Heydər Əliyevin müəllimi Şəkidə yad edildi
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyevin müəllimi Şəkidə yad edildi

Şəki şəhərindəki “Şəki-Palas” otelinin konfrans zalında tanınmış alim və pedaqoq Səidə İmanzadəyə həsr olunmuş “Nura boyanmış ömür” kitabının təqdimatı keçirilib.

Şəki şəhərindəki “Şəki-Palas” otelinin konfrans zalında tanınmış alim və pedaqoq Səidə İmanzadəyə həsr olunmuş “Nura boyanmış ömür” kitabının təqdimatı keçirilib.

Respublikanın tanınmış elm adamlarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin, Türkiyədən gəlmiş tarixçi alimlərin iştirak etdikləri tədbirdə görkəmli alimin mənalı ömür yolundan, elmi və pedaqoji fəaliyyətindən, qazandığı nailiyyətlərdən geniş bəhs edilib.

Alimin həyat və fəaliyyəti barədə danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov iyirminci yüzillikdə hər cür çətinliklərə, maneələrə, əzab-əziyyətlərə baxmayaraq xalqımızın elm, maarif, ədəbiyyat, incəsənət, bütövlükdə mədəniyyətin inkişafı sahəsində böyük uğurlar qazandığını bildirib. Qeyd olunub ki, ötən əsrdə ürəyi öz xalqını azadlığa, işıqlı gələcəyə qovuşdurmaq arzusu, istəyi, amalı ilə çırpınan müdrik şəxsiyyətlər yetişib. Belə şəxsiyyətlərdən biri də saçlarını maarif işində, xalqımızın tərəqqisi yolunda ağartmış pedaqoq, alim, ictimai xadim Səidə İmanzadə olub.

Diqqətə çatdırılıb ki, insanlara qayğıkeş münasibəti və mehriban siması ilə yaddaşımızda qalan Səidə İmanzadə 1910-cu il dekabrın 29-da Azərbaycanın dilbər guşəsi olan Şəkidə, böyük maarifçilik ənənələrinə, geniş dünya görüşünə malik, təhsil görmüş bir ailədə dünyaya göz açıb. İlk təhsilini Şəkidə alan S. İmanzadə 1924-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən “Qadın nümayəndələri iclası” adlanan təşkilatın fəal üzvlərindən biri olub, burada azərbaycanlı qadınlar arasında maarifləndirmə işi aparıb. S. İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, təhsilini də davam etdirib, 1926-cı ildə Bakıda fəaliyyət göstərən “Türk sənaye məktəbi”nə daxil olub.

Qeyd edilib ki, S. İmanzadə 1934-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsini bitirib, bir müddət orta məktəblərdə müəllim işləyib, direktor vəzifəsinədək yüksəlib. 1946-cı ildən onun fəaliyyəti Azərbaycan Dövlət Universiteti (indiki BDU) ilə bağlı olub.

Bildirilib ki, S. İmanzadə BDU-nun tarix fakültəsinin dekanı olarkən xalqımızın ümummilli lideri Heydər Əliyev bu fakültədə təhsil alıb, onun sevimli tələbəsi olub. Vurğulanıb ki, Səidə İmanzadə bir müəllim kimi xalqın taleyində müstəsna rol oynamış, onun tərəqqisinə geniş üfüqlər açmış, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirmiş Heydər Əliyev kimi tələbəsi ilə daim fəxr edib.

Çıxışının sonunda Yaqub Mahmudov respublikanın qocaman pedaqoqu, alimi və ictimai xadimi, saçlarını maarif işində, xalqımızın tərəqqisi yolunda ağardan, mənalı ömür sürən, nəsillərə nümunə olan Səidə İmanzadənin heç vaxt unudulmayacağını, bütün həyatını gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş bu nəcib insanın parlaq xatirəsinin onu tanıyanların qəlbində əbədi yaşayacağını xüsusi vurğulayıb.

Təqdimat mərasimində “Nura boyanmış ömür” kitabının müəllifi, jurnalist Xeyrulla Ağayev, Türkiyədən gəlmiş elm adamları çıxış edərək S. İmanzadənin gənclərə, elm adamlarına nümunə olan mənalı ömür yolundan, elmi fəaliyyətindən, qazandığı uğurlardan danışıblar.

Səidə İmanzadənin oğlu Mübariz İmanzadə çıxış edərək tədbirin təşkilinə görə Şəki Şəhər İcra Hakimiyyətinə, həmçinin AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudova minnətdarlığını bildirib.

Tədbir bədii proqramla başa çatıb.





AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm