Rumıniya - SOCAR və Avropa arasında önəmli körpü
Bizi izləyin

Qırmızı.az

Rumıniya - SOCAR və Avropa arasında önəmli körpü

Rumıniya - SOCAR və Avropa arasında önəmli körpü

– ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyi hansı məqsədlə yaradılıb? Şirkətin Şərqi Avropa bazarlarına çıxışında hansı strateji xətt əsas götürülür?

– Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab Prezident İlham Əliyevin uğurla reallaşdırdığı ölkəmizin iqtisadi inkişaf modelinin özəyini təşkil edən “Əsrin müqaviləsi” öz müstəsna tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müdriklik və uzaqgörənliklə uğurlu gələcəyə hesablanan, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi və məhsulun pay bölgüsü əsasında hazırlanan bu tarixi müqavilə 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 iri neft şirkəti arasında imzalanmışdır. Tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş bu saziş Odlar yurdu, qədim neft-qaz ölkəsi olan Azərbaycana əvvəlki şan-şöhrətini qaytarmış, bugünkü müstəqilliyimizin qarantı olan yeni neft strategiyasının əsasını təşkil etmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və onun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən bu neft strategiyası Azərbaycanın uzunmüddətli, davamlı inkişafına təkan verdi, yeni dövrdə ölkəmizin enerji sektorunda dirçəlişin başlanğıcını qoydu. Qalibiyyətli neft strategiyası təkcə dünya bazarının yüksəkkeyfiyyətli neftlə təminatına deyil, eyni zamanda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın makroiqtisadi dirçəlişinə zəmin yaratmış, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşımışdır. 12 oktyabr 2010-cu il tarixində cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimindəki çıxışında bildirmişdir: “Bu gün Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan beynəlxalq səviyyəli şirkətdir. Məqsədimiz məhz ondan ibarətdir ki, SOCAR – Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın”. Bu gün fəxrlə deyə bilərik ki, SOCAR artıq Cənubi Qafqaz regionunun ən iri və aparıcı şirkəti olmaqla yanaşı, ölkə hüdudlarından kənarda həyata keçirilən bir çox beynəlxalq layihələrin müəllifidir və bu layihələrin uğurlu icrasına nail olmuşdur.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını yaxından hiss edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inamlı inkişaf yolu ilə irəliləməkdədir. Son illər ARDNŞ-nin təsisçiliyi ilə birgə müəssisələr, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və treydinq ofisləri yaradılmış, 10-dan çox nümayəndəlik açılmışdır. SOCAR-ın Rumıniya nümayəndəliyi də 2007-ci ildə ARDNŞ-nın prezidenti Rövnəq Abdullayevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Rumıniya Azərbaycanın karbohidrogen ehtiyatlarının Şərqi və Mərkəzi Avropa, eləcə də Balkan ölkələri bazarına çıxışı üçün körpü rolunu oynayır. Şərqi Avropanın Parisi hesab edilən Buxarestdə nümayəndəliyin açılması zərurəti də məhz bu səbəbdən meydana çıxmışdır. Onu da xatırlatmaq yerinə düşər ki, ildən-ilə Avropa ölkələrinin enerji ehtiyatlarına, xüsusilə “mavi yanacağ”a tələbatı artmaqdadır. Heç kimə sirr deyil ki, Avropa İttifaqının əsas strateji xətti də məhz enerji resurslarının diversifikasiyasıdır. Bu qurum yeni qaz mənbələrinin tapılmasında, boru kəmərlərinin şaxələndirilməsində xüsusilə maraqlıdır. Dünya enerji bazarında etibarlı neft ixracatçısı kimi özünü çoxdan təsdiq etmiş Azərbaycan son illərdə beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olmuşdur. Dövlət başçımızın vurğuladığı kimi: “Bu gün artıq Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yerə malikdir. Azərbaycan bu günə qədər neft ölkəsi kimi tanınmışdır. Bundan sonra bəlkə daha çox qaz ölkəsi kimi də özünü göstərəcəkdir və artıq göstərir”.

– Məlum olduğu kimi, ARDNŞ-nin fəaliyyətində əsas vəzifələrdən biri Azərbaycanda hasil olunan karbohidrogenlərin Avropada satışıdır. Bu məsələlərdə Rumıniya ilə əməkdaşlığın mövcud vəziyyətini və perspektivini necə görürsünüz?

– Bu gün Azərbaycan və Rumıniya arasında mövcud olan strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. Oxucularımız üçün maraqlı olacaq bir tarixi faktı da diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan və Rumıniya arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. 1473-cü ildə Ağqoyunlu dovlətinin başcısı Uzun Həsənlə Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə imzalanması da buna sübutdur. XX əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ölkələrimiz arasında münasibətlər yeni müstəvidə inkişaf etməyə başlamışdır. 1992-ci ildə Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələr qurulmuş və rəsmi Buxarest Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. İkitərəfli münasibətlərin əsası Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci ildə Buxarestə ilk rəsmi səfəri zamanı qoyulmuşdur. Daha sonra prezidentlər İlham Əliyev və Troyan Baseskunun qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına təkan vermişdir. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə 100-dən çox sənəd imzalanmış, əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza yaradılmışdır. Bu gün Azərbaycan Avro-Atlantik məkana uğurla inteqrasiya edir, Avropanın bir sıra təşkilatları ilə əməkdaşlıq əlaqələri qurur, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz töhfəsini verir. Azərbaycan və Rumıniya Xəzər dənizi və Qara dəniz bölgələrini birləşdirən nəqliyyat, enerji (Azərbaycan–Gürcüstan–Rumıniya İnterkonnektor – AGRİ və s.) və iqtisadi layihələri dəstəkləyir. Bilirsiniz ki, 2013-cü ilin iyun ayında Azərbaycan özünün milli maraqlarına əsaslanan neft-qaz strategiyasında daha bir tarixi qərara imza atmışdır. Xəzər dənizinin “Şahdəniz” yatağının ikinci fazasından hasil olunacaq qazın Avropaya birbaşa nəqli üçün Türkiyənin Yunanıstanla sərhədlərindən başlayıb İtaliyayadək uzanan Transadriatik Qaz Kəməri (TAP) seçildi. Beləliklə, Avropa İttifaqının, eləcə də Rumıniyanın dəstəklədiyi “NABUCCO West” kəməri oyundankənar vəziyyətə düşdü. Təbii ki, burada Azərbaycan üçün kommersiya baxımından daha sərfəli, siyasi baxımdan risklərlə qarşılaşmayan nəql marşrutunun seçilməsi daha vacib idi. TAP kəmərinin Azərbaycanla Türkiyə arasında yeni inşa olunacaq TANAP kəməri ilə birləşdirilməsi, 2019-cu ildən etibarən isə Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli ölkəmizin iqtisadi inkişafına yeni təkan verəcək, Azərbaycanın mühüm enerji tərəfdaşı kimi dünyada mövqelərini gücləndirəcək. Lakin o da tez-tez vurğulanır ki, gələcəkdə, Azərbaycanın digər yataq və strukturlarından hasilatın başlanılması ilə Rumıniya ərazisindən keçəcək istər “NABUCCO West”, istərsə də digər alternativ qaz kəmərləri layihələri nəzərdən keçirilə bilər.

– ARDNŞ Rumıniyanın daxili yanacaq bazarında da fəaliyyət göstərirmi? Siz rumıniyalı tərəfdaşlar ilə birlikdə hansı layihələri həyata keçirirsiniz?

– 2007-ci ildən fəaliyyətə başlayan SOCAR Rumıniya nümayəndəliyi ötən müddət ərzində rumın bazarında öz layiqli yerini tutmaqdadır. ARDNŞ öz törəmə müəssisəsi olan “SOCAR Petroleum SA” vasitəsilə hər ay Rumıniyada 15.000 tondan artıq neft məhsullarının satışını həyata keçirməkdədir. Hazırda «SOCAR Petroleum SA» şirkətinin əsas fəaliyyət sahəsinə neft məhsullarının topdan və pərakəndə satışı, “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin və digər neft-qaz infrastrukturlarının tikintisi daxildir. 2011-ci ildən etibarən SOCAR-ın Rumıniya bazarlarında neft məhsullarının topdan və pərakəndə satışına başlaması şirkətimizin reallaşdırdığı növbəti uğurlu layihə olmuşdur. Rumıniya ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin şəbəkəsi isə ilbəil genişlənir. Əlbəttə, açılan yeni məntəqələr yeni iş yerləri deməkdir. Bu məntəqələrdə istehlakçılara yüksək səviyyədə xidmət göstərilir. Başlanğıcda “SOCAR” brendi altında ilk YDM-lər ölkənin şimal-şərq sərhədlərində – Moldova ilə həmsərhəd olan şəhərlərdə açılmışdır. Noyabr ayında ölkənin qərb regionunda – Macarıstanla sərhəddə yerləşən Oradea, şimal regionunda – Ukraynaya gedən Avropa yolu üzərində yerləşən Buzau şəhərində yeni yanacaqdoldurma məntəqələrinin açılması ilə Rumıniya üzrə əhatə coğrafiyamızı genişləndirmişik. Bununla Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 20-yə çatmışdır. Qarşıya qoyulan əsas məqsədlərdən biri də bütün Rumıniyanı əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaqdır. Yaxın zamanlarda paytaxt Buxarestdə də “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək. Ayrılan ərazidə hazırda tikinti işləri davam etdirilir. İstifadəyə verilən YDM-lərdə istehlakçıların “Euro Dizel 95”, “Super Euro Dizel 98”, “Benzin 95” və “Benzin 98” tipli neft məhsulları ilə, mavi qazla təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. YDM-lərdə ənənəvi olaraq “NAR” kafe fəaliyyət göstərir, 24 saat pulsuz internet xidmətləri təqdim edilir. Hazırda “SOCAR Petroleum” tərəfindən “SOCAR Fleet CARD” layihəsi də dövriyyəyə buraxılıb, sürücülər yanacaq doldurarkən müəyyən bonuslar da əldə etmiş olurlar. Nümayəndəliyimiz hər zaman ölkəmizlə bağlı sosial-mədəni tədbirlərin keçirilməsi, ölkə həqiqətlərinin rumın ictimaiyyətinə çatdırılmasına daim dəstək olur. Rumıniya nümayəndəliyi bu ölkədə yaşayan türk və tatar icmalarının aztəminatlı hissəsini də yaddan çıxartmır. İstər bayramlarda, istərsə də digər əlamətdar günlərdə hər zaman onlara yardım edir. Şirkətimiz idman sahəsinə də hər zaman böyük diqqət və qayğı göstərir. Ənənəvi olaraq hər ilin mayında ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində nümayəndəliyin dəstəyi ilə “Heydər Əliyev kuboku” uğrunda futbol turniri təşkil olunur.

SOCAR-ın Rumıniyada, eləcə də Şərqi Avropa ölkələrində uzunmüddətli biznes layihələrini nəzərə alaraq maliyyə, bank, sığorta, marketinq və mühasibat üzrə gənc mütəxəssislərə hər zaman ehtiyacı var. Artıq 2-ci ildir ki, Rumıniyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edilir. Bu məqsədlə Rumıniyanın Dövlət İqtisadiyyat Akademiyası ilə SOCAR-ın Rumıniya nümayəndəliyi arasında memorandum da imzalanıb. Memoranduma əsasən, ötən tədris ilində ali təhsil ocağının ən savadlı, bilikli, təhsildə yüksək nəticələr qazanan, şirkətimizin elan etdiyi müsabiqədə qalib gəlmiş 2 tələbəsinə aylıq 100 avro olmaqla “SOCAR” təqaüdü verilib. Bu il nəzərdə tutmuşuq ki, təqaüd alan tələbələrin sayını 8-ə çatdıraq. Artıq təqaüd proqramı ilə bağlı müsabiqə də elan olunub. Müraciət edənlərin sayı isə durmadan artır. Qaliblər müəyyən olunduqdan sonra 2014-cü il yanvarın 1-dən sentyabrın 31-dək onlara təqaüd veriləcək.

SOCAR-ın Rumıniya nümayəndəliyi mütəmadi olaraq dövlət və hökumət nümayəndələri ilə də görüşlər keçirir, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparır, Rumıniya və qonşu ölkələrdə keçirilən beynəlxalq enerji sammitlərində, neft-qaz konfransları və sərgilərində fəal iştirak edir, bu sahədə ölkəmizin əldə etdiyi nailiyyətlər, qarşıya qoyulan məqsədlər, həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına geniş məlumatlar verilir.

Beynəlxalq qurum kimi fəaliyyətini durmadan genişləndirən ARDNŞ bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri Azərbaycanın ümumi strateji inkişafına zəmin yaradır, enerji sahəsində əməkdaşlıq xalqlar arasında uzunmüddətli münasibətlərin yaranmasına xidmət edir. ARDNŞ-nin Rumıniya nümayəndəliyi də fəaliyyət göstərdiyi müddət ərzində özünü doğrultmuş, ölkə bazarında layiqli yer tutmuş və möhkəmlənmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm