Növbəti qəbul imtahanı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Növbəti qəbul imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək.


Publika.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, abituriyentlərin ərizələrinin qəbulu mayın 12-dən iyunun 13-dək internet vasitəsilə aparılıb.


Onun sözlərinə görə, imtahanda iştirak etmək üçün 14923 abituriyent ərizə təqdim edib. Onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir.


TQDK sədri bildirib ki, 14380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək: "Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsili müəssisələrinin məzunları olmuş şəxslər, 50 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il təvəllüdlüdür. Qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq".

İmtahan 1 saat 30 dəqiqə ərzində aparılır və abituriyentlərə Ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60 sual) təqdim olunur. Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar.


M.Abbaszadə deyib ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Belə ki, həmin kateqoriyadan olan abituriyentlər kolleclərə qəbul olmaq üçün buraxılış imtahanından əlavə imtahan verməyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm