Heç olmasa bu addımı vaxtında ataq
Bizi izləyin

Qırmızı.az

Heç olmasa bu addımı vaxtında ataq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Ermənistanın Azərbaycana qarşı apardığı və genişləndirmək niyyətində olduğu təcavüz siyasətini ifşa edən yeni sənəd təqdim edilmişdir.
AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı həmin sənəddə təcavüzkar Ermənistanın son dövrlərdə atəşkəs rejimini intensiv şəkildə pozması və işğal ərazilərini genişləndirmək istəklərini də gizlətmədiyi göstərilir. Sənədin müəllifi Rafael Hüseynov Avropa Şurasını Ermənistana qarşı təcili tədbirlər görməyə çağırır və təcavüzkara qarşı dərhal sərt münasibət göstərilməməsinin, cəzasızlıq sindromunun yaranmasının yeni faciələrin törənməsinə təkan verməsini vurğulayaraq deyir: “İstənilən arzuolunmaz hadisənin baş verməməsinin qarşısının alınması üçün əsas şərt vaxtında atılan addımdır. Zəruri addım gərək olan ilk andaca atılmayanda fəsadlar baş verir, proseslər dərininə inkişaf edir. Bəzən isə belə ləngimə və biganəlikdən yaranan bir presedent daha dəhşətli olan zəncirvari reaksiyaya səbəb olur, yeni-yeni oxşar hadisələr törəyir.
1980-ci illərin sonlarında Dağlıq Qarabağda separatizm dalğası qalxanda, 1990-cı illərin başlanğıcında Ermənistan Azərbaycan ərazilərini işğal edəndə beynəlxalq birlik buna qarşı qətiyyətli əməli mövqedə dursaydı, 2000-ci illərin əvvəllərində Avropa Şurası işğalçı ölkəni öz sıralarına qəbul edərkən daha sərt şərtlər qoyaraq ən qısa zamanda münaqişənin həlli tələbini kəskinliklə irəli sürsəydi, bəlkə də biz bu gün davam edən münaqişədən deyil, tarixin arxada qalmış və örtülmüş bir səhifəsindən bəhs edərdik. Separatizm və işğalçılığın bu bariz nümunəsinə vaxtında göstərilməyən əks reaksiya, təcavüzkara qarşı ən sərt sanksiyaların tətbiq edilməməsi acı nəticələrini verdi. Bir pis nümunə digər ölkələrdə də yeni-yeni münaqişə ocaqları, separatizm halları, təcavüz faktları doğurdu və heç kəs deyə bilməz bu, sondur. Ona görə də biz acı təcrübələrdən mütləq dərs almalıyıq.
Son həftələrdə Ermənistan-Azərbaycan sərhədlərində, Tovuz-Qazax, Naxçıvan istiqamətlərində baş verən narahatedici hadisələr də məhz indi təcili addımların atılmasını zəruriləşdirir. Tovuz, Qazax rayonları səmtində, Azərbaycanın Ermənistan tərəfindən son 25 il ərzində tam blokada şəraitində saxlanan Naxçıvan bölgəsində işğalçı ölkənin silahlı qüvvələri ardıcıl olaraq atəşkəs rejimini pozmağa başlamışdır. Xüsusilə Sədərək, Culfa, Şahbuz səmtlərində Ermənistan tərəfin müxtəlif növ silahlardan istifadə olunmaqla təşkil etdiyi həmlələr hərbi əməliyyatların miqyasının genişlənməsi təhlükəsini yaradır. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı ərazi iddialarını və işğal niyyətlərini heç vaxt gizlətməyib, bu gün də həmin istiqamətdə fəaliyyətlərini davam etdirməkdədir, onda vəziyyətin nə qədər kritik olduğu bir az da aydınlaşar.

Avropa Şurası bu məsələyə təcili olaraq münasibət bildirməli, bu quruma qəbul olunarkən münaqişəni dərinləşdirəcəyini, işğal ərazilərini artıracağını deyil, məsələni diplomatik vasitələrlə həll edəcəyini əsas öhdəliklərindən biri kimi götürmüş Ermənistana ciddi təzyiq göstərməlidir. İş ondadır ki, Ermənistanın təbliğat şəbəkəsində Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı yer alan materiallar, təcavüzkar tərəfindən Azərbaycanın bu bölgəsinə son həmlələr real olaraq hərbi münaqişənin beynəlxalq müstəvidə genişlənməsi qorxusunu vəd edir. Çünki 1921-ci ildə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında bağlanmış Qars müqaviləsi Naxçıvana qarşı hər hansı təhlükələrin ortaya çıxacağı təqdirdə Türkiyənin dərhal məsələyə müdaxilə etməsinə qanuni imkan verir.
Beləliklə, müxtəlif xarici qüvvələrin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan təcavüzkar siyasətini davam etdirməkdə israrlıdır. Avropa Şurası Ermənistanın Azərbaycanın Qazax-Tovuz, Naxçıvan və digər bölgələrinə son dövrdə intensivləşmiş hərbi həmlələrinə qəti münasibətini bildirməli, həddini aşan Ermənistanı cilovlamağın bütün qanuni yollarından istifadə etməlidir. İkili standartların tətbiqində ittiham olunmaq istəmirsinizsə, Rusiyaya qarşı operativliklə həyata keçirilən sanksiyaları işğalçı Ermənistandan da əsirgəməyək. Bu gün Azərbaycanın sərhədlərində Ermənistanın açdığı atəşlərin səsini Strasburqda eşitmək və tədbir görmək vacibdir. Heç olmasa bu addımı vaxtında ataq. Sabah gec ola bilər!”.

AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm