Tələbələrə vakant iş yerləri təklif edilib
Bizi izləyin

Qırmızı.az

Tələbələrə vakant iş yerləri təklif edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərini iyunun 30-da Bakı Biznes Universitetində davam etdirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, universitetin tələbə və məzunlarının əmək bazarına inteqrasiyasına xidmət edən tədbirdə 35-i qeyri-dövlət sektoruna aid 40 müəssisə tərəfindən 330 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim olunub. Həmin boş iş yerlərindən 298-i özəl sektora aid müəssisələrdədir.

Aktiv məşğulluq tədbirində tələbələrlə və ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri arasında əlaqələr yaradılıb. İşəgötürənlər gələcəkdə ixtisaslı kadrların seçiminin aparılması üçün tələbə və məzunlardan CV-lər qəbul ediblər. Həmçinin tələbə və məzunlar mövcud əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar əldə ediblər. Tədbir zamanı boş vaxtları ərzində müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən şəxslər Səyyar Əmək Birjası tərəfindən qeydiyyata alınıblar.

Məlumat üçün bildirək ki, cari ilin aprel-may aylarında ƏƏSMN tərəfindən ölkənin 7 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib. Bu tədbirlərdə 619 nəfərə boş iş yerlərinə göndəriş verilib. 163 nəfər peşə hazırlığı kurslarına, 162 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb, 2560 nəfərdən CV-lər qəbul olunub. "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri il ərzində digər bir sıra ali təhsil müəssisələrində də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm