Baş redaktor: “Bakıda xarici qonaqlara kompramat ötürülür”
Bizi izləyin

Qırmızı.az

Baş redaktor: “Bakıda xarici qonaqlara kompramat ötürülür”

Xəbər verdiyimiz kimi, bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış müğənni Mətanət İsgəndərlinin iddiası əsasında hakim Turqay Hüseynovun sədrliyi ilə məhkəmə prosesi keçirilib. Xatırladaq ki, müğənni AzNews.az xəbər saytının baş redaktoru Elchin Zahiroğlu və həmin saytın əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Xatırladaq ki, M.İsgəndərli saytda özünün narkotik istifadəçisi olduğu barədə yazıdan şikayətçidir.

Prosesə həmkarlarına dəstək olmaq üçün gələn jurnalistlərdən Axar.az saytının baş redaktoru Anar Niftəliyev hakim Turqay Hüseynov tərəfindən məhkəmə zalından uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıq alıb.
Bununla bağlı AzNews.az saytına açıqlama verən A.Niftəliyev bildirib ki, öncə keçirilən proseslərlə bağlı həmkarlarından eşidib və hakimin prosesdə tərəfkeşlik etdiyini öz gözləriylə görmək üçün bugünkü iclasda iştirak edib.

Onun sözlərinə görə, bu gün keçirilən iclasda şahid olduqlarından bu qənaətə gəlib ki, hakim Turqay Hüseynov ittiham olunan jurnalistlərə qarşı qərəzi barədə deyilənlər tam həqiqətdir: “Bu prosesdə Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynovun işə qeyri-obyektiv və qərəzli münasibətinin bir daha şahidi olduq. Hər şeydən əvvəl deyim ki, bizim üçün ən maraqlı məsələ Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə tərəfindən qəbul olunması idi. Bilirsiniz ki, bir neçə gün öncə cənab Prezident İlham Əliyev AŞPA-dakı çıxışında bu məqam xüsusi olaraq vurğuladı ki, 2009-cu ildən üzü bəri Azərbaycanda diffomasiyaya görə heç bir jurnalist həbs olunmayıb. Bundan əvvəl də diffomasiya ilə bağlı məsələlər ATƏT-in nümayəndələri ilə Bakıda dəfələrlə müzakirə olumuşdu və CM 147-ci maddə ilə artıq heç bir jurnalistin mühakimə olunmadığı bəlli həqiqətdir. Belə olan təqdirdə xüsusi ittiham qaydasında verilən şikayət ərizəsi niyə qəbul olunub?”


A.Niftəliyev bildirib ki, ölkə başçısının AŞPA-da ortaya qoyduğu iradədən sonra bu cür şikayət ərizəsini xüsusi ittiham qaydasında qəbul edilməsinin səbəbləri maraq doğurur: “Həm də Azərbaycan Avropa Şurasının Nazirlər Kabinetində sədrliyə başlayıb və ölkəmiz hazırda diqqət mərkəzindədir. Eyni zamanda, ATƏT-in iyunun 28-dən başlayan və iyulun 2-dək davam edəcək geniştərkibli sessiyası Bakıda keçirilir. ATƏT müşahidəçilərinin və dünyanın 53 ölkəsinin 500-dən çox nümayəndəsinin, həmçinin ermənilərin Bakıda olduğu bir məqamda bir baş redaktorun diffomasiyaya görə xüsusi ittiham qaydasında məhkəmə prosesinin aparılması təəccüblüdür”.


Baş redaktor hesab edir ki, ölkədə bu qədər Avropa nümayəndəsinin olduğu bir vaxtda bu prosesin keçirilməsi təsadüfi deyil: “Fikir verin, həmişə beynəlxalq təşkilatların nümayəndələri Bakıda olanda hansısa məhkəmədə jurnalistə qarşı xüsusi ittiham qaydasında ittiham irəli sürülür və məhkəmə prosesi aparılır. Sanki gizli bir əl bütün bunları təşkil edir və diqqətlərin Bakıya yönəldiyi məqamda bu proseslər xarici qonaqlara kompromat kimi təqdim olunur. Qeyd etdiyim kimi, prosesdə hakimin çox ciddi şəkildə qərəzli münasibətinin şahidi olduq. Hər şeydən əvvəl ona görə ki, ittiham olunan tərəfin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun sualları protokola salınmırdı. Bununla bərabər, Elçin Sadıqov israr edirdi ki, hansı sualımın salınmadığını da protokola qeyd edin. Buna baxmayaraq, hakim həmin sualların protokola düşməsinin qarşısını aldı və ona heç bir səbəb olmadan xəbərdarlıq etdi. Üstəlik, ittiham olunan tərəflərin özünü müdafiəsinə nəinki imkan vermir, hətta onların sözünü tez-tez kəsirdi. İttiham edən tərəfin vəkilinin soruşacağı sualları Turqay Hüseynov özü verirdi. Sanki ittiham tərəfinin vəkili funksiyasını özü boynuna götürmüşdü”.


Anar Niftəliyev məhkəmə zalından uzaqlaşdırılmasına da aydınlıq gətirib: “Əlimi qaldırdım və söz demək istədim. Ondan əvvəl vəkillərlə bu barədə məsləhətləşmişdim və mənə bildirilmişdi ki, hakimdən icazə alıb danışa bilərəm. Amma Turqay Hüseynov mənə çox sərt, kobud şəkildə dedi ki, siz kimsiniz, zalı tərk edin. Mən də ona izah etməyə çalışdım ki, iclasın gedişini pozmamışam, hətta söz belə deməmişəm, sadəcə, əlimi qaldırmışam, normal şəkildə söz verə və yaxud verməyə bilər. Yalnız bundan sonra “vermirəm” deyib, əyləşə biləcəyimi bildirdi. Ancaq bu qədər mövqeli və qərəzli bir prosesdə daha necə oturaydım? Hakimi qıcıqlandıran nə idi ki, əlimi qaldırdığım anda dərhal belə kobud reaksiya verdi?”


A.Niftəliyev qeyd edib ki, bununla bağlı Ədliyyə Nazirliyinə və Nərimanov rayon məhkəməsinin sədrinə rəsmi müraciət ünvanlayacaq: “Məhkəmə hakiminin prosesi bu dərəcədə qərəzli, qeyri-obyektiv münasibətini müşahidə eləmək jurnalist olaraq bizə öz təsirini göstərməyə bilməzdi. Artıq Ədliyyə Nazirliyinə və Nərimanov Rayon Məhkəməsinin sədrinə müraciət etmişik. Xahiş edirik ki, bugünkü prosesin lent yazısına baxıb hakimin nə dərəcədə qərəzli və qarşı tərəfin vəkili rolunda çıxış etdiyini özləri də görsünlər və bu məsələyə münasibət bildirsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm