• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ana bətnində məhv edilən gələcəyimiz

Ana bətnində məhv edilən gələcəyimiz

20 yaşa qədər qadınların hamiləliklərinin 13 faizi, 20-24 yaşlı qadınların hamiləliklərinin 28 faizi, 25-34 yaşlı qadınların hamiləliklərinin 58 faizi, 35-44 yaşlı qadınların hamiləliklərinin 75 faizi süni abortla başa çatır.

2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir.

Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar – 40.9 faiz, daha sonra uşaqsalma 6 faiz və ölü doğuş 0.4 faiz nəticəsində baş verir.

2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min olub.

Bu barədə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya institutunun elmi katibi Leyla Məmmədova məlumat verib.

Bu rəqəmlər bir il ərzində əhalinin sayında 1204 nəfərin bilərəkdən itirilməsi deməkdir. Bu itkidə əsas pay qız uşaqlarının üzərinə düşür. Qız uşaqlarının doğum sayının ildən-ilə azalması da, onların dünyaya gəlmədən öldürüldüyünün sübutudur. Bu azalma həm də gələcəkdə ciddi demoqrafik problemi də qaçılmaz edir. Oğlan qız nisbətinin pozulması, oğlanların ailə qurmaq üçün xarici qızlara müraciət etməsinə də səbəb olacaq. Bir sözlə, bu gün öldürdüyümüz hər bir qız uşağı gələcəkdə daha ciddi problem kimi qarşımıza çıxacaq.

Bəs bu faktlarla qarşılaşmamaq, qızların doğulmadan öldürülməsinin qarşısını almaq üçün hansı addım atıla bilər? Abortları qadağan etməklə uşaqların doğulmadan ölümünün qarşısını almaq olarmı?

Millət vəkili Musa Quliyev abortların artmasının əsas səbəbini maariflənmə və mədəniyyətin lazımı səviyyədə olmamasında görür:

“Cəmiyyət abortların qadağan edilməsinə hazır deyil. Problemin həlli üçün səhiyyə mədəniyyəti, ailə planlaşdırılması, arzuolunmaz hamiləliyin qarşısının alınması yolları barədə əhalinin, xüsusən gənc qızların maarifləndirilməsinin xüsusi əhəmiyyəti var. Səhiyyə, təhsil müəssisələri və Kütləvi İnformasiya Vasitələri məlumatlandırma işində fəal olmalıdırlar. Xüsusən kənd yerlərində yaşayan qadınların qorunma yolları barədə ya məlumatları, ya da əlçatanlığı yoxdur. Qadın məsləhətxanaları fəaliyyətlərini artırmalıdır”.

Millət vəkili onu da vurğulayıb ki, qadağalar heç nəyi həll etmir. Çünki qadağa səbəb yox, nəticə ilə mübarizə olacaq. Bizə səbəblə mübarizə aparmaq lazımdır.

M.Quliyev bildirib ki, abortlar məsələsində ağrılı məqamlardan biri də selektiv abortlardır. Bu məsələdə nə qanunvericilik, nə də maarifləndirmə səviyyəsində lazımı addım ata bilməmişik.

“Reproduktiv sağlamlığın qorunması ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə edilir. Amma bir neçə ziddiyyətli məqam, donorluq məsələsinə görə qanunu qəbul edilə bilmirik. Həmin qanunda selektiv abortların (uşağın cinsinə görə) aparılması qadağan edilib, inzibati və cinayət məsuliyyəti yaradan haldır. 12-ci həftədən sonra assosial xarakterli (ananın övlad dünyaya gətirməməsi ilə bağlı sosial göstəriş olmalıdır. Ana narkoman, alkoqolizmə meyilli olduqda bu üsul seçilir. Ana olacaq qadın uşağı tərbiyə edə bilməyəcəksə, xəstə uşaq dünyaya gətirəcəksə, uşaq 12-ci həftədən sonra belə abort edilə bilir) abortlara yalnız konsiliumun qərarı ilə icazə verilə bilər. Bu qanun tibbi, sosial göstəriş olmadığı halda selektiv abortların qarşısını ala biləcək qanundur. İnzibati və cəza mexanizmləri formalaşması üçün qanun qəbul edillməlidir”.

Millət vəkili önəmli qanun layihəsinin qəbulunun gecikməməsi üçün müzakirə olunan bir kişinin üç qadın üçün donor olması məsələsinin qanundan çıxarılmasına da münasibət bildirib. Onun sözlərinə görə, bunu tətbiq etmək mümkün olsa da, bu ATƏT, Avropa Şurası kimi qurumların iradına səbəb ola bilər. 1996-cı ildə donorluğa icazə verildiyi halda, 2014-cü ildə qadağan edilməsinə müzakirə ediləcək, müxtəlif səbəblərlə əlaqələndiriləcək. Bu baxımdan qanunun qəbulu gecikir.

Hüquq müdafiəçisi Nazir Quliyevin sözlərinə görə, abortların qadağan edilməsi, yaxud cəzanın artırılması nəticəyə təsir etmir:

“Bu işin xəstəxanada edilməsi qadağan ediləndə alternativ yol tapıb, evlərdə edəcəklər. Yaxud da həkimlər diş klinikası açıb, orada abortla məşğul olacaqlar. İlk növbədə, əxlaqsızlıq yuvaları, gənc qızların fahişəliyə cəlb edilməsinin qarşısını almaq lazımdır”.

Onun sözlərinə görə, abortların qarşısını almaq üçün əlavə qanunlar qəbul etmək, dəyişikliyə ehtiyac yoxdur. Çünki ölkədəki qanunlar beynəlxalq tələblərə uyğundur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırma şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, birmənalı şəkildə abortların qadağan edilməsi mümkün deyil. Çünki məsələyə yanaşmalar fərqlidir. Bəzi qadınlar məcburi şəkildə, bəziləri isə bilərəkdən aborta razı olur:

“2012-ci ildə 15-19 yaş arası qadınların 1147 nəfəri abort etdirib, onların 63-ü 15-17, 1084-ü isə 18-19 yaş arası olanlardır. 15-17 yaş arası qızların abortu ciddi problemdir. Lakin 25-29, 30-34 yaşlı qadınların abortlarının daha çox olması da düşündürücüdür. Həmin qadınlar, əsasən, 3-4-cü uşaqların abort edirlər. Bu uşaqların istənməməsinin səbəbinin ana, yoxsa uşağın sağlıq problemlərinin olması, ya da digər nüanslar araşdırılmalıdır. Bir neçə gün əvvəl Prezidentin sərəncamı ilə “Ana və uşaqların sağlamlığının qorunması ilə bağlı Dövlət Proqramı” qəbul edilib. Bu proqramda abort məsələləri də öz əksini tapıb. Burada həkimlərin, qadın və kişilərin məsuliyyəti əsas yerdə durur. Bundan başqa, abort etdirməkdənsə, arzuolunmaz hamiləliyin qarşısının alınması üçün tərəflər lazımı addım atmalıdırlar. İnzibati Xətalar Məcəlləsi və digər qanunlarda bu prosesi həyata keçirən həkimlərin məsuliyyətə cəlb edilməsi, cərimələnməsi məsələsi yer alıb. Lakin cəzaların sərtləşdirilməsinə ehtiyac var. Ötən il Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birlikdə böyük bir layihə çərçivəsində tədqiqat işi aparıb. Həmin layihənin əsas məqamlarından biri də həkimlərin məsuliyyətə cəlb edilməsi idi. Həmin layihədə qeyd edilib ki, həkimlər abort edilən qadınları gözləyən fəsadlarla bağlı qadınları xəbərdar etməli, profilaktik tədbirlər görməlidir”.

Komitə məsləhətçisinin sözlərinə görə, xüsusən azyaşlı qızların abortunda ailələr və məktəb də məsuliyyət daşıyır. Uşaqlara cinsi tərbiyə, sağlamlıq və mədəniyyət barədə lazımlı məlumat verməyə çalışmalıyıq. Çox vaxt bu məlumatları vermədiyimizə görə, azyaşlı qızlar ani münasibətlərin qurbanı olur.

“Qanunvericilikdə uşaqlarla bağlı valideynlərin məsuliyyəti qeyd edilib. Lakin hamiləliyə məruz qalmış qızlar şikayət edə bilmirlər. Onlar ictimai qınaqdan və valideynlərdən qorxurlar. Çünki həmin qızlara qarşı cəmiyyətdə münasibət birmənalı deyil”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR