Atom bombasının satıla biləcəyi yeganə bazar - ARAŞDIRMA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Atom bombasının satıla biləcəyi yeganə bazar - ARAŞDIRMA - FOTOLAR

- Atom bombası çıxıb.

- İnanmıram.

- Niyə?

- O bomba Ağdam bazarında satılmayıbsa, çıxmasına heç vaxt inanmaram.

Bu sözlər bir vaxtlar bütün SSRİ-də məşhur olan Ağdam bazarı haqqında deyilərdi. Ağdam bazarına gəlib, istədiyini tapmamaq mümkün deyildi. Ağdamlıların sözlərinə görə, bazarı dörd tərəfdən – “Abu”nun univermağı istiqamətində İslam Hacıyev küçəsi, yuxarıdan, keçmiş 6 nömrəli məktəb tərəfdən Süleyman Sani Axundov, Ticarət passajı istiqamətində, Lenin küçəsi, 1 nömrəli məktəbin yan tərəfindən isə Əzizbəyov küçəsi kəsirdi. Ümumiyyətlə, bazarın ərazisinin böyük bir hissəsi məhz bazara və dəmirçilərə aid idi. Bazarda elə bir sistem qurulmuşdu ki, orda hamı hərəkət etməli və pul qazanmağa məcbur idi.

Ağdamı Ağdam edən təkcə bazarı deyildi. Kəlbəcər torpağının hər qarışında qızıl yatağı tapmaq mümkün idisə, Ağdam torpağı ən azı onun qədər zəngin idi. Bu torpağın altında qızıl yatağı olmasa da, hər qarışı qızıl qədər dəyərli idi.

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Ağdam kəsirini araşdırıb.

Təbiəti

Ağdamın dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi, əsasən, mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür.

Şahbulaq silsiləsini təşkil edən əhəng daşları çox keyfiyyətlidir, tikinti materialı və sement istehsalında xammal kimi istifadə edilir.

Ağdam-Ağdərə şose yolu silsilənin Şimal-Şərq dabanı boyunca uzanır. Yolun ustündə karxanalar yerləşir. Şahbulaq silsiləsinin uçub dağılmış hissəsindən Cənub-Qərbdə inturiziv (maqmatik) kütlənin yaratdığı yüksəklik 913 metrdir, yamacları çox meyilli və kəskin parçalanıb. Dağın faydalı qazıntı (mis, polumetal) saxlaması ehtimal olunur. O, Ağdərə rayonunda yerləşən və mis, polmetal yataqları olan Mehmanə, Qazançı dağları ilə eyni zonada yerləşib. Yeddixirman dağı ilə Şahbulaq silsiləsinin Çobandağ zirvəsi arasında Bozdağ yerləşib. Onunda əsasını inturuziv kütlə təşkil edir və xeyli hissəsində aşınma qabığı ilə örtülmüşdür. Ağdam rayonu ərazisi hər kv. km. sahədə 5-1 lit. san axımı olan az axımlı zonada yerləşir. Burada çay şəbəkəsinin sıxlığı 0.1-0.4 am/km. arasında dəyişir. İllik axım hər bir kv. km.-dən 2-5 lit/san, maksimum axım 25-50 lit/san, minimal axım isə 0.5-1 lit/san. bərabərdir. Rayon ərazisində çaylar tranzit xarakter daşıyır.

Rayonun nisbətən iri çayları Qarqar, Xaçın və Qabartı çaylarıdır. Qarqar çayının orta illik su sərfi 3.31m kub/san, orta illik axımı isə 104.4 mln. kub metrdir. Xaçın və Qabartı çaylarında isə bu axım kəmiyyətləri müvafiq olaraq 1.4 kub met/san və 44.1 mln. kub metr, 0.2 kub met/san və 6.3 mln. kub metrdir.

Rayonun Ağcabədi və Bərdə rayonları ilə sərhəddə yaxın sahələrin torpağı bozdur. Burda taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini, biçənək və örüşlər geniş sahə tutur. Təbii bitki örtüyü yovşanlı-şoranlı otlu quru çöllərdən, çəmənliklərdən, ağotlu çöllərdən, kollardan, və seyrək meşələrdən ibarət olub. Hazırda meşələr yalnız dağ ətəklərində və alçaq dağlıq yerlərdə yerləşib, 1.7 min hektar sahə tutur. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək meşələri salınıb.

Heyvanat aləmi əhalinin sıxlığı və insanın əmək fəaliyyəti ilə əlaqədar olaraq çox kasaddır. Rayon ərazisində faydalı qazıntılardan əhəng daşı, gil, çakıldaş, qum, gillicə daha çoxdur.

Rayonun relyefi, əsasən, düzənlik, qismən dağlıdır. İşğaldan əvvəlki dövrdə Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdi.

Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.

Sənayesi

Sovet dövründə işğal altında olan rayonların bütün sənaye məhsullarının 40%-ə qədəri və yaradılmış əsas fondların 18,7%-i bu vilayətin və sənaye məhsulunun 5%-i, əsas fondların isə 41%-i Füzuli və Ağdam rayonlarının payına düşürdü.

Sənaye və tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayonları (sənaye məhsulunun 51%-i, əsaslı fondların 41%-i), Dağlıq Qarabağ və Ağdamdakı mərmər, mişar daşı zavodları, çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də məşhur olan “Ağdam” tipli şərablar və digərlərini istehsal edən şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqabı fabrikləri var idi.

İşğaldan əvvəl

Ağdam rayonunun işğaldan əvvəl 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar isə yol, su və kanal kənarı, şəhərətrafı meşə sahəsi mövcud idi.

Rayonun ümumi ehtiyatları 64863 min m3 olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb. Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 kilometr, su toplayıcı sahəsi isə 657 km2-dir.
Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair müəyyən faktları aşkar edib.

İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.

Rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.

İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir.

Dünyada ikinci muzey

İşgaldan əvvəl rayon Partiya Komitəsinin təbliğat və təşviqat komitəsində müdiri, 1995-2000-ci illərdə millət vəkili olmuş Çimnaz Əliyeva rayonun turizm və mədəniyyət potensialından danışır. Onun sözlərinə görə, Ağdamın digər kəndləri işğal edilməsəydi, turizm baxımdan ən güclü bölgə olardı:

“Həmin dövrdə Abdal-Gülablı və Şelli kəndlərində sanatoriyalar fəaliyyət göstərirdi. Şahbulaqdakı sanatoriyaya SSRİ-nin bütün ölkələrindən istirahət üçün gəlirdilər. Məktəblilərin istirahəti üçün Abdal-Gülablı kəndində meşədə çadırlardan ibarət düşərgə salınmışdı. Düzdür, Şuşadan fərqli olaraq burada turizm yüksək səviyyədə inkişaf etməmişdi, lakin potensial yüksək idi. İşğal olmasaydı imkanlar daha da artacaqdı. Şahbulaq, Xaçın çayının yaxınlığında yeni sanatoriyaların tikilməsi planlaşdırılırdı”.

Çimnaz xanım deyir ki, turistlər yalnız yay mövsümündə deyil, ilin bütün fəsillərində Ağdama gəlirdilər:

“SSRİ-nin bütün ölkələrindən Ağdama gəlirdilər. Dünyada ikinci, SSRİ-də birinci hesab edilən Çörək muzeyi turistlərin daha çox marağında səbəb olmuşdu, məhz həmin muzeyə baxmaq üçün gələn turistlər də var idi. Yalnız yay fəslində mindən çox turist gəlirdi. Bütün turizm imkanları rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayevin şəxsi təşəbbüsü əsasında yaradılmışdı. SSRİ-tərəfindən ayrıca vəsait ayrılmamışdı. Sanatoriyaların əsas hissəsi iməcilik, rayonun təsərrüfatı hesabına tikilmişdi. Ağdamın dəyərli kəhriz və bulaqları var idi ki, onların hər birinin ətrafında sanatoriya sala bilərdik. Işğal edilməyən Əhmədağalı kəndi ərazisində kəhriz ətrafında balıqçılıq təsərrüfatı yaradılıb, ətrafı isə meşəlikdir”.

Ç.Əliyevanın sözlərinə görə, rayonun ən çox turizm potensialı olan kəndləri işğal altındadır. Qərvənd kəndi taxılçılıq üzrə ən yüksək məhsul verirdi, hər hektardan 42 sentner, bəzi briqadalar 72 sentner verirdilər. Bakı Avtomat zavodunun filialı, taxıl məhsulları kombinatı var idi, xalçaçılıq fabrikinin məhsulları bütün dünyaya xalça ixrac edilirdi.

“14 ilə yaxın mədəniyyət şöbəsində çalışmışam və son illər Ağdamda mədəniyyət, iqtisadi imkanlar bərabər inkişaf edirdi. Mədəniyyət günləri keçirildi, 100 min cildlik kitabxana istifadəyə verildi, 11 musiqi məktəbi, şəkil qalereyası var idi. İndi məni ən çox düşündürən həmin mədəniyyət abidələrinin taleyidir”.

20 min işçisi olan zavodlar

Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Zülfü Qasımov deyir ki, 70-ci illərə qədər aqrar rayon, ondan sonra isə sənaye şəhəri olaraq inkişaf etdi. Rayonda 27 sənaye müəssisəsi var idi:

“Ağdam Dəzgahqayırma zavodunda 950 işçi var idi, ildə 12-15 milyon məhsul istehsal edirdi. Bu məhsullar SSRİ-nin 125 şəhərinə göndərilirdi. Taxıl Məhsulları Kombinatı ildə 80 min tox taxıl istehsal edirdi, orada çalışanların sayı 300-dən çox idi. Ət kombinatı, yağ, pendir zavodları, xalça fabriki, traktor təmiri, 13 şərab zavodu var idi. 29 kənd təsərrüfatı müəssisəsi var idi. 13 kolxoz, 12 sovxoz, 4 ədəd də onlara xidmət edən təşkilatlar idi. 39 tikinti təşkilatında 2 minə qədər işçi çalışırdı. Təxminən sənaye müəssisələrində 20 minə qədər insanı işlə təmin edilmişdi. Orta hesabla 80 milyon manata qədər məhsul istehsal edilirdi. İşğal dövrünə olan rəqəmlərə görə, itkilərimiz 7 milyarda manata qədər idi. Işğal olunmasaydı hər il nə qədər qazancımızın olacağını təxmin etmək çətin deyil”.

Z.Qasımovun sözlərinə görə, Ağdamın tikinti materialları kombinatında Qarabağ zonasını, daş və əhənglə təmin edirdi. Kənd təsərrüfatı məhsulları təminatının əsas hissəsi Ağdamın payına düşürdü. Həmin təsərrüfatları su ilə təmin etmək üçün bulaqlar, kəhrizləri var idi. Ağdam işğal edilməsəydi, indi Dubaya gedənlər ora gedərdi. Rayonun 90-cı illərdəki inkişafına görə, heç bir rayonla müqayisəyə gələ bilməz.

Rayona dəyən zərər

Təxmini hesablamalara görə, 1994-cü ilə qədər işğal nəticəsində Ağdam rayonunun işğal edilmiş və ya dağıdılmış yaşayış məntəqələrinə 1900000 dollar, sənaye obyektlərinə 1655, əkinçilik sahələrinə 1450, maldarlıq təsərrüfatlarına 7500, meşə təsərrüfatına 147 900 min dollar, səhiyyə müəssisələrinə 39980 dollar ziyan dəyib. Ümumilikdə, ziyanın miqdarı 6.100.107.000 (altı milyard yüz milyon yüz yeddi min) dollardır. Əlbəttə, bu yalnız işğaldan əvvəl olan istehsal və imkanlar nəzərə alınaraq hesablanmış təxmini rəqəmlərdir. İşğal edilməsəydi rayonun necə inkişaf edəcəyini, büdcəyə nə qədər xeyir verəcəyini dəqiq hesablamaq mümkün olardı.

Ağdam azadlıqda

Rayonun işğal edilməyən kəndlərində həyat davam edir. Sakinlərin də dediyi kimi, qalan kəndlərin imkanları az olsa da, 2013-cü ilə olan məlumata əsasən, rayonun sosial-iqtisadi inkişaf dinamikası saxlanılmış, ümumi məhsul buraxılışının həcmi ötən illə müqayisədə 0,7 faiz artaraq 113,1 milyon manat olub. Bu dövrdə sənaye məhsulunun həcmi 4,9 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 79,2 milyon manat, ticarətin dövriyyəsi 9 milyon manat olmuş, əsas kapitala 18,7 milyon manat vəsait yönəldilib. İl ərzində 872-si daimi olmaqla 1558 yeni iş yeri açılıb.

2013-cü ildə 51 min 539,7 ton taxıl, 46 min 795 ton tərəvəz, 8320 ton kartof, 4890 ton bostan, 4048 ton qarğıdalı, 1300 ton şəkər çuğunduru istehsal edilib. Rayon üzrə iri buynuzlu mal-qaranın sayı 37 min 530 başa, qoyun və keçilər 105 min 169 başa çatmış, əvvəlki illə müqayisədə ət istehsalı 147,3 ton, süd istehsalı 3766 ton artmışdır.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə il ərzində 1074 baş inək və düyə süni yolla mayalandırılmış 870 baş sağlam bala alınıb.

Rayonun təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində xeyli iş görülüb.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm