Mərdəkan çimərliyi yanır - Foto
Bizi izləyin

Qırmızı.az

Mərdəkan çimərliyi yanır - Foto

Dəniz mövsümünün ən qaynar dönəmidir. Şəhərin bürküsündən, istisindən, səs-küyündən canını qurtarmaq istəyənlər çıxış yolunu vaxt tapıb özlərini şəhər kənarına, dənizin sahilinə verməkdə görür.

Çimərliklərdə olur, qızmar qumun üstündə gəzir, istirahət edir, dəniz, günəş və qum vannası qəbul edirlər. Dəniz, Abşeron qumu insanın sağlamlığına da mühüm rolu olan sərvətimizdir. Lakin…

Hələ tələsməyək

Bayram günü iş olmadığı üçün sərbəst idim. Dost təklifini dəyərləndirməmək olmazdı: “Yaxşı olardı dənizə baş çəkək”.

Razılaşdım. Dənizçi olduğumuzdan daim dənizlə əlaqələrimiz olur. Az qala həftənin bütün günü dənizə baş çəkirəm. Amma ailə ilə dəniz sahilinə getmək, dənizi başqa bir rakusdan müşahidə etmək bu mövsümdə vaxt darlığından mümkün olmayıb. Eləcə, günün ikinci yarısı, günəşin gizlənməyə macal tapdığı vaxt Mərdəkana üz tuturam.

ANTALYADAN BAHA

Yol boyu dənizin, isti qumun, axşamüstü əsən xəfif dəniz mehinin insana rahatlıq verməsindən bəhs edirəm. Arada dənizin hasarlanaraq “işğal olunması”, bəzi oliqarxlar tərəfindən dənizin demək olar ki, özəlləşməsindən bəhs edriəm. Dostlarımdan birinin: - Ailəmlə Antalyada 10 günlük istirahətə getdim. İnan, Mərdəkan çimərliyinə 5 gün getdiyimdən daha ucuz və keyfiyyətli oldu səfərim. Özümü 10 gün rahat hiss etdim və istirahətin nə olduğunu bildim, bizdə pullu çimərlikdə adamın üstünə qarğa-quzğun kimi daraşırlar, - deməsini də yadıma salıram və dostuma iradım yadıma düşür: “Daha bu qədər də yox da…”

BƏS İMKANSIZLAR, NECƏ…

Xatırlatmaq yerinə düşər ki, artıq Bakı ətrafında pulsuz çimərliklər qalmayıb. Sovet dövrünün bütün çimərlikləri kimlərinsə şəxsi əmlakının tərkib hissəsidir. İnsafsızlıq olardı ki, burada yaradılan şəraiti, səliqə-sahmanı, istirahət etmək üçün mümkün olan hər şeyin yaradılmasını qeyd etməyək. Çimərliklərdə düzənlənən kafelər, barlar, restoranlar, otellər, çay evləri, idman və əyləncə meydanları, konsert və rəqs üçün nəzərdə tutulan məkanlar birlikdə hektarlarla ərazini tutur. Bütün bunlar yaxşıdır. Bunlar imkanı olan adamların istirahət etməsi üçün nəzərdə tutulub. Bəs, dəniz və qum vannası qəbul etmək istəyən o qədər də imkanı olmayanlar necə? Onlar Tanrının millətimizə töhfəsi olan Abşeron qumunun, dəniz suyunun həzzini ala bilirlərmi? Görəsən, dənizə gedib əvvəllər olduğu kimi istirahət edə bilirlərmi?

Sözsüz, “kimdir onların qarşısını alan, dəniz hamınındır”, - deyənlər olacaq. Xəzər və onun ətrafı dövlətimizin milli sərvətidir. Və hər kəs bura üz tuta bilər… Lakin reallıq bunun əksini deyir: Bu Azərbaycan vətəndaşının imkanları xaricindədir. Bir dəfə dənizə getmək üçün Azərbaycanda minimum istehlak səbəti üçün nəzərdə tutulan məbləğdən çox pul lazımdır…

Nə isə. Bu da Mərdəkan çimərliyi. Dostum və mən eyni vaxtda çimərliyə çatırıq. Avtomobillərin saxlanması ümün gözəl şərait var; dayanacaqların üstü taxta çətirlərlə örtülüdür. Bu maşınların günəşin qızmar istisindən qorunması üçündür. Maşınlarımızın “ürəyinin” döyüntüsü dayanmamış xidmətçi oğlan bizə yaxınlaşır. Salam verir və hər bir maşın üçün 2 manat ödəyəcəyimizi deyir:

HƏLƏ BİZDƏN ÇEK İSTƏYƏN OLMAYIB

- Bura pullu dayanacaqdır.

- Eybi yoxdur, verərik. Amma olar ki, sən bizə çek verəsən?

- Day-day, bu olmadı ki, çek nəyinə lazımdır, hələ bizdən çek istəyən olmayıb.

- Yox, çeksiz olmaz axı, burdan pul yığılır, dövlətə vergi ödənməlidir, belə olmaz, - deyirəm.

“Demoqoqluğum” nəzarətçi oğlanın xoşuna gəlmir. Vermək istədiyimiz pulu götürmür:

- Mümkünsə administratora yaxınlaşın.

- A kişi, biz bura istirahətə gəlmişik, hansısa administratorun qəbuluna yox, götür pulunu, çeki yaz gətir, - bu dəfə dostum dillənir.

- Mən indiyə qədər çek verən, çek istəyən görməmişəm axı, - deyən bu oğlanın adı Muraddır. Öyrənirəm ki, Türkan kəndindəndir və işə götürüləndə əmək müqaviləsi bağlamayıb.

- Belə də… sənədlər var, ora qol çəkmişik. Yoxlama gələndə göstərirlər ki, qanuni işçilərik.

ƏMƏK MÜQAVİLƏSİ YOXDUR

Maaşları ilə maraqlanıram.

- Baxır da, işimizə görə verirlər, - deyir.

Günəş şüaları sir-sifətini mis rənginə çevirmiş Muradın boynundan tanıtım lövhəsi asılıb. Lövhədə “Mühafizəçi” sözü yazılıb.

- Sən nəyi mühafizə edirsən?

- Mühafizəçi deyiləm. Burda işləyirəm, xidmət edirəm. Maşınların saxlanması və yerlə təmin edilməsilə məşğuluq, - deyir və bilirəm ki, bu işlə tək o məşğul deyil.

- Yaxşı, bizə babat yer düzəldə bilərsən? Həm dənizə yaxın olsun, həm də üstüörtülü.

- Hə, təşkil edərəm, - deyir. Və qırışığı açılır. Deyəsən müştəriləri heç də pis adam deyil…

40 MANATLIQ STUL

Qiymətlərlə maraqlanıram. Muradın dediklərindən məlum olur ki, adi çətirin altına oturmaq üçün qoyulacaq stulun biri iki mantdır. Amma ətrafı qismən bağlı yerlər isə adambaşına 4 manat dəyərindədir. Məlim olur ki, mənim və dostumun hər birimizin 5 həfərlik ailə üzvü ilə birlikdə ətrafı qismən örtülü olan çətirin altına yerləşməyimiz üçün 40 manat ödəməliyik. Həm də o şərtlə ki, buranın digər xidmətlərindən də istifadə edək. Məsələn, ən azından 1 çaynik çay alsaq yaxşı olar, işdir, imkanımız yoxdursa, stullardan birinin pulunu almaya bilərlər.

Göstərilən yer xoşumuza gəlmir. Dostum Yaqub iki mərtəbəli tikiliyə gedir. Qayıtdıqdan sonra deyir ki, içəridə əsasən gənclərdi. Administrator gülərüz oğlandır. Qiymətlərlə maraqlandım:

- Çay dəstgahı - 30 manat. Dəstgaha iki adda mürəbbə və şokolad daxildir. Adi çay isə 15 mantadır.

BİR STƏKAN ÇAY – 4 MANAT 80 QƏPİK

- Bəs stəkanla sifariş versəm necə? - soruşuram.

- Onu da öyrəndim, çayın stəkanı 4 manat 80 qəpikdir.

Çimərliyin ərazisində olan kafe-çayxanaların birində yer tutub otururuq. Bura həm də konsert və rəqs meydançasıdır. Çay sifariş veririk. Özümüzlə gətirdiyimiz meyvələri elə evdən gətirdiyimiz nimçələrə yığırıq. Az keçmir, kafenin xidmətçisi bizə yaxınlaşır və: “Buna görə mənə söz gəlir, olar, meyvələri götürəsiniz?”

HƏZİN MUSİQİ, XƏFİF MEH

- Niyə axı? Dənizə gələn özü ilə tədarükünü görür də... Biz ki buranı zibilləmirik, hava almağa gəlmişik.

- Bizdə satışda meyvələr var. Bunu isə özünüzlə gətirmisiniz... Administrator məni danlayacaq.

Xidmətçi oğlana jurnalist olduğumu, administratorla bu haqda söhbət etmək istədiyimi deyirəm və xahiş edirəm ki, çağırsın. Bir qədər keçdikdən sonra, xidmətçi oğlan yenidən bizə yaxınlaşır, üzr istəyir, bunun bir yanlışlıq olduğunu deyir...

Açıq havada qumluq sahədə dəniz mehinin və həzin musiqinin köməyi ilə kefimiz kökəlir. İki gənc müğənni Azərbaycan və türk estradasının hit mahnılarını oxuyurlar. İfalar çox gözəldir. Müğənnilərdən başqa stolların arxasında rəqqasələr də oturub. Onlar davamlı olaraq siqaret çəkir, oynaq musiqiyə qol qaldırıb rəqs edir, ətrafda istirahət edən insanların diqqətini cəlb edirlər.

Təxminən 3 saata yaxın olduğumuz məkandan musiqi və dənizin xəfif mehindən qalan xoş hisslərlə ayrılırıq.

Dəniz və onun ətrafı gözəldir, bu gözəlliyi bizə Tanrı verib, amma Tanrının bəzi bəndələri bu gözəlliyi özünküləşdirib sakinlərimizə pulla satır. Dəniz yanır...

Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm