• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Azərbaycanda seks yoxdur" - BRİFİNQ

"Azərbaycanda seks yoxdur" - BRİFİNQ

"Brifinq"in budəfəki qonağı tanınmış rejissor Aqil M.Quliyev oldu. Şəxsi həyatından tutmuş, klip çəkilişlərinin incəliklərindən danışan rejissor kinonu ərsəyə gətirən komandanın çatışmazlığından danışdı. Qızı ilə münasibətlərinin korlandığını deyən Aqil bəy əmisi ilə də əlaqəsinin olmadığını dilə gətirdi. Aqil M.Quliyev hazırda türk şirkətləri ilə çalışan müğənnilər Aygün Kazımova və Röyanın işlərini dəyərləndirdi.

- Mən harasa boş-boşuna gedə bilmirəm. Məkan seçirəm, gəzirəm, telefonla çəkirəm. Dincəlmək faylı məndə yoxdur, bu, məndə alınmır. Mən işimi görə-görə dincəlirəm. Haradasa çəkilişim varsa, 2-3 gün öncə gedib, həm işimi görürəm, həm də dincəlirəm. Belə daha çox həzz alıram. 1 saat meşədə gəzirəm, ya şəlalə qırağında oluram. Bakıda haradasa kafedə sərin yerdə oturub ssenari yazaraq dincəlirəm.

N.Muradova: Bu yaya işlə bağlı planlarınız nədir?
- Hazırda "Şaman" filminin son montaj mərhələsinə girmişik. Hər axşam, demək olar ki, montajdayıq.

N.Muradova: Prodüserliyini və rejissorluğunu özünüz edirsiniz, bəs maliyyəsini haradan tapmısınız?
- Film hazır olsun, maliyyəsini həmin insanların razılığı ilə o zaman açıqlayacağam. Son mərhələdə olan çəkilişləri də özümüz gördük. Filmə xalq artistləri Yuri Baliyev, Amaliya Pənahova çəkilib, qədim türk mifologiyası üzərində qurulub. Ssenari müəllifi mən və İkram Əliyevdir.

"Daxili senzuramız sovet vaxtından qalıb"

N.Muradova: Kino industriyasının bu vaxtkı dövründə belə işə girişmək çətin olmadı ki?
- Təbii ki, çətin oldu. Bizdə kinonu yaradan ikinci heyət çox zəifdir. Rejissor, ssenarist talantlı, operator dahi ola bilər, amma bu insanların yanında köməkçilər olmalıdır. Arxa planda görünməyən insanlar var ki, işi düzüb-qoşur, onun vaxtlı-vaxtında icra olunmasına nəzarət edir. Bizdə o insanlar çox azdır.

N.Muradova: Kinostudiyanın özündə də belə fikir var ki, Azərbaycanda bir komanda filmi çəkir. Əlavə adamları necə tapırsınız?
- Maksimum iki komanda var. Sadəcə olaraq gərək boşluğu gözləyəsən ki, o insanlar hansısa filmi bitirsin, onlarla danışıb işləyəsən. Ona görə də "Şaman"ın istehsalatı 5 il vaxt apardı. Biz 2009-cu ildə birinci səhnəni çəkdik. Vaxt tapanda yeni səhnələr çəkirdik. Son səhnəni isə bu ilin aprelində çəkdik.

N.Muradova: Filmin uzanması həm də maliyyə ilə bağlı idi?
- Təbii ki.

“Amaliya Pənahovanın çox maraqlı inzibati qabiliyyəti var”

N.Muradova: Amaliya xanımla işbirliyiniz "Şaman"dan başladı?
- Yox, ondan əvvəl, 2008-ci ildə "Sarı gəlin" klipindən başlayıb. Orada Bizans zadəganının, "Sarı gəlin"in nənəsi obrazı vardı, Amaliya xanım ssenariyə baxıb dedi ki, layihə "Sarı gəlin" olduğuna görə razılıq verirəm. O vaxt bizimkilərlə ermənilər arasında "Sarı gəlin" ətrafında böyük qalmaqal qalxmışdı. Ona görə də dedi ki, bu işdə sizinlə varam.

N.Muradova: Bəs teatrla əməkdaşlığınızla bağlı qərar necə verildi?
- 3 il öncə teatrda bir layihə vardı, Amaliya xanım istəyirdi ki, mən səhnəyə çıxım və bir rolda oynayım. Bizim söhbətlər o vaxtdan başladı. Sonra həmin layihə qıraqda qaldı və indiki Polşa rejissoru Kşıştov Zanussi ilə bağlı layihə meydana çıxdı. İl yarım öncə Azərbaycanda keçirilən teatr simpoziumunda Amaliya xanım Zanussi ilə tanış olmuşdu, mən Zanussinin hansı festivalların ödüllərini aldığı barədə məlumat verəndə Amaliya xanım qollarını çirmələdi və işə girişdi. Onun çox maraqlı inzibati qabiliyyəti var. 21 ildir teatr rəhbəridir, çox nadir hallarda olur ki, sənətkar belə bir inzibati iş görər. Zanussi ilə razılığa gəldik.

N.Muradova: Nəticədən razı qaldınız?
- Nəticədən də razı qaldıq. Əsas odur ki, Zanussi özü Azərbaycan aktyorlarından, bizim aktyor məktəbindən razı qaldı. Bu insan müxtəlif Avropa teatrlarında işləyib. Ondan soruşdum ki, bizim aktyorlarla dil tapıb işləmək nə qədər asandır? Çox məmnun olduğu bildirdi, söylədi ki, çox rahat dil tapıb.

N.Muradova: Teatr cameəsində ajiotaj yarada bildiniz?
- Düşünürəm ki, yaratdıq. Bizdə hamı öndə gedəni daş-qalaq etmək istəyir. Amaliya xanım həmişə öndə gedən olub, oynadığı rolların siyahısını götürsən, o rol qalmayıb ki oynamasın. Çox məhsuldar aktrisa olub. Amma paxıllıq edənlər var. Qanımızda bir şey var ki, mən buna əl çalmayım, yaxşı olduğunu deməyim. Fikirləşirəm ki, ortaya qoyduğumuz iş Azərbaycan teatr cəmiyyətinin uğurudur. Avropa səviyyəsində çalışan qocaman sənətkar haradasa Azərbaycan aktyorları haqqında xoş söz deyəcək.

"Bizim təsəvvürümüzdə rejissor bədbəxt olmalıdır"

N.Muradova: Bu işbirliyi həm də böyük məbləğ deməkdir...
- Çox da böyük məbləğ deyil. Məbləği açıqlaya bilmərəm. Bir söz söyləyə bilərəm ki, Azərbaycanda qurulan tamaşalardan baha başa gəldi. Çünki bizim aktyorlar Zanussinin iqamətgahında 10 gün qalıb məşq elədilər. Cənab Zanussinin köməkçisinin gəlməyi, qalması, hamısı puldur. Tamaşa bilet satmaq üçün yaranmayıb. Bu, konkret Amaliya xanımın teatrda fəaliyyətinin 50 illik yubileyi ilə bağlı tədbir idi. Amma iş ona dəyərdi. Biz piar deyirik, amma sənətimizin düzgün piarını qura bilmirik. Zanussinin Kann, Venesiya festivallarında Azərbaycan haqqında bir kəlmə xoş deməsi artıq bizim uğurumuzdur. Bu, həmin zala gəlməyən, əl çalmayan və dalımızca danışanın da uğurudur, onu başa düşmür.

N.Muradova: Gəlməyənlər çox oldu?
- Olan oldu. Adamlar var ki, kiminsə uğurunu gözü götürmür.

Nərgiz Ehlamqızı: Bayaq söylədiniz ki, Sizə rol təklifi olmuşdu. "Bəyaz həyat" serialında oynamısınız. İndi özünüz niyə hansısa rol ifa etmirsiniz?
- Desəm ki, məni dəvət edirlər, imtina edirəm, bu elə deyil. Son illər ərzində 2 dəfə dəvət ediblər. Birini qəbul etmişdik. Kinostudiyada xarici təhsil almış azərbaycanlı rejissorlar almanax kimi film yaradırdılar. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov dəvət etdi. Hazırda film montajdadır, İradə Bağırzadənin layihəsi, Vüqar İslamzadənin filmidir. Orada qəddar cani rolunda oynadım. Mənim bir xasiyyətim var, dəvət edəndə çox da pul söhbətinə girmirəm. Rol xoşuma gəldisə, götürürəm. Bu yaxınlarda Şahin Zəkizadə dəvət elədi, sadəcə indi məşğul olduğuma görə imtina etdim. Amma desəm ki, səhərdən axşama kimi təkliflər gəlir, yalan olar. Bir dəfə də olsun radio veriliş təklifi olunmayıb. Kinostudiyadan son 10 il ərzində bir dənə bu balaca rolu aldım. Onu da gənc rejissor görüb dəvət elədi.

"Cəhənnəmə gedib qayıtmışam"

N.Muradova: Niyə Sizi kino cameəsi qəbul eləmir?
- Çox maraqlı vəziyyət yaranıb. Məni şou-biznes qəbul eləmirdi ki, sən kino adamısan, lazım olmayan təhsilin var. Söhbət düşəndə təhsil söhbəti ilə onlara təsir edirdim. Kino aləmi məni şou-biznes aləmi adamı kimi qəbul edir, həddən artıq populyar, qlamur, özündən razı. Yəqin ki, Azərbaycan stereotip təsəvvüründə rejissor bədbəxt, balacaboy, kök, yazıq obrazındadır. Özünəinam və özündən razılıq tamamilə başqa şeylərdir. Niyə də özümə inamım olmasın, hər gün heç olmazsa bir abzas öz sənətim haqda oxuyuram, bir filmə baxıram. Camaat gedir ailə qurub uşaqlarına baxır. Elə olur sutkalarla ofisdə qapını bağlayıb işləyirəm, yeni serialları izləyirəm. Mən iki aləm arasında qalmışam.

N.Muradova: Bəlkə, kinostudiyanın 90-cı illərdə təmirsiz vaxtlarında onlarla çiyin-çiyinə oturmadığınıza, kliplərlə məşğul olub pul qazandığınıza görə qınanırsınız?
- Dərd odur ki, çox adam bizim kliplərin çəkilişini kino pavilyonunda başladığımızı unudub. Biz klip çəkilişlərinə kino işçilərini dəvət edirdik ki, onlar oradan qazansınlar. Kinostudiyada balaca otaq vardı, bizim dostumuz operator Nadir Mehdiyevin operator otağı. O vaxt o otaqda Elxan Cəfərov, mən, Ülviyyə Könül, səs rejissoru Teymur Abdullayev yığışardı. Bu gənc nəsil kinostudiyanın o darmadağın dövründə hər gün gəlib-gedirdi. İlk kliplərimizi kinostudiyanın pavilyonunda çəkmişik. Biz heç vaxt almamışıq, biz nəsə gətirmişik, pul vermişik. 2000-ci illərin əvvəlində kinostudiyaya məni buraxmadılar.

“Orada qəddar cani rolunda oynadım”

N.Muradova: Xamis müəllimin rəhbərlik etdiyi dövr idi?
- Deyəsən. Qapıya gəldim, yeni mühafizəçi qoymuşdular, mənə qayıtdı ki, qardaş, səni tanımıram, içəri buraxa bilmərəm. O həmin dövr idi ki, "Bəyaz həyat"dan sonra küçələrdə avtoqraf paylayırdım. Amma o kişi məni tanımadı. O vaxtdan kinostudiyadan sındım. Bizim tələbə yoldaşımız, çox fəxr etdiyim Müşfiq Hətəmov kinostudiyaya gələndə bizim hamımızı çağırdı, söhbət elədik. Oraya ayağımız açıldı, gedib-gəlirik, çalışırıq birgə işləyək.

“Bizdə hamı öndə gedəni daş-qalaq etmək istəyir”

Taleh Şahsuvarlı: Niyə bizim kliplərimizdə yeni ideya yoxdur? Musiqi ilə uyuşma səviyyəsi çox aşağıdır?
- Musiqili klip janrı belədir ki, ön planda olan ifaçı və musiqidir. İfaçı, doğrudan da, ulduzdursa, musiqi fraqmenti hitdirsə, dəniz qırağında ştativsiz çəksən də hit olacaq. Problem ifaçıdan başlayır. Bunların səhnə qabiliyyəti, zahiri görünüşü, kamera qarşısında özünü apara bilməməsi, musiqi çox vacibdir. O vaxt toylar başlayanda dedim ki, bu işi dəyişəcək, eşitmədilər. Konsert üçün işləyən qrup başqa formatda işləyir, toy üçün işləyənlər başqa. Toy bütün şou-biznesi dəyişdi. Musiqini, insanları dəyişdi, tamamilə başqa ifaçılıq sənəti yarandı. Mən əslində buna görə qırağa çəkildim. Digər tərəfdən, bizim çox böyük senzuramız var, bizdə sovet vaxtından daxili senzuramız qalıb. Müəyyən kanal var ki, deyir ki, "qızın sinəsi görünməsin". Bunlar heç olmazsa, bunu açıq deyirlər. Nə badə Azərbaycan klipində oğlanla qız öpüşə. Azərbaycanda seks yoxdur, azərbaycanlılar ağacda bitir axı. Bu qadağalar var. Oğlanla qız arasında münasibəti necə göstərəsən? Yazıq rejissorlar nə etsin? Yataq yox, öpüşmək yox, qızı vurmaq yox, sındırmaq olmaz ki, bahadır. Göstərməyə bir şey yoxdur axı. Oğlan-qız, telefon filan. Dəniz qırağında qol-qola 122 dənə klip var artıq. Hazırda 2-3 ildir Miri Yusifin kliplərində yeni ideyalar əmələ gəlir. Toy qolunu götürəndə mətndə nə var, ekranda o olur. Mətn də nədir? Sən məni atdın, mən səni atdım. Niyə bir kanalda Beyons “kupalnik”də oynaya bilir, amma həmin kanalda kimsə bizimkilərdən ondan hələ abırlı çıxanda biz hay-küy qaldırırıq? Daxili senzuranı başa düşürəm. Amma niyə onu qəbul edirik, bunu yox. Bizdə kinoda da bu dərd vardı. Həmişə yataq çəkilişləri olan rollara xarici aktrisalar gəlir. Bizim müğənni klip çəkdirəndə əsas məqsədi odur ki, siması yadda qalsın, toylara dəvət eləsinlər. Klipdə nə göstəriləcəksə, hamısı “rasxod”dur, ondansa maşına verərəm yanaşması var. Bizim müğənnilər üçün indiki dövrdə ev, maşın, qızıl, geyim daha üstündür. İndi kasıb olmaq ayıb bir şey sayılır. Bu, mənəviyyatsız yanaşmadır. Kasıb, varlı və orta təbəqəyə bölünmə bütün cəmiyyətlərdə olub. Biz bilirik ki, varlı adamlar kimdir, nəçidir, hələ ona bəraət də qazandırırıq. Biz kiminsə məşuqəsinə “xanım” deyə bilirik, ofisiant işləyən qıza “xanım” deməyə dilimiz dönmür. Nəyə görə? Halbuki qız səhər saat 7-də durub halal zəhmətilə camaata qulluq edir ki, evinə çörək aparsın, o xanım daha hörmətli insandır, nəinki başqa yolla bahalı maşını üstümüzə sürən.

"Mənə bircə "mavi" deməyiblər"

N.Ehlamqızı: Söylədiniz ki, istədiyinizi çəkə bilmədiyiniz üçün klip çəkilişlərindən uzaqlaşdınız, bir ara Sizi ləng işləməkdə suçlayırdılar. Deyirdilər ki, Aqil yalançıdır. Hətta Faiq Ağayev, Röya ilə problemlər də yaşadınız...
- Bəli, Aqil yalançıdır, narkomandır, bazdır, min dənə epitet qoşdular. Belə baxanda “mavi”dən başqa hər şey deyiblər. Bu insanların 99 faizinin xəbəri yoxdur ki, istehsalat nədir, bilmirlər ki, ssenari yazılmalıdır, bunun üzərində operator çalışmalıdır, rəssam olmalıdır. Çox adama klipdə rəssam olmalıdır deyəndə qayıdır ki, doğrudan, papa canı? Mən həmişə işimi öz arxivim üçün görürəm. Baxmamışam ki, pulum, vaxtım gedir. Çox vaxt pulum gedib, bir köpük qazanmamışam, üstünə də pul qoymuşam ki, arxivimdə bu işlər olsun. Kliplər olub ki, sponsor pulu olub, müğənni məndən pul tələb edib ki, ondan mənə də ver. Bunlar hamısı kadr arxasındadır. Susmuşam ki, görüm axırı necə olacaq. Hamısı keçib, arxada qalıb. Müğənnilərə kimsə həyatda həqiqəti deməli idi də, bu da nəyə görəsə mən oldum. Faiqlə klip üstündə söhbətimiz olub, keçib.

N.Muradova: Faiq Ağayev işinə məsuliyyətlə yanaşır, ona görə Sizinlə anlaşa bilməməsi qəribədir...
- Biz Faiqlə bir yerdə Mədəniyyət və İncəsənət Universitetində eyni vaxtda oxumuşuq. O, musiqili-komediya, mən kinorejissoruluq şöbəsində təhsil almışam. Onun ilk solo-konsertinin rejissoru mən olmuşam. Faiqlə münasibətimiz həmişə olub. O klipin söhbəti oldu, keçdi. Belə fikir vardı ki, Aqil ləng işləyir. Sadəcə keyfiyyətli məhsulun üzərində gərək işləyəsən. Mənim üçün əsas odur ki, bu işi mən görürəm, ortaya çıxanda haqqımda nə deyəcəklər. Müğənnilər başa düşmür ki, bunu çəkib qurtaranda tarixdə qalır. Sabah öləndə bu qalır, elə eləməlisən ki, dədəmin goruna söyməsinlər.

T.Şahsuvarlı: Hüquqi baxımdan hansı statusla işləyirsiniz? Şəxsi vergi ödəyicisi kimi, yoxsa hər hansı bir şirkətlə?
- Şəxsi. 2007-ci ildən “Aqil M” film şirkətimiz olub. O vaxt böyük reklam işləri görürdük. Daha sonra şirkətin fəaliyyətini dondurdum. Çünki yeganə şirkətin rejissoru olmaq heç də xeyirli iş deyil.

"Röyanın həyatı bir əfsanədir"

T.Şahsuvarlı: Niyə müğənnilər hansısa şirkətlə çalışmaq əvəzinə sponsor axtarır? Olmazmı şirkət etik qaydalar çərçivəsində müğənni ilə müqavilə bağlasın və onunla iş görsün?
- Buna hələ bizim cəmiyyət, əsasən də təhsilsiz, dünyagörüşü kasad olan müğənnilər hazır deyil. Prodüser şirkəti ilə müqavilə bağlayıb, bu insanın hüquqinöqteyi, nəzərindən maraqlarını güdməsini və strateji planlama kimi bir şey edib onun yaracılığının satılmasını müğənnilər başa düşmür. Üç nəfərdən ibarət qrup yaratsan, o, maksimum 1 il yaşayacaq. 3 il ərzində 3 gözəl qızdan bir qrup yaratmaq ideyası çox bədbəxt fikirdir. Yarım ildən sonra o qızlar efirə çıxan kimi onlardan biri özünə kimisə tapacaq, aradan çıxacaq. Ki, məni efirə çıxmağa qoymur. Dantenin cəhənnəmi kimi, mən elə bil həyatda cəhənnəmə gedib qayıtmışam. İçəridə hər şeyi görmüşəm. Məsələn, Aygün Kazımova türk şirkəti ilə işlədi. Zənnimcə, düzgün seçilməmiş hədəf idi. Onun Moskvada, klub sistemi işləyən yerdə məşhur reperlə dueti uğur gətirərdi. Azərbaycanda klublar sistemi yoxdur. Bizdə klub əhli maksimum 300 nəfərdir, onlar da bir tədbirdə bu klubda otururlar, 2 saatdan sonra o biri klubda olurlar.

“Röya müasir, kapitalist Azərbaycanda bir simvoldur”

N.Muradova: Bəs Röyanın işini necə qiymətləndirisiniz?
- Röyanın işbirliyini deyə bilmirəm. Məncə, o hansısa şirkətlə işləmir. Həmişə olduğu kimi, öz bildiyini eləyir. Röyanın çox nadir tembri var. Röyanın uğuru bir neçə amildən asılıdır. Səsin tembrinin nə olduğunu mən bilirəm. Röyanın həyatı özü bir əfsanədir. O, faktiki olaraq Zoluşkadır. Ən aşağıdan ən yuxarı qalxan insandır. Məhz kasıb qızlar Röyaya inamla baxır ki, o bacardı, mən də bacararam. Ona görə də Röya müasir, kapitalist Azərbaycanda bir simvoldur. Röya qaranlıqda bir işartıdır, insanlar işıq görür ki, onda alındı, məndə də alına bilər. Röya o işığı camaata, kasıb əhaliyə verir. Təbii ki, sadə, səmimi, öz bildiyini edəndir. Aygünlə daha çox reklam çəkmişəm, nəinki klip, Röya ilə klip də, reklam da təxminən bərabər sayda çəkmişəm. Mən şou-biznesə də gətirən əl olmuşam. O vaxt dublyaj işlərində Aygünün, Samir Bağırovun səsini yazmışam. Röyanın konsertlərinin reklamını eləmişəm. Bu insanlardan maddi asılılığım olmayıb. Həmişə reklamla qazanmışam. Röya oturan yerdə gəlib deməmişəm ki, qurban olum, axırıncı mahnın var anam o gün eşidəndə elə ağladı ki, elə texnikanı ödəyərsən, onu sənə çəkim. Heç vaxt bu səviyyəyə alçalmamışam. Həmişə sənətimə hörmət eləmişəm ki, mənə zəng edib işi sifariş etməlidirlər. Bizim sexdən çox uşaqlarla soyuq münasibətdəyəm, çünki rejissor sənətinə hörmət qoymurlar. Rejissor çəkiliş qrupunda elitaya aid olan sənətdir. Rejissorun meydançada həm zəhmi, həm hörməti olmalıdır. Təbii ki, onun dalında dayanmalısan, həm də maddi cəhətdən. Bizə həmişə öyrədiblər ki, süfrədə aktyorlar oturan yerdə mütləq “şot”u rejissor verməlidir. Bu cür xırdalıqlar var. Bizdən sonra gələnlər o məktəbi görmədi. Tofiq Tağızadə bizə vaxt ayırırdı, Azərbaycan kinosunun kitabında olan adamdır. Otururdu, bizimlə çay içirdi, elə xırdalıqları izah edirdi ki... Bizim fakültəyə kinostudiya çox isti münasibət göstərirdi. Mənim bəxtim gətirdi ki, Ayaz Salayev, Şamil Nəcəfzadə ilə işlədim, Rasim Ocaqovun filmində stajor oldum, Şahmar Ələsgərov, Nazim Abbasov bizə çox yaxşı münasibət göstərirdi.

“Zanussinin Azərbaycan haqqında bir kəlmə xoş söz deməsi artıq bizim uğurumuzdur”

T.Şahsuvarlı: Filmlərinizdə sonradan özünüzün fərq etdiyiniz səhviniz olub?
- Təbii. “Sarı gəlin”də iki montaj səhvi var, onu ancaq mən görürəm. Heç kim görmür. Əslində o vaxt onu düzəltmədim, ürəyimdə qaldı. “Sarı gəlin”də rəssam seçimində böyük səhv elədik.

N.Muradova: Yaradıcılığınızda səhvlər çoxdur, yoxsa həyatınızda?
- Həyatımda. Meydançada çox rahatam, elə bil ki, suyun içində akulayam. Heç bir vəziyyət, aktyorun ölümünə qədər, məni qorxuda bilməz. Elə şey də başıma gəlib. “Şaman”ın pilot versiyasını çəkdik, rollardan birini oynayan kişi rəhmətə getdi, ikinci pilotu çəkdim. Yəni, məni o da sarsıda bilməz. Həyatdasa məni çox şey sarsıdır. Hərdən insanları görməyim deyə gedib ofisdə otururam, sutkalarla çıxmıram, kinolara baxıram, heç telefona cavab vermirəm.

"Qızımla 4 ildir danışmıram"

N.Ehlamqızı: Qızınızla aranız necədir?
- Heç necə. 4 il əvvəl onun xətrinə dəymişəm, o vaxtdan mənimlə danışmır.

Aytən Həsənova: Barışmağa cəhd eləmisiniz?
- Yox, çünki xasiyyəti mənim xasiyyətimi qəbul etməyəcək. Gərək o, özü yetişsin.

N.Muradova: Onun təlim-tərbiyəsində nə dərəcədə iştirak etmisiniz?
- Hardasa, Bakıda olan dövründə iştirak etmişəm. Amma şükürlər olsun ki, anası işə düzəlmədi, ərə getmədi və tam uşağın tərbiyəsinə girişdi. Qızım ingilis, fransızca danışır. Bu il Moskvada ali məktəbi bitirir. Simanın 11 yaşın olanda anası, qardaşları ilə birgə Moskvaya köçdülər. Orada başqa insan olub, məndən də çox Avropaya yaxın insandır. Hər şeyin öz vaxtı var.

“Qoluma qandal vurulan andan hörmət hiss eləmişəm”

Dilqəm Əhməd: Söylədiniz ki, istirahətə gedəndə də hər şeyi çəkiliş kimi görürəm. Həbsxanada bəs elə yerlər vardı?
- Eyni şeydir. Birinci otağı təmizlədim, otağa kitablar, dəftərlər gətizdirdim. Elə bil ki, kabinetdə idim. Orada yazdım, çıxanda, dayandım, yazılara əl vurmamışam. İstəyirəm, vaxt tapıb o yazıları bitirim. 3 yaşımdan bu tərəfə nə yadımda idi, yazdım. Düzdür, adları qeyd eləmədim, məsələn, qadınlar haqda gülməli əhvalatları yazdım. Məni əslində o heç sarsıtmadı.

T.Şahsuvarlı: Həbsxana qanunları sizə necə görünürdü?
- Çox rahat. Çox şey insanın özündən asılıdır. İnsan özünə güvənirsə, sənə həm məhbuslar, həm də digər tərəf hörmətlə yanaşacaq. Orada bir şeyi başa düşdüm ki, həyatımı elə-belə yaşamamışam. Məni necə bayırda Aqil M.Quliyev kimi qəbul edirlər, qoluma qandal vurulan andan o hörməti hiss eləmişəm.

T.Şahsuvarlı: Adətən, türmələrdə ləqəblər olur. Sizə nə deyirdilər?
- Ləqəbim yox idi, eləcə “Aqil müəllim” deyə müraciət edirdilər.

N.Ehlamqızı: Əminiz Eldəniz Quliyevlə niyə münasibətiniz yoxdur?
- Yox, heç bir əlaqəm yoxdur. Uşaqlıqdan Eldənizlə fikirlərimiz düz gəlmir. Düzdür, uşaqlığımız nənəmgildə bir yerdə keçib. Şənbə günləri yığışardıq. Elbrus əmim var, İTV-də işləyir, bu gün də televiziyada gördüm, onunla münasibətim var. Eldənizlə isə xasiyyətimiz haradasa yaxındır, o da soyuqqanlıdır, mən də.

D.Əhməd: Sizə də siyasət maraqlıdır?
- Heç maraqlı deyil. Öz işlədiyim sahə mənə çox maraqlı gəlir.

D.Əhməd: Oxucularımızdan biri soruşur ki, qadınların əksəriyyəti Aqil M.Quliyevin səsi üçün “ölür”. Bəs özü hansı qadının səsini bəyənir?
- Səsini bəyəndiyim qadın var. Amma bunu sirr saxlayıram. Mən qadınları sevsəm də, onlar barədə danışmağı sevmirəm.

"Televiziyalar məni "xoxan" kimi təqdim edir"

Ülviyyə Axundova: Bayaq qalmaqallardan danışdıq, media bu qalmaqallarda nə dərəcə rol oynayır?
- Maqazin verilişləri məni “xoxan” kimi təqdim edir. Mənim barəmdə balacaboy, zalım təsəvvürü yaradıblar. Kimsə məni görəndə deyir ki, siz hündürboy imişsiz ki. Başa düşə bilmirəm ki, məni niyə belə təqdim edirlər? İllərdir maqazin verilişləri faktiki olaraq Azərbaycan üçün serial idi. Elə bil balaca şəhər var, orada Aygün, Röya, Aqil yaşayır və o şəhərciyin sevgililəri vardı - Xose və Oksana, Aygün və Namiq baş qəhrəmanlarıdır, meşənin “xoxan”ı isə Aqil oldu. Şüuraltı səviyyədə kanallar bunu edirdi. Bu, sanki böyük və qlobal serial idi. Serialın da mənfi qəhrəmanı mən idim. Seriallar çıxandan sonra da maqazin verilişləri öldü.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD

Xəbər lenti

DAHA ÇOX XƏBƏR