• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

9 nəfər suda boğulub, 34 nəfər xilas edilib

9 nəfər suda boğulub, 34 nəfər xilas edilib

2014-cü il ərzində DSXX tərəfindən nəzarət olunmayan qeyri-çimərlik ərazilərində, kanallarda, çaylarda, göllərdə 9 nəfərin suda boğulması faktı qeydə alınıb. Bunu Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Sektor müdirinin sözlərinə görə, qeydə alınan ölüm faktlarının əksəriyyəti su kanallarında baş verib: "Bundan əlavə, həm çimərlik, həm də nəzarət olunmayan qeyri-çimərlik ərazilərində ümumiyyətlə suda boğulmaq təhlükəsi ilə üzləşən 34 nəfər xilasedicillər tərəfindən xilas edilib. Lakin DSXX tərəfindən nəzarət olunan çimərlik ərazilərində bu günədək bir dəfə də olsun suda batma hadisəsi qeydə alınmayıb".

DSXX sözçüsü qeyd edib ki, artıq bir neçə gündür Azərbaycanda müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar respublikanın bütün çimərlik ərazilərində xüsusi xəbərdaredici lövhələr quraşdırılıb. Eyni zamanda, insanlara hansı şəraitdə dənizə, suya girməyin qadağan olunduğunu izah etmək üçün yerli icra hakimiyyətləri orqanlarında, regional mərkəzlərdə tədbirlər görülür, məlumatlandırma aparılır.

M.Piriyev həmçinin bildirib ki, hazırda Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları çimərlik ərazilərində fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirlər. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları da çimərliklərə dislokasiya olunublar. Çünki bu ərəfələrdə xilasedicilər ərazilərdə bir sıra problemlərlə üzləşməli olurlar: "Belə ki, bəzi şəxslər nə xəbərdaredici löhvələrin tələblərinə, nə də xilasedicilərin xəbərdarlıqlarına məhəl qoyurlar, küləkli havada suya daxil olmaq istəyirlər. Belə hallarda əraziyə polis çağırılır və həmin şəxslər polis əməkdaşlarının köməyi ilə oradan uzaqlaşdırılırlar. Onların çoxu spirtli içki qəbul edən şəxslərdir. Xilasedicilərimiz bununla bağlı növbətçilik jurnallarında qeydlər aparırlar. Onlara deyilir ki, küləkdir, suya girmək olmaz. Onlar isə maraqlı da olsa, deyirlər ki, küləyin olması yaxşıdır, tez ayılarıq".

Sektor müdiri vətəndaşlara, xüsusən də valideynlərə müraciət də edib: "Vətəndaşlardan xahiş edirik ki, küləkli hava şəraitində çimərliklərə, ümumiyyətlə, su hövzələrinə daxil olmasınlar. Ən əsası bu cür hava şəraitində su hövzələrinə yaxın olan yaşayış məskənlərində, şəhər, qəsəbə və kəndlərdə valideynlər uşaqlarına qarşı daha diqqətli olsunlar. Bəzən məsələn, Abşeron yarımadasının qəsəbə və kəndlərində uşaqlar gəlib suya girmək istəyəndə xilasedicilər buna imkan vermirlər, lakin xilasedicilər gedən kimi suya daxil olurlar. Bu isə onların həyatı üçün böyük təhlükə yaradır. Ona görə də bu ərəfələrdə həmin ərazilərdə valideynlər azyaşlı, məktəbli uşaqlarına qarşı diqqətlərini xüsusilə artırmalıdırlar".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR