Gəl, ay müştəri…. “”Yaşıl bazar”dan REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəl, ay müştəri…. “”Yaşıl bazar”dan REPORTAJ - FOTOLAR

Artıq Ramazan ayına sayılı günlər qalıb. Hər bayramqabağı paytaxtda ərzaq məhsullarının qiymətlərinin artmasını nəzərə alsaq, Ramazan ayında da bazarda qiymətlərin qalxacağını ehtimal edə bilərik. Elə biz də Publika.az olaraq paytaxtın mərkəzi bazarlarından olan “Yaşıl Bazar”a üz tutduq.

Bazarda adi günlərə nisbətən canlanma var idi. Bunu mən deyil, satıcılar söyləyirdi. Bazarda mövsümə uyğun meyvə, tərəvəz növləri piştaxtaya düzülmüşdü. Bəzi satıcılar isə səs-küylü bazarda mürgüləyirdi. Bəzən onların yuxusunu nərd oynayan həmkarları pozurdu. Alıcıların əksəriyyəti piştaxtaya yaxınlaşıb satılan məhsulların qiymətlərini görmürdü. Bu səbəbdən məhsulların qiymətlərini satıcılardan öyrənirdi. Biz də həmin alıcılarla birlikdə bazardakı qiymətləri öyrənməyə çalışdıq.

Bazardakı qiymətlər - Meyvə

Meyvələrin qiyməti stabil deyildi, keyfiyyətinə görə qiymətlər müəyyən intervalda dəyişirdi. Məsələn, çiyələyin bir kiloqram qiyməti 2 - 4 manat; qarpız 40 - 50 qəpik; yemiş 1,20 - 1,50 manat; ərik 1 - 3,50 manat; Ordubad əriyi 4 - 6 manat; gilas 1 – 3 manat; gilas (öküz ürəyi) 3 – 5 manat; şaftalı 2,50 – 3,50 manat; armud 2 – 3 manat; qarğıdalı 0,25 - 0,40 manat; ananas 5 manat arasında dəyişir.

Meyvə alan paytaxt sakinləri isə qiymətlərdən razı deyildi:

- Meyvələrin qiymətindən razısınızmı?

- Necə razı ola bilərəm?. Əriyin bir kilosu 5-6 manat, alça 4 manatdır. Bazar od tutub yanır.

Digər alıcı isə qiymətlərin normal olduğunu deyir:

- Qiymətlər normaldır. Hər kəs cibinə görə bir şey ala bilir. Düzdür, keyfiyyətsiz mal ucuz, keyfiyyətli isə bahadır.

Sualımızı cavablandıran növbəti alıcı isə tam fərqli düşünür:

- Bazarda qiymətlər normaldır. Normal olmayan bizim cibimizir.

- Ona görə də, maaşı az olan baha, maaşı normal olan ucuz deyəcək.

Alıcılar bildirdi ki, bazardakı qiymət yarmarkadakı qiymətə nisbətən bəzən eyni, bəzən də ucuz olur. Alıcıların çoxu bazarda daha çox keyfiyyətli məhsulların satıldığını söylədi.

Tərəvələrdə ucuzlaşma

Tərəvəz məhsullarının qiymətində isə ucuzlaşma hiss olunurdu. Bunu həm alıcılar, həm də satıcılarla danışarkən təsdiq etdilər. Satıcılar deyir ki, ucuzlaşmaya səbəb məhsulun bolluğudur. Tərəvəzlərin bir kiloqrama görə qiyməti: badımcan 0,30 – 0,50 manat; pomidor 0,80- 1 manat; lobya 1 manat; bibər 1 – 1,50 manat; xiyar 0,40- 0,80 manat; kartof 0,50 – 1 manat; soğan 0,25- 0,40 manat; qırmızı soğan 1 manat; göyərti 1 dəstəsi 15 qəpik.

Meyvə qurusu – çərəzlər

Bazarda meyvə, tərəvəz alan alıcıların aktivliyi görünsə də, çərəz alanlar demək olar ki yox idi. Bu səbəbdən çərəzlərin qiyməti ilə maraqlandıq: şabalıd 6 - 10 manat; ağ kişmiş 4 – 5 manat; qara kişmiş 6 manat; ərik qurusu 5 – 7 manat; qoz ləpəsi 9 – 13 manat; əncir qurusu 5 manat, xurma 4 manat. Ramazan ayının gəlişi ilə bağlı xurmanın qiymətinin artıb-artmayacağını soruşduq. Satıcılar dedi ki, xurma Azərbaycana xarici ölkələrdən gətirilir: “Əgər topdansatış yerlərində xurma bahalaşarsa, bazarda da bahalaşacaq.”

Ət və süd məhsulları

Bazarın bir tərəfində qatıq və süd məhsulları da satılırdı. Gündəlik həyatımızda süd məhsullarından daimi istifadə etsək də, alıcılar bu məhsullara müraciət etmirdi. Səbəbini soruşduqda isə satıcı bildirdi ki, camaat süd məhsullarını mağazalardan alır. Bizdən süd-qatıq alan isə daimi müştərilərdir. Qatığı, süzməni Beyləqandan gətirdiyini deyən satıcı bizi qiymətlərlə tanış etdi: motal pendiri 7 manat; süzmə 1,50 manat; kənd yumurtası 20 qəpik.

Bazarı ət dükanına baş çəkmədən gedə bilməzdik. İçəridə alıcıların sıxlığından fürsət tapıb ətin qiymətini də öyrəndik: quzu əti 11 manat; dana əti 8 manat; erkək quzu əti 10 manat; farş 10 manat; toyuq əllə kəsilmə 5 manat; broiler toyuq əti 2,50 manat. Satıcıdan Ramazan ayında ətin qiymətinin artma ehtimalını soruşduq. Bildirdi ki, indi nəsə söyləmək tezdir.

Bazardakı atmosfer – satıcıların problemləri

Bazarda qiymətləri öyrəndikdən sonra satıcıların problemləri ilə də maraqlandıq. Bildirdilər ki, günə 3-4 manat, aya isə 150 manat yer pulu verirlər. Bu onları qane edir. Ancaq “Yaşıl Bazar”a iki marşrut xəttinin işləməsi onların ticarətlərini öldürür:

“Bazara 199 və 11 nömrəli marşrut xətti işləyir. Qalan marşrut avtobuslarının çoxu “8 km” bazarına gedir. Ona görə burada alver zəifdir. Bir də bazarın yanında maşın saxlamağa yer yoxdur. Ona görə müştərilər maşın saxlamayıb bazara girə bilmirlər.”

Satıcılardan yarmarkalara gedib-getmədiklərini soruşdum, onlar da necə deyərlər sandığı açıb pambığı tökdülər:

“Yarmarkalara bizdən mal alıb aparırlar. Kənd təsərrüfatı ilə məşğul olan adamlar heç yarmarkaya girə bilmir. Yarmarkada alverçilər işləyir, özü də bizdən “atxod” malları alıb baha qiymətə satırlar.”

“Bazarda xarici mal yoxdur”

“Bazarda xaricdən gətirilən məhsullar – banan, portağal, qreyfurtdur. Qışda xarici meyvələr çox olur. Ancaq yayda yerli məhsullar xarici malları əvəzləyir” – deyə satıcılar danışdı.

Araşdırmanı bitirib satıcıların zarafatları və isti münasibətləri fonunda bazardan ayrıldıq. Qapıdan satıcının biri isə gülə-gülə bizə “Allah bazar versin” deyib yola saldı…

İqtisadçı ekspert Qubad İbadoğlu Publika.az-a müsahibəsində vətəndaşların alış-veriş üçün bazarlara mürəmadi üz tutmamasının səbəblərini açıqlayıb.

Onun fikrincə, bazarlarda alış-veriş edən insanların sayının azalmasına səbəb onların yaşadıqları əraziyə yaxın meyvə-tərəvəz dükanlarından daha çox istifadə etmələridir.

Ekspert deyir ki, bu tip dükanlarda daimi müştəri əlaqələri qurulur ki, bu münasibətin nəticəsində alış-veriş üçün vəsait olmayanda belə nisyə mal almaq mümkün olur. Sonda isə əməkhaqqı alan müştəri satıcıya borcunu qaytarır.

“Bundan başqa, yanacağın bahalaşması da bazarlarda alış-verişə təsir göstərir. Hazırda şəxsi avtomobillə bazara gedib alış-veriş etmək sərfəli deyil. Nəzərə alsaq ki, yanacaqdan əlavə, parkinq xidmətində də bahalaşma var və bu bahalaşma insanları yaşadıqları ərazidəki meyvə-tərəvəz dükanlarına üz tutmasına sövq edir. Yanacağın qiymətinin artması bazarlarda satılan məhsulun qiymətinə də birbaşa təsir edir.”

Pərvin Zeynal

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm