Klinik xəstəxananın yalanlarının üstü açıldı
Bizi izləyin

Qırmızı.az

Klinik xəstəxananın yalanlarının üstü açıldı

“Respublika Klinik Xəstəxanası öz cinayətini ört-basdır etmək üçün böhtan, yalan kimi üsullara əl atır”.

Bunu Axar.az-a Gəncə şəhər Birləşmiş Uşaq Xəstəxanasının həkim-pediatrı Ceyhun Bədəlovun həyat yoldaşı, filoloq-alim Təhminə Bədəlova Respublika Klinik Xəstəxanasının açıqlamalarına aydınlıq gətirərkən deyib:

“Əvvəla, yazırlar ki, xəstə Gəncədən ağır vəziyyətdə gətirilib. Əslində isə Ceyhun Bədəlov Bakı şəhərinə iyunun 1-də gəlmişdi, ayın 4-də imtahan verəcəkdi. Biz ayın 3-də axşam saat təxminən 23 radələrində Qara Qarayev pr., bina 47, mənzil 104-dən Təcili yardıma sifariş vermişik. Bunu yoxlamaq və dəqiqləşdirmək o qədər də çətin deyil”.

Mərhumun həyat yoldaşı xəstəxananın xəstənin vəziyyəti ilə bağlı yaydığı məlumatların tamamilə yalan olduğunu deyir:

“Ceyhun Bədəlov xəstəxanaya ağır vəziyyətdə deyil, 95 qr/ml hemoqlobilinlə, öz ayağı ilə gəlmişdi. Huşu-halı tam özündə idi. Ceyhun anamnez verərkən onda qan xəstəliyi olduğunu deyib, ona hemotoloqların baxmasını xahiş etsə də, bunların heç birinə məhəl qoyulmadı, xəstə təzyiq altında endoskopiyaya aparıldı. Respublika Klinik Xəstəxanasının “tərifli” endoskopisti Şəfa xanım ona xora diaqnozu qoymuşdu. Milli Onkologiya Mərkəzində Elman həkim xəstəni təkrar endoskopiya edərkən mədədə heç bir xoranın olmadığı aşkarlandı. Naşı, savadsız həkimlər yalnız bundan sonra xəstədə doğrudan da qan xəstəliyi olduğunu anladılar, amma artıq iş-işdən keçmişdi, xəstənin vəziyyəti kəskin pisləşmişdi. Qeyd edim ki, Xəstəxanada yoldaşım ölümlə əlləşən zaman həkimlər bir yerə toplaşıb xəstəlik tarixini mənim gözlərimin önündəcə tamam dəyişərək özlərinə sərf edən şəkildə yenidən yazırdılar və bir sıra sənədləri, o cümlədən də mənim əməliyyatdan (guya xoradan əməliyyat edəcəkdilər) imtina ərizəmi də oğurlayıb məhv etdilər. Xəstəni qəbul edən Rəşid həkim isə bir həftə nəinki xəstənin vəziyyəti ilə maraqlanmış, heç palataya ayağını da basmamışdı. Baş həkimin müavini Mahir Babayev isə palatanın kandarındaca dayanaraq: “Necədir? Allah şəfa versin”, – deməklə kifayətlənirdi”.

Təhminə Bədəlova deyir ki, ATU-nun Terapevtik klinikasında çalışan həkimlərin mərhum Ceyhun Bədəlova lazımi yardım göstəriblər:

“Biz xəstəni ATU-nun Terapevtik klinikasına ölümcül vəziyyətdə, demək olar ki, can verərkən, son ümidimizi bir daha sınamaq şansı ilə aparmışdıq. Biz Terapevtik klinikanın Reanimasiya şöbəsinin həkimləri Emil həkim, Ceyhun həkim və Kənan həkimdən son dərəcə razıyıq və ömür boyu onlara minnətdar olacağıq. Onlar əllərindən gələni etdilər. Lakin Respublika Klinik Xəstəxanasının savadsız, biganə, laqeyd həkimlərinin səhvini düzəlmək mümkün olmadı. Ən dəhşətli yalan isə işki ilə bağlıdır. Klinikadan verilən açıqlamada bildirilir ki, Ceyhun guya spirtli içki qəbul edirdi. Özünə bəraət üçün vicdansızca uydurulan böhtandır. Ceyhun spirtli içkilərdən son bir ildə ümumiyyətlə istifadə etməyib. Mən dönə-dönə səhv diaqnoz qoyan həkimin niyə cəzalandırılmadığını soruşsam da, “Axı bundan sizə nə xeyir dəyəcək?”, - deyə cavab verirlər. İnsan həyatına bu qədər laqeydlik, biganəlik bizi hara aparacaq? Qoy bu qətldə əli olan hər bir kəsi əvvəlcə vicdanı, sonra isə ədalət məhkəməsi mühakimə etsin!”

Xatırladaq ki, Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim-pediatrı 48 yaşlı Ceyhun Bədəlov öz həmkarlarının savadsızlığının qurbanı olub. Bakıda təkmilləşdirmə kurslarında olan həkim Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib. Yanlış diaqnoz və müalicənin nəticəsində isə C.Bədəlov vəfat edib. Həkimin iki oğulu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm