik duyğusunun az da olsa oyanmasına səbəb oldu. Dövlətin həyata keçirdiyi siyasətin vacib tərkib hissəsi olan ordu quruculuğu bu günlərdə özünü bütün tərəfləri ilə doğrultduğunu isbatladı. Xarici İşlər Nazirlərinin baş tutan görüşləri də silahların susmasına təsir etmədi.

Amerikadan səsləniş

Ermənistan ordusunun təxribatı nəticəsində başlanan bu gərginlik Amerika Dövlət Departamentində də narahatlıq doğurub. Özünün dünyada demokratiya istehsalçısı və istehlakçısı, insan hüquqlarının müdafiəçisi, canım sənə desin, ədalətsizliklərlə dolu dünyanın ədalət çırağı Amerika bu gərginlikdən narahat olduğunu ifadə edir və tərəfləri silahları susdurmağa çağırır. Digər tərəfdən isə ermənipərəst senatorlar yenə də ağıllarına deyil, ağızlarına gələn iddialar ortaya qoyurlar.

ATƏT-in Minski qrupunda təmsil olunan bir dövlətin 20 il ərzində həmsədri dəyişməkdən başqa bir işi olmayıb.

Böyük Turan, kiçik turan...

Hər il Azərbaycan haqqında bir neçə əsassız bəyanatlar verən, ən “mötəbər” mənbəsi bu gün bir-birinə dişinin dibindən çıxanı deyən “Azadlıq” və “Yeni Müsavat” qəzetləri, Azərbaycanda hər şeyin qara rəngdə olduğunu iddia edən “Azadlıq” radiosu olan “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı bu dəfə də Azərbaycanı qeyri-azad ölkələr sırasında yerləşdirdi.

Bu xəbərin heç aktuallığı itməmiş görün ortaya nə çıxdı - “Freedom House”un Azərbaycanı Misirə, Suriyaya və hazırki Ukraynaya döndərmək planı. Bu plan kimlə qurulur - sapı özümüzdən olan balta, Milli Şuranın üzvü, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynovla.

Ukraynadan dünyaya inqilab saçmaq niyyəti olan birinin “Freedom House”un maliyyə və ATƏT-in ideoloji dəstəyi ilə Azərbaycana külli miqdarda qrantlar ayıraraq “demokratik inqilaba kömək” məqsədilə inqilab etmək istəyi ifşa olunur. Türk dünyasında müqəddəs ad olan “Turan”ın arxasında gizlənməklə və Azərbaycana böyük nifrət və qərəzi olan bir təşkilatın dəstəyi ilə bu insanlar nəyə nail olmaq istəyirlər? Şəhid qanları bahasına müstəqil olan, bu gün dünyada öz layiqli yerinə qətiyyətli addımlarla yüksəlməkdə olan Azərbaycana qıymaqmı keçir könüllərindən. Ax sizi, xainlər...

Cəmil Həsənlinin arzulamadığı

Uzun illərin “liderləri” özlərinə yeni lider seçərək əlinə ən böyük bayrağı verərək meydana çıxardıqları, mitinqlərdə söz sözyləməyə imkan vermədikləri, Milli Şuranın fəxrsiz, sadəcə sədri Cəmil Həsənli AXCP və Müsavat partiyasının bugünkü halını heç arzulamırdı. Amma digərlərinin belə bir arzusuna qol-qanad verən elə Əli Kərimli ilə İsa Qəmbər özü oldu.

“Azadlıq” qəzetinin İsa Qəmbərin əlehinə və “Yeni Müsavat” qəzetinə qarşı yazılarının arxasında nə boyda Əli Kərimli boylanırsa, “Yeni Müsavat” qəzetinin də qarşı tərəfə ünvanladığı yazıların arxasında bir az balaca İsa Qəmbər boylanır.

“Yeni Müsavat” qəzeti “Əli Kərimliyə salam verməyəcəyəm”, “Əli Kərimlini şiddətlə qınayıram” , “Elçibəyə xəyanət etmisən” və sair bu kimi iddialarla Əli Kərimlinin ömrünü qısaltmaq, qəzetin ömrünü uzatmaq istəyir.

Son günlərdə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin səhifələrində maraqlı bir bölmə də oxucuların ixtiyarına verilib – bu iki qəzet bir-birinin ötən gün çap edilən nömrələrini təhlil etməklə məşğuldurlar. Əslində bu işlərini müxalifətin 20 illik uğursuzluq səbəbini araşdırmağa həsr etsəydilər, təmsil etdikləri düşərgə üçün daha faydalı ola bilərdilər. Görünür heç bir qəzetin belə bir faydada bulunmaq niyyəti yoxdur.

ELlilərin hampası

EL hərəkatının üzvləri Milli Şuranın damından özlərini bir-bir ataraq nəhayət bir yerə toplana bildilər. ELdar Namazovun sədrliyi ilə keçirilən iclasda qərara alındı ki, bir halda hamınız gəlib çıxmısınız, elə gəlin, qurultay keçirək. Bunun üçün hətta Təşkilat Komitəsi də yaratdırlar, sədr filan da seçdilər.

İctimai Palata kimi nəhayətdə yiyəsiz bir quruma çevrilməsi şübhə doğurmayan EL hərəkatı üzvləri sədrlərinin xaricə planlaşdırılan səfərlərindən xeyli sevincək oldular və qyri-müəyyən müddətə qədər dağılışdılar - həftəni sonlandırdılar.

Həftənin sitatı: “Qarşımızda Avropa Birliyi, yoxsa Gömrük İttifaqı seçimi yoxdur.” İlham Əliyev

Sərraf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm