Rusiyaya gedən kişilərin arvadlarından şikayət
Bizi izləyin

Qırmızı.az

Rusiyaya gedən kişilərin arvadlarından şikayət

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycanlı miqrantların ölkədə qalan ailələrin durumu ilə bağlı tədqiqat aparıb.

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bununla bağlı “Azadlıq” Radiosuna müsahibə verib.

- Serhan bəy, tədqiqat əsas nələri ortaya çıxardı?

- Tədqiqat zamanı bütün miqrantların ailələrinin durumunu araşdırmadıq, çünki bu mümkün deyil, həm də gərək yoxdur. Biz miqrant kişilərin az və ya heç əlaqə saxlamadıqları ailələrin vəziyyətinə işıq tutmaq istədik. Bu ailələr maliyyə sıxıntısı çəkir. Çünki ərləri onlara vaxtaşırı pul göndərmir. Bəzi ailələr uşaqların sağlamlığı və təhsili sarıdan çətinliklər yaşayırlar. Bundan başqa, ailə başçılığı üzərinə düşmüş qadınların maliyyə problemlərini aradan qaldırmaq üçün peşə təhsili almasına ehtiyacları var. Bu qadınların bəziləri evlənənə qədər işləyib. Evlənəndən sonra ərlərinin xaricə gedib daha çox pul qazanacağı ehtimalı ilə və ya uşaqlara baxmaq səbəbi ilə işlərini buraxıblar. Bəzilərinin isə, ümumiyyətlə, peşə təhsili yoxdur. Bu qadınların çoxu vəziyyətdən çıxış yolu tapa bilmirlər. Bununla bağlı onlar arasında maarifləndirmə aparmağa ehtiyac var. Bu ailələrin dövlətdən yardım almaq imkanları var, amma bu imkanı gerçəkləşdirə bilmək üçün məlumatları yetərli deyil. Biz layihə çərçivəsində bəzi ailələrin ünvanlı yardım ala bilməsinə kömək etdik. Amma burda bir problem də odur ki, miqrant ərlərinin gec-gec əlaqə saxladıqları, ya artıq bu əlaqənin kəsildiyi xanımlar öz durumlarını ictimai şəkildə bəyan etməkdən çəkinirlər ki, birdən yaxşı qarşılanmazlar.

- Serhan bəy, ərləri ilə əlaqəni tamamilə itirən qadınların nikahı ləğv etmə məsələsi tədqiqatın hədəfi olub. Bu sahədə qadınlar hansı problemlərlə üzləşirlər?

- Bəzi xanımların ərləri ilə uzun müddətdir ki, əlaqələri yoxdur, heç bilmirlər ki, həyat yoldaşları sağdır, ya yox. Nikahın birtərəfli qaydada pozulması ilə bağlı onlar çətinliklər yaşayırlar. Məhkəməyə müraciət edə bilərlər, amma bu, mürəkkəb prosesdir və müəyyən maliyyə tələb edir. Maliyyə sıxıntısı olan qadınlar üçün də əlavə yükdür.

- Tədqiqatın ortaya çıxardığı problemlərin həllində hökumət hansı köməyi, yardımı edə bilər?

- Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirdi ki, bu tədqiqatdan doğan problemlərin həllində addımlar atacaqlar.

- Serhan bəy, tədqiqata cəlb etdiyiniz respondentlər təsadüfən seçilib?

- Xeyr, biz yerli icra hakimiyyətlərinə müraciət etdik ki, bizə məhz bu kateqoriyaya aid ailələri tapmaqda kömək etsinlər. Bakı, Sumqayıt, Mingəçevir və Naftalan şəhərlərində və Şəki, Yardımlı, Masallı, Şəmkir, Lənkəran, Goranboy rayonlarında 56 respondentlə söhbətlər aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm