• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ramazanın olar-olmazları

Ramazanın olar-olmazları

Saqqız çeynəmək olar, amma dənizdə çimmək yox.

Bu gecə niyyət gecəsidir, sabah isə Ramazan ayının ilk günüdür. Oruc tutan şəxs bir ay boyunca ağzını, gözlərini, əllərini və qulaqlarını haramdan qorumalıdır.

Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən və buna bənzər işlərdən (onanizm) çəkinməlidir.

Oruc güclü bədən üçündür. Ramazan ayı bədənin sağlamlığa qovuşması üçündür, bədənin zərər görməsinə imkan verilməməlidir. Bu sözləri isə Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah deyib.

O, Ramazan ayı və oruclu insanlar barədə olar-olmazlardan danışıb.

Hacının sözlərinə görə, həddi-buluğa çatmış hər bir qadın və kişi üçün oruc tutmaq vacibdir. Hansı peşənin sahibi olmasından asılı olmayaraq əqli, fiziki, maddi imkanları varsa, Allahın əmrinə tabe olmalıdırlar.

Kimlərə oruc tutmaq olmaz

Lakin bir qisim insanlar var ki, onların oruc tutması məsləhət görülmür.

Həddən artıq yaşlı insanlar uzun müddət ac qala bilməz, qidalanmasalar zəifləyərlər, həyatları üçün təhlükə ola bilər. Bu qrup insanlara güzəşt edilir.

Həmçinin həkim məsləhəti ilə ac-susuz qalmaq məsləhət görülməyən xəstələr. Həmin insanların maddi durumu normaldırsa, hər gün bir fəqirə, yoxsula yemək və ya onun dəyəri qədər fidyə verə bilərlər.

Müalicə alan insanların da orucluqda diqqət etməli məqamlar var. İynə vurdurmağa icazə verilsə də, dərman içənlər oruc tutmaya bilər. Həb şəklində olan dərmanları səhər imsak və iftardan sonra qəbul edə bilər. Bundan başqa, oruc tutanlara imalə (klizma) etmək olmaz. Imkan varsa, iftardan sonra etsinlər. Ramazan ayında gündüz saatlarında qidalandırıcı, qüvvətləndirici iynələr vurmaq olmaz.

Süd verən analar oruc tuta bilməz, çünki onların uzun müddət ac qalması südünün azalması və körpəyə ziyan dəyməsinə səbəb ola bilər. Ona görə də bu tip insanlar oruc tutmayıb, qəza edə bilərlər.

Qadınlar mensturasiya günlərində oruc tutmayıb, növbəti orucluğa qədər qəzasını tutmalıdırlar. Hamilə qadınlar oruc tutsalar, körpələrinə ziyan dəyə bilər. Ona görə də tutmaya bilərlər, amma qəza etməlidirlər.

Orucluq yay vaxtına düşdüyündən insanlar dənizə gedir. Hacının sözlərinə görə, oruclu insanlar suda çimə bilər, lakin başını birbaşa suyun altına batırmasın, boyuna qədər suya girmək və başa əllə su tökmək olar.

Evdə isə duşdan istifadə edilə bilər. Burada heç bir məhdudiyyət yoxdur. Gün ərzində istədiyi vaxt duş qəbul edə bilər.

Səfərdə olanlar

Səfərdə olan insanlar üçün də müəyyən güzəştlər nəzərdə tutulub. Səfərdə olduğu müddət 10 gündən azdırsa, oruc tutmaya bilər. Lakin onun qəzasını mütləq tutmalıdır.

Daim yollarda olan, sürücülük edən insanlar səfərdə olsa belə, oruc tuta bilər. Lakin oturaq həyat tərzi olan, lakin məhz Ramazanda səfərə getməli olanlar oruc tutmaya bilər. Burada şərt gediləcək yolun 21 kilometrdən az olmamasıdır. 21 kilometri keçəndən sonra o, qonaq hesab edilir və orucu qəza edə bilər. Günorta namazına qədər çıxdığı yerə qayıtmazsa, oruc tutmaya bilər. Bu cür şərt qoyulmasının əsas səbəbi uzaq yolun insanların səhhətinə vura biləcəyi zərərdir.

Susuzluğa dözə bilməyənlər

Orucluğun yay fəslinə düşməsi, susuzluğa dözümü bir az da çətinləşdirir. Oruclu insan su içə bilərmi? Hacı Fuadın sözlərinə görə, insanlar israrla, tez-tez ağzına su alıb, yaxalamaları məsləhət görülmür. Sadəcə dəstəmaz alarkən, üzünü yuyanda ağzına su alıb yaxalamaq orucu batil etməz.

Həmçinin ağız suyunu udmaq da batil etməz, amma kənardan maye qəbul edilməsi yolverilməzdir. Saqqız çeynəmək orucu batil etməsə də, məkruh hesab edilir. Yəni çeynənilməməsi məsləhətlidir.

Ətir vurmaq, kosmetika olarmı?

Oruclu insanlar ətirdən az miqdarda istifadə etsələr, daha məsləhətlidir. Lakin bu özünün və ya oruclu insanların mədəsini qaldıracaq səviyyədə olmamalıdır.

Dəriyə qidalandırıcı krem sürtməklə bağlı fikirlər müxtəlifdir, amma bu vasitələrdən istifadə edilməməsi daha münasib hesab edilir. Amma bu kremlər ağrıkəsicidirsə, ona icazə verilir.

Kosmetik vasitələrdən istifadə də ətir kimi ürəkbulanmaya səbəb olmayan dərəcədə olmalıdır. Bundan başqa, dərini qidalandırıcı kosmetik vasitələrin də istifadəsi məsləhət deyil. Dodaq boyalarının ağıza daxil olmamasına diqqət edilməlidir.

Yaşı çatmayanlar oruc tuta bilərmi?

Valideynlərin dindar olduğu ailələrdə həddi-buluq yaşı çatmayan uşaqların oruc tutmağa məcbur edilməsi rast gəlinən məqamlardandır. Hacının sözlərinə görə, yaşından asılı olmayaraq heç kim oruc tutmağa məcbur edilə bilməz. Bu hər kəsin içindən gələn bir tələb, istək olmalıdır. Valideynlər uşaqları oruc tutmağa öyrədə bilərlər, lakin onları məcbur edə bilməzlər. Həddi-buluq yaşı çatana qədər həvəsləndirilə bilərlər, sonrakı mərhələdə tutub-tutmamaq hər kəsin öz iradəsindən asılıdır.

Azyaşlı uşaqların oruuc tutması ilə bağlı danışan Hacı Fuad Nurullah bildirib ki, bəzi yaşı çatmayan uşaqlar oruc tutmağa həvəslənirsə, ona mane olmaq məsləhət deyil. Gücü çatırsa, narahatlıq hiss etmirsə, oruc tutmasına icazə verilər. Bədəni zəif olan, lakin oruca həvəsi olan həddi-buluq yaşı çatmayanların günortaya qədər oruc tutmalarına icazə verilə bilər. Valideynlər bunu azyaşlıların orucunun günün yarısına qədər olması ilə izah edə bilərlər.

Ramazan ayında toy və ya yas məslici necə olmalıdır?

Adətə görə, Ramazan ayı boyunca toy mərasimləri edilmir. Əlbəttə, bu ay qəm, kədər yox, bayram ayıdır. Hacının sözlərinə görə, Ramazan dualar, Allaha sığınmaq üçün zikirlər ayıdır, toyu digər aylarda etsələr, daha yaxşı olar.

“Çox az adam var ki, toyunu İslam qaydalarına uyğun edir. Bundan başqa, toylarımızın əsas hissəsi yemək mərasimidir. Toylar saat 6-da başlayır, Ramazanda iftar vaxtı 10-a işləmişdir. Toyun saatını dəyişmək mümkün deyil.

Əlbəttə, bir nəfər üçün yoldaş vacibdirsə, ailə qura bilər. Bunun üçün musiqi, çalğı olması vacib deyil. Sadəcə kəbin oxunması yetərlidir. Bu cür evliliklərin Ramazanda edilməsində bir problem yoxdur”.

Yas məclislərində insanlarda sual yaradan məqam ehsan süfrələrinin verilməsidir.

Hacının sözlərinə görə, bu barədə Şeyx də xalqa müraciət edib ki, bu ayda ehsan adı ilə süfrə açmasınlar. Bu ayda ehsan süfrəsi yalnız iftar vaxtı ola bilər. Bu barədə ancaq təklif verə bilərik, nəzarət etmək imkanımız yoxdur.

Oruc tuta bilməyənlər nə etsin?

Əgər qəsdən və şəri üzrü olmadan orucunu yeyibsə, qəzadan əlavə, hər günə kəffarə vermək də vacibdir. Bu da 60 gün oruc tutmaq və yaxud 60 yoxsulu doyuzdurmaq və yaxud nəzərdə tutulmuş ölçüdə 60 yoxsula yemək verməkdən ibarətdir.

Bu şərtlə ki, 31 günün orucunu dalbadal tutmalıdır.

Səhhətindəki problem və s. səbəblərdən oruc tuta bilməyənlər hər gün üçün imkandan asılı olaraq 5-10 manat arasında ayırıb, yoxsullara paylamalıdır. Bu gündəlik, 10 gündən bir, ya da ayın axırında verilə bilər. Bu məbləğ 5 manatdan az olmamalıdır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR