Azərbaycan Belarus üçün strateji tərəfdaşdır
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Belarus üçün strateji tərəfdaşdır

İyunun 25-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Publika.az ANS PRESS-ə istinadən bildirir ki, əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.
Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç qonaqları salamlayaraq bildirmişdir ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edildiyi tarix Belarusun Müstəqillik Günü kimi qeyd olunur.

Belarusun azad edilməsi uğrunda gedən döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmçinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdıran səfir bu qəhrəmanların xatirəsinin Belarusda daim böyük hörmət və ehtiramla yad edildiyini vurğulayıb.

Səfir prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun iki ölkə arasındakı münasibətlərin inkişafında xidmətlərini xatırladıb. Diplomat Azərbaycanın Belarus üçün strateji tərəfdaş olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıb.

Yaqub Eyyubov Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu söyləmişdir. Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirən Baş nazirin birinci müavini münasibətlərimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır. Yaqub Eyyubov ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Baş nazirin birinci müavini Azərbaycanın sürətli iqtisadi inkişafı, bütün sahələrdə əldə etdiyi uğurlardan da danışıb.
Rəsmi qəbulda Minskin faşist işğalçılarından azad olunmasında iştirak etmiş veteranlar medallarla təltif olunublar.
Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm