Elçibəyə sağdan da, soldan da “döşəyənlər” kimlər idi?
Bizi izləyin

Qırmızı.az

Elçibəyə sağdan da, soldan da “döşəyənlər” kimlər idi?

Bu gün azadlıq hərəkatının liderlərindən biri, AXC hökumətinin rəhbəri, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

76 il öncə, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində Qədirqulu Əliyevin ailəsində bir oğlan dünyaya gəlir. Adını Əbülfəz qoyurlar. Daha sonralar o, Elçibəy olacaqdı və tarixin səhifələrinə bu adla keçəcəkdi.

Əbülfəz Elçibəy 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsili alır. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirdikdən sonra təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyir. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışır. Sonralar BDU-da təhsilini davam etdirən Elçibəy BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyir. Universitetdə işləyərkən gizli formada siyasi fəaliyyətə başlayan Elçibəyi 1975-ci ildə DTK tərəfindən tələbələr arasında millətçi və antisovet təbliğat aparmaq adı ilə həbs edir, 1976-cı ilə qədər siyasi məhbus olaraq azadlıqdan məhrum edilir. Sonradan onun yenidən həbs edilməsinin qarşısını Heydər Əliyev alacaqdı.

Elçibəy həbsdən çıxdıqdan sonra 1976-cı ildə Əlyazmalar İnstitutunda kiçik elmi işçi, daha sonra böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi kimi vəzifələrdə çalışır. Düz 1992-ci ilə qədər. 1992-ci ilin 7 iyun tarixində isə Azərbaycan Respublikasının prezidenti seçilir. 1993-cü ildə hakimiyyəti Heydər Əliyevə təhvil verdikdən sonra doğulduğu Kələki kəndinə gedir. Orda 4 il yaşadıqdan sonra 1997-ci ildə yenidən Bakıya qayıdır və siyasi fəaliyyətini bərpa edir. Bu dəfə müxalifət olaraq. Lakin ölüm onu 3 il sonra haqlayır. 2000-ci ilin 22 avqust tarixində Türkiyənin Ankara şəhərində müalicə olunduğu xəstəxanada gözlərini yumur. Nəşi Bakıda torpağa tapşırılır.
Əbülfəz Elçibəy haqqında çox söz demək olar, uzun-uzadı danışmaq olar. Sadəcə olaraq, o, böyük insan idi. Azərbaycanın gəlmiş-keçmiş ən böyük insanlarından biri. Onu xarakterizə etmək o qədər də çətin deyil. Lakin jurnalistə özünün dediyi kimi, “Fağır bir prezident tapmışdınız, sağdan döşüyürdünüz, soldan döşüyürdünüz” deməsi onun necə insan olduğunu kifayət qədər ortaya qoyur. Lakin ona sağdan, soldan döşəyənlər təkcə jurnalistlər, yaxud tənqidçiləri deyildi. Elə ən yaxın ətrafında olanlar, ən inandıqları da bunu edirdilər. Sadəcə, bir qədər gizli formada, arxadan vurulan zərb kimi.

Elçibəyin silahdaşlarından olmuş Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov onu yaxşı bir insan, təvazökar prezident kimi xatırlayır. İ. İsmayılov deyir ki, Elçibəyi tələbəlik illərindən tanıyır: “Onunla tələbə vaxtı tanış olmuşam. O, şərqşünas, mən isə hüquq təhsili alırdıq. Tələbəlikdən sonra da dostluğumuz davam etdi. Lakin o universitet illərindən başlayaraq yüksəlməsinə baxmayaraq, heç vaxt dostlarını, yaxınlarını unutmurdu. Həmişə onlara arxa dururdu. Yaxşı, təvazökar insan idi”.

BDU-da Əbülfəz Elçibəyin tələbəsi olan, sonradan siyasi fəaliyyətdə də onun yanında çalışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə deyir ki, Elçibəy özünü azadlıq uğuruna həsr edən bir şəxs idi: “Elçibəy gənc yaşlarından ömrünün sonuna qədər imkanları daxilində Azərbaycanın azadlığı uğrunda mübarizə aparanların sırasında oldu. Düşünürəm ki, hər kəs onu yaxşı bir insan, xalqını sevən biri kimi tanıyır. 90-cı illərdə Azərbaycan prezidenti seçildi. Lakin üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Komandanın içində ona edilən xəyanətlər, qarşıdurmalar, komandanın parçalanması, bütövlükdə səriştəsizlik Azərbaycanı ağır duruma saldı. Həmin situasiyada Azərbaycanda rusiyapərəstlərin yenidən hakimiyyətə gəlməsi real təhlükəyə çevrilmişdi. Çünki Sürət Hüseynovun qiyamı faktiki olaraq Kremlin mətləblərinə xidmət edirdi. Həmin qiyamın məntiqi nəticəsi isə Ayaz Mütəllibovun yenidən hakimiyyətə gəlməsinə söykənirdi”.
F. Ağamalı qeyd edib ki, Əbülfəz Elçibəy Moskvanın planlarını alt-üst edərək ciddi bir addım atdı: “Xalqın tələbinə zidd getmədi və Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Beləliklə də, Moskvanın planları pozuldu. O, bu addımı ilə bir daha Azərbaycanın müstəqilliyinə sədaqətini nümayiş etdirdi”. Millət vəkilinin sözlərinə görə, Elçibəy azərbaycanlı olması ilə fəxr edən bir Azərbaycan kişisi idi.

F. Ağamalı onu da qeyd edib ki, Elçibəyin xəstələnməsi, vaxtından əvvəl vəfat etməsi komandası daxilində ona edilən xəyanətlərin nəticəsi idi: “Bunu onun müavinləri, yaxın hesab etdikləri yaxşı bilirlər. Hesab edirəm ki, tezliklə onun ölüm səbəblərinə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, Elçibəy komandasının ona xəyanəti ilə bağlı kifayət qədər danışılıb. Burada maraqlı olansa, onun ölümündən sonra komandadakı hər kəsin bir partiya yaradaraq ayrılması idi. Demək olar ki, bu gün Azərbaycanda hakim Yeni Azərbaycan Partiyası istisna olmaqla, əksər siyasi partiya məhz Elçibəy şinelindən çıxmadır. Amma bəzən onun haqqında vaxtilə yaxın bildiyi insanlar xoşagəlməz şeylər də dövriyyəyə buraxırlar. Əbülfəz Elçibəydən sonra ondan qalan daha bir məsələ isə Elçibəyin varisinin kim olmasıdır. Bu məsələ üzərində mübahisələr zaman-zaman gündəmə gəlir və heç bitənə də bənzəmir. Çünki Elçibəyin varisliyinə iddia edən kifayət qədər partiyalar var.
Belə ki, AXCP, KXCP, BAXCP, BQP, Ədalət, AVP, Aydınlar, ADP, hətta Müsavat və uzun bir siyahıya malik partiya ordusu məhz Əbülfəz Elçibəyin komandasında olanlar tərəfindən yaradılıb. Bu partiya ordusu ya AXC-də təmsil olunanlar, ya da birbaşa Elçibəyə yaxın olanlar tərəfindən qurulub ki, onların da hər birinin Elçibəy irsinə iddia etməsi müəyyən mənada təbii görünsə də, ortada bir qarşıdurma, münaqişə halı mövcuddur. Lakin hər şeyə rəğmən, bunun nə vaxtsa bitəcəyi də görünmür.

Orda bir yol var uzaqda

O yol bizim yolumuzdur!

Dönməsək də, varmasaq da

O yol bizim yolumuzdur.

Əbülfəz Elçibəyin vaxtilə dediyi bu sözlər hazırda onun irsinə iddia edənlər üçün nə qədər keçərlidir – bu da altının cızılmasının vacib olduğu məsələdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm