• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycan mətbuatının dil problemi müzakirə olunub

Azərbaycan mətbuatının dil problemi müzakirə olunub

Bu gün "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda konfrans keçirilib.

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Prezident sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş konfrans Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Azərbaycan mətbuatında, internet-media məkanında dil xüsusiyyətlərinə, həmçinin müasir televiziya və radiolarda ana dilinin işlənilməsi məsələlərinə diqqət yetirilib, mövcud istiqamətlərdə müzakirə aparılıb.

Konfransda MŞ İdarə Heyətinin üzvləri, MTRŞ rəhbərliyi, kütləvi informasiya vasitələrinin baş redaktorları, dövlət rəsmiləri də iştirak ediblər.

MŞ sədri Əflatun Amaşov bildirib ki, hər bir xalqın mövcudluğunda onun milli dili mühüm rol oynayır: "Azərbaycan dili rəsmi olaraq ölkəmizin dili və milli həmrəyliyimizin dilidir. Bu dil, eyni zamanda, Azərbaycan məfkurəsinin formalaşmasında mühüm rola malikdir. Təqribən dünyada 5 minə yaxın dil mövcuddur. Faktlar kimi dillər də aradan çıxır. Biz xoşbəxtik ki, bizim öz dilimiz var və Azərbaycan xalqı bu dildə danışır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra işlər görülüb. Dövlət dilimiz, Latın qrafikasında Azərbaycan dilinin tətbiqi və s. ilə bağlı sənədlər qəbul olunub".

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə diqqətə çatdırıb ki, bu cür məsələlərin həlli yollarını axtarıb tapmaq lazımdır: "Ümumiyyətlə, Azərbaycan dili məsələsi, inkişafı, zənginləşməsi çox çətin məsələdir. Hesab edirəm ki, bu sahədə ziyalılara böyük ehtiyac var. Bu gün internet dili beynəlxalq insanlar tərəfindən qəbul olunub. Eyni zamanda, biz milli özünümüdafiə məsələlərinə xüsusi yer verməliyik. Ölkəmiz Azərbaycan dilinin rəsmi dövlət dili kimi işlənməsinə xüsusi önəm verir".

N.Məhərrəmli xatırladıb ki, 2013-cü ilin aprelin 9-da Prezident İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzaladı: "Həmin sərəncamda da bildirilir ki, bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Hesab edirəm ki, bu sözlər bizim üçün əsas iş olmalıdır. Bir sıra telekanallarla görüşüb mövcud məsələləri müzakirə edirik. Bu sahədə digər problem isə aparıcılara nitq, dillə bağlı treninqlərin keçirilməsi idi. Etiraf edim ki, bu məsələ çox çətin məsələdir. Azərbaycan dili məsələsi hər kəsin vətəndaşlıq məsələsi olmalıdır. Media bu məsələdə daha öndə olmalıdır. Eləcə də vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkiları və s. bu istiqamətdə öz işlərini qurmalıdır. Təəssüf ki, bu gün aparıcıların əksəriyyəti ədəbi dil normalarından uzaqdırlar. Biz çalışmalıyıq ki, onlar ədəbi dil normalarını inkişaf etdirsinlər. Biz deyə bilmərik ki, Azərbaycan kinolarında və s. xalq danışığı olmasın. Təbii ki, bu da olmalıdır".

Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, Mətbuat Şurasının layihə üzrə monitorinq qrupunun rəhbəri, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov və digərləri çıxış edərək dil normaları ilə bağlı fikirlərini bölüşüblər.

Konfransa diskussiya şəklində yekun vurulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR