İsa Qəmbər: “Mərcə girib, iki şeir yazmışam”
Bizi izləyin

Qırmızı.az

İsa Qəmbər: “Mərcə girib, iki şeir yazmışam”

I HİSSƏ

- İsa bəy, deyirlər ki, siz ədəbiyyatı yaxşı bilirsiniz...

- Əvvəla, bu fikri deyən adamlara təşəkkür edirəm. Amma hər şey nisbidir, yəni mənim də ədəbiyyat bilgilərimin, şübhəsiz ki, sınırlıdır. Əminəm ki, bilmədiklərim bildiklərimdən qat-qat çoxdur.

- Maraqlıdır, sizdə ədəbiyyata sevgi hardan gəlir?

- Bu məsələdə Allahıma və taleyimə minnətdaram ki, alim ailəsində anadan olmuşam, gözümü açıb evdə kitab görmüşəm, elmə, ədəbiyyata, sənətə maraq görmüşəm. Çörçilin bir sözü var. O fikri təxminən belə səsləndirmək olar: “Uşağı atasının kitabxanasındakı kitabların üz qabıqları tərbiyə edir”. Bu sözü ilk dəfə Çörçildə oxuyanda yadıma düşdü ki, evdə atamın kitabxanasında Azərbaycan, rus və başqa xarici dillərdə olan kitablara necə həvəslə baxırdım və yavaş-yavaş da oxuyurdum. Təbii ki, birinci ədəbiyyata, sonra tarixə və diplomatiyaya maraq göstərirdim. Müəyyən müddət fizika və başqa elmlərə də həvəs göstərmişəm. Ona görə mütaliəm o vaxtdan normal olub, həm Azərbaycan klassikasını, həm Rusiya klassikasını, həm də Avropa, dünya klassikasını az-çox oxumuşam.

- Yəni şərait də imkan verib ki, çoxlu bədii kitablar oxuyasınız, mütaliə bazanızı genişləndirəsiniz...

- Bu, bir şansdır. Bu şansı yüksək qiymətləndirirəm ki, uşaq yaşlarımdan dünya ədəbiyyatının müasir tendensiyaları ilə tanış olmaq imkanlarım olub. Məsəlçün, atam, demək olar ki, Bakıda və Moskvada çıxan bütün ədəbiyyat dərgilərinə, qəzetlərinə abunə yazılırdı. O zaman Azərbaycanda “Ədəbiyyat və İncəsənət” qəzeti, “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Gənclik” jurnalları çox maraqlı olurdu. Moskvada və o zamankı Leninqradda çoxlu qalın ədəbiyyat dərgiləri – “Noviy Mir”, “İnostrannaya Literatura” və s. çıxırdı.

- Sonrakı illərdə ictimai-siyasi proseslər sizi ədəbiyyatdan ayırdı, yoxsa yenə də vaxt-imkan tapıb prosesi izlədiniz?..

- Sonrakı illərdə də - təxminən 90-cı illərə qədər Azərbaycanda, SSRİ-də və dünyada gedən ədəbi prosesləri izləməyə çalışmışam. Və 90-cı illərdən başlayaraq, bilirsiniz ki, ictimai-siyasi proseslərin ən gərgin vaxtları idi, çox ciddi zaman məhdudiyyətim oldu. Ona görə də ədəbi prosesi izləmək imkanlarım xeyli məhdudlaşdı. Digər tərəfdən də, Azərbaycanda və postsovet məkanında ədəbiyyat çox çətin dövrünü yaşayırdı, şair və yazıçılar çox çətin bir durumdaydılar. Düzdür, 2000-ci illərdən başlayaraq, ölkəmizdə təzədən ədəbi proses canlanmağa başladı. Deyə bilmərəm ki, gəncliyimdəki qədər oxuyuram. Amma hər halda, müasir ədəbiyyatı izləməyə çalışıram.

- Çörçilin bir fikrini misal gətirdiniz: “Uşağı atasının kitabxanasındakı kitabların üz qabıqları tərbiyə edir”. Maraqlıdır, sizin kitabxananızda hansı kitablar var?

- Atamın kitabxanasından bəzi kitablar bacı-qardaşlarıma çatıb, əksəri mənə qalır. Mən də bu kitabxananı mümkün qədər zənginləşdirməyə çalışmışam. Ötən əsrin 70-80-ci illərində kifayət qədər çox kitablar almışdım. İndi də davam edirəm.

- Deyirlər, şeir də yazmısınız...

- Hə... Bu möcüzə həyatımda iki dəfə baş verib. (gülür)

- Maraqlıdır.

- Bir 1966-cı ildə - onda 9 yaşım vardı – bizim Neftçi komandası Spartak Moskvanı 3:0 udub SSRİ çempionatında üçüncü yeri tutanda çox sevinmişdim və Neftçiyə bir şeir həsr eləmişdim. Böyük bir şeirdi, az qala, yarımpoema kimi bir şey idi. Bir də 80-ci illərdə - Şərqşünaslıq institutunda çalışarkən söhbət zamanı Qazaxlı bir dostumla mübahisə elədik. O, dedi ki, şairlik Allah vergisidir. Mən də dedim ki, istənilən savadlı, ağlı başında olan adam şeir yaza bilər. Mərc gəldik, mərcin də mahiyyəti bu oldu ki, mən bir gün ərzində şeir yazıb gətirirəm, o da baxıb obyektiv qiymət verəcək ki, bu, şeirdir, yoxsa yox...

- Mərcə girəndən sonra gedib şeir yazdınız?

- Gecə gəlib oturdum evdə, iki şeir yazdım: bir Azərbaycan dilində - doğma türkcəmizdə, bir də rus dilində. Rus dilində yazdığım məhəbbət şeiri alındı, özü də sərbəst vəzndə. Azərbaycan dilində yazdığım şeir, bilmirəm, qan çəkdi, yoxsa nə oldu, qoşma kimi alındı. İctimai-siyasi mövzuya həsr olunmuşdu...

- Bəs dostunuz şeiri necə qiymətləndirdi?

- Səhər gətirdim, həmin adam şeirləri oxudu və dedi ki, bu, şeirdir. Sən mərci uddun. Mən də dedim ki, yox, mən udmadım, sən uddun. Çünki bunlar şeir olmağına şeirdir, amma poeziya deyil, yəni bunu yazan şair deyil, az-çox savadı olan şəxsdir. Düzdür, mən şərtə əməl elədim, amma başa düşdüm ki, sübut eləmək üçün şeir yazmaq savad məsələsidir, Allah vergisi deyil.

- Jül Renarın bir sözü yadıma düşdü: “Şeir, şeir, şeir... Kaş, bircə misra da poeziya olaydı”.

- Ümumiyyətlə, poeziya tamam başqa bir şeydir. Görünür, doğrudan da, Allah vergisi deyilən bir şey var, o da təbii ki, hər adama verilmir və şair də, doğrudan, Allahın bir möcüzəsidir. Düzdür, yenə fikrimdə qalıram ki, ağıllı, savadlı adamlar şeir yaza bilərlər, hətta babat şeirlər də ola bilər. Elə indiki şairlərin də bir qismi ağıllarına, savadlarına güvənib şeir yazırlar. Amma istedad başqa bir şeydir. Ona görə də şeir yazmaq təcrübəmi elə o zamanda saxladım və heç zaman buna qayıtmadım.

- İstedadı verən Allahdırsa...

- Bilirsiniz, insanlar fərqlidirlər. Yer üzündə iki eyni insan tapmaq mümkün deyil. Hətta dünyada iki eyni səsli adam yoxdur, iki eyni simalı, eyni gözlü adam yoxdur. Bu baxımdan, müxtəlif sahələr üzrə istedadlı insanlar olur. Bu da Allahın, təbiətin seçimidir, qərarıdır. Bununla barışmaq lazımdır. Ondan sonra da çalışmaq lazımdır ki, hər bir insan öz istedadının işığında hərəkət eləsin, mümkün qədər bacardığı işlə məşğul olsun.

- Yəni indi hesab edirsiniz ki, şeir İlahi bilikdir.

- Ümumiyyətlə, ədəbiyyat yalnız istedad məsələsi deyil. Ədəbiyyat həyatla bağlı bir sahədir və kim nə deyir-desin, ədəbiyyatın inkişafına təkcə Allahın istedad verdiyi insanların sayı təsir göstərmir. Ədəbiyyatın yaranmasına və onun gələcəyinə ictimai-siyasi proseslər təsir göstərir, elmin, texnikanın, iqtisadiyyatın inkişafı təsir göstərir.

- İsa bəy, istedadı verən Allahdırsa və biz də Allahın varlığını qəbul eləyiriksə, bəs o istedada xəyanət eləyib, məsələn, ifadəmə görə üzr istəyirəm, həqiqətin üzünə tüpürüb, yalanın yanında dayanan şairləri, yazıçıları necə bağışlamaq olar?

- Əgər bizim bağışlamaq və bağışlamamaq kimi bir haqqımız varsa, təbii ki, hər birimiz öz qərarlarımızı qəbul eləyə bilərik. Məşhur bir rəvayət var: İsa peyğəmbər görür ki, günahkar bir qadını daşlamağa başlayıblar. Deyib ki, dayanın, kim günahsızdırsa, birinci daşı o atsın. Hər kəs dayanıb. Çünki hər kəs öz günahını və səhvini bilir. Və məsələ burasındadır ki, bir günahkar tapılan kimi, ona daş atmağa 100 günahkar hazır olur. Günahsızlar isə daş atmağı xoşlamırlar. Günahsızlar dünyaya başqa cür baxırlar.

- Və bu zaman absurd bir mənzərə yaranır...

- Bəli... Mən o fikirdəyəm ki, ideallara xəyanət eləyən, haqq-ədalət prinsiplərinə xəyanət eləyən insanlar tədricən öz istedadlarını itirirlər. Mən bunun canlı şahidiyəm. Tanıdığım yazıçılar, şairlər var ki, cavanlığında ortaya çıxanda çox istedadlı olublar, çox yaradıcı olublar, elə ki dəyərlərinə xəyanət ediblər, şərə xidmət etməyə başlayıblar, bir dənə düz-əməlli əsər ortaya qoya bilməyiblər, çünki istedadlarını itiriblər. Qəribə bir şeydir, elə bil Allah, tale onları cəzalandırır.

- Maraqlıdır, “Azərbaycan şair xalqdır” fikrinə qarşı sizin münasibətiniz necədir?

- Yaxşı deyil.

- Niyə?

- Çünki bu söz kompliment kimi səslənir, amma əslində, xalqın imkanlarının məhdudlaşdırılmasının təsdiqidir. Yəni ki, hansısa xalqlar dövlət qurublar, siyasətlə məşğuldular, hansısa xalqlar elmi, texnikanı inkişaf elətdirirlər... Azərbaycan xalqı isə uzun əsrlər boyu müstəmləkə vəziyyətində yaşayıb. Rusiya müstəmləkəsi olduğu müddətdə isə bizim hətta hərbçi kimi yetişmək imkanlarımız da xeyli dərəcədə məhdudlaşdırılıb. Siyasətlə məşğul olmaq olmaz, hərblə məşğul olmaq olmaz! Otur yerində, şeirini yaz! Yəni sənin fərqlənə biləcəyin sahə bircə bu ola bilər. Bu baxımdan “Azərbaycan şair xalqdır” fikrinə yaxşı yanaşmıram.

- Şəxsən siz Azərbaycan xalqının şair xalq olduğuna inanırsınız?

- Düşünmürəm ki, Azərbaycan xalqının şeir yazmaq potensialı digər xalqların orta göstəricilərindən yuxarı olsun. Yuxarı-aşağı eyni ola bilər.

- Bəs sizcə, ədəbiyyat Azərbaycan insanına təsir edir? Söhbət məhz bu gün yaranan ədəbiyyatdan gedir.

- Çox çətin cavab veriləsi sualdır. Bunun üçün ciddi sosioloji araşdırmalar aparılmalıdır. Ciddi şəkildə araşdırılmalıdır ki, insanlar nəyi oxuyurlar, nəyi oxumurlar, oxuduqlarına necə önəm verirlər... Ona görə də belə suala konkret cavab vermək çox çətindir.

- Tolstoyun “Hərb və sülh”ündən sonra dünyada iki böyük müharibə baş veribsə, görünür, ədəbiyyatın insanlara təsiri yoxdur.

- Ədəbiyyat bəşəriyyətin, insanın mövcudluğunun ən önəmli amillərindən biridir. Ədəbiyyat bəşəriyyəti yaxşılaşdırır, insanı yaxşılaşdırır. Bəşəriyyətin əlli min il tarixi var, bu tarixin müxtəlif cəhətlərdən yazılmış variantları mövcuddur, əsasən, hərb tarixi yazılır, ictimai-siyasi proseslərin tarixi yazılır, bəzən iqtisadi proseslər önə çıxarılır, bəzən elmi proseslər önə çıxarılır; kəşflər nədən ibarət olub, bəzən də fəlsəfi fikrin inkişafı haqqında yazılır... Başqa göstəricilərə görə də tarix yazıla bilər. Və bu göstəricilərin biri də insana verilən qiymətdir, ona qarşı münasibətdir. Bu baxımdan, XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində insana verilən önəm fantastik dərəcədə yüksəkdir.

- Nəyə əsasən bilmək olar ki, XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində insana verilən önəm fantastik dərəcədə yüksəkdir?

- Baxın, bu dövrdə müharibələrin diqqəti cəlb eləməyinin səbəblərindən biri də budur ki, insan ölümü faciə kimi qəbul olunur. Təkcə sənin kəndində, sənin şəhərində baş verən müharibə yox, dünyanın hər yerində baş verən müharibələr normal insanı yandırıb-tökür, çünki insan övladı məhv olur. Yəni sözümün canı ondan ibarətdir ki, ədəbiyyat insan həyatının önəmini yüksəldir. Fikir verin, çox ədəbiyyat oxumuş insan başqa insanı öldürməkdə maraqlı olmur və öz həyatının da qiymətini bilir. Və insan həyatının qiyməti bilindikcə də müharibələr azalır, insanlar məsələləri danışaraq, məsləhətləşərək həll etməyə üstünlük verməyə başlayırlar. Bu da, məncə, ədəbiyyatın, sənətin çox önəmli bir təsiridir. Yazarlar bunu istəsə də, istəməsə də, belə düşünsə də, düşünməsə də, məncə, ədəbiyyatın ən önəmli təsirlərindən biri də budur.

- Necə düşünürsünüz, yazıçının mütləq ictimai mövqeyi olmalıdır?

- Mən bir siyasətçi və Müsavat partiyasının təmsilçisi olaraq, fikirləşirəm ki, hər bir vətəndaşın vətəndaş mövqeyi olmalıdır. Və yazıçı da vətəndaşdırsa, deməli, onun vətəndaş mövqeyi olmalıdır.

- Ümumiyyətlə, yazıçının vətəndaş mövqeyi vacib şərtdirmi?

- Bu, o demək deyil ki, biz yazıçıdan zorla hansısa məsələyə münasibət bildirməyi tələb edirik. Yox! Onlar sərbəstdirlər. Amma onlar mövqe tutmalarında sərbəst olduqları kimi, bizim də onlara qiymət vermək sərbəstliyimizi və azadlığımızı qəbul eləməlidirlər. Mən yazıçıdan, şairdən aktiv vətəndaş mövqeyi göstərməməyi yalnız o halda qəbul edə bilərəm ki, onlar ictimai-siyasi proseslərə qarışmasınlar. Amma ictmai-siyasi proseslərə qarışırlarsa, onda artıq vətəndaş mövqeyi nümayiş etdirməlidirlər.

- Məsələn...

- Mən Vaqif Bayatlı Odərin mövqeyni qəbul edirəm. Ona görə ki, Vaqif bəy son illər ictimai-siyasi proseslərə, demək olar ki, qarışmır. Biz, sadəcə, bilirik ki, Vaqif bəy fəal mövqe bildirən zamanlar haqqın, ədalətin yanında olub, yeniliyin yanında olub. Biz bunu dəyərləndiririk. Ola bilsin ki, son illər, səhhəti ilə bağlı olaraq, heç bir məsələyə qarışmaq istəmir və bunu da olduğu kimi başa düşürük.

- Maraqlıdır, ədəbiyyat hakimiyyətlə bir yerdə ola bilməz? Yoxsa ədəbiyyat mütləq hakimiyyətlə qarşı-qarşıya olmalıdır?

- Ədəbiyyat həqiqətin və müstəqil fikrin yanında olmalıdır. Və əgər hakimiyyət mütərəqqi bir hakimiyyətdirsə, cəmiyyət üçün nələrsə etməyə çalışırsa, ədəbiyyat da bunu dəyərləndirməyi bacarmalıdır.

- Qəribədir ki, bəzi müxalifətyönlü yazarlar deyirlər, İsa Qəmbər qorxur ki, Anarı tənqid eləyər və partiyasının yarısı çıxıb gedər...

(ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm