Məşhur vəkil Aslan İsmayılov sifarişli qətldə ittiham olundu - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Məşhur vəkil Aslan İsmayılov sifarişli qətldə ittiham olundu - ŞOK TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində pul üstündə həkimi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Ağayevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Teleqraf.com xəbər verir ki, ittihama görə, ötən ilin mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyev Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 92, mənzil 8-də öldürülüb. Cavid Həmişəyev kirayə qaldığı evə yüngül həyat tərzi sürən və narkotik vasitə aludəçisi olduğu ehtimal olunan Türkan Bağırlı ilə gəlib.

Daha sonra isə iki nəfər evə gəlib və qətl hadisəsi baş verib. Mərhuma məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığı müəyyənləşib. Avtomobil daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən “20 yanvar” dairəsində saxlanılıb. Avtomobildə olan şəxslər – Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov tutulub. Onların cinayəti tamah məqsədilə törətdikləri məlum olub. Avtomobilə baxış zamanı isə mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarlar, ümumilikdə 670 manat pul götürülüb. Qətldə istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillik ərazisindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

“Atam və anam əvvəl Türkanı bəyənmədilər”

Prosesdə tərəflər arasında mübahisə yaranıb. Mübahisəni sakitləşdirən hakim tərəflərə xəbərdarlıq edib. O, bildirib ki, məhkəmənin qaydasını pozan şəxsləri qanunla nəzərdə tutulmuş qaydada cəzalandıracaq. Daha sonra Koroğlu Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, 2013-cü ildə “Əhmədli” metrosunun yanında “Elit” kafesində ofisiant işləyən Türkan adlı qızla tanış olub. Onun sözlərinə görə, Türkan özünün yəhudi olmasını, ailəsi olmadığını, lakin əvvəllər yaşamış olduğu bir şəxsdən uşağı olduğunu, uşağının Moskvada olduğunu bilib: Turkandan xoşum gəlib və onunla ciddi münasibət qurmağa başlamışam. Türkana birlikdə yaşamağı təklif etmişəm və daha sonra onu yaşadığım evə aparmışam. Atam və anam əvvəl Türkanı bəyənmədilər. Amma Türkana çox bağlandığım üçün onu ata bilmədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Cavid Həmişəyev Türkandan əl çəkməyib. O, deyib ki, Cavid tez-tez ona zəng edib: “Türkanın mobil telefon nömrəsini sındırdım. Ona təzə nömrə aldım ki, Cavid bir daha onu narahat etməsin. Lakin Cavid yenə də Türkanı narahat etməyə başladı”.

“Həmin vaxt Cavid lüt vəziyyətdə idi”

Onun sözlərinə görə, hadisə baş verən günü bibisi oğlu Yasin Ərəbov və Türkan Bağırlı ilə birlikdə yaşadıqları Buzovna qəsəbəsindən şəhərin mərkəzinə gəliblər: “Məqsədimiz şəhərin mərkəzində gəzmək olub. Həmin vaxt Yasinə dedim ki, "Gənclik" metrosunun yanında bir nəfərlə görüşəcəm. Yasinə Cavidlə görüşcəyimizi demədim. Buna görə də Yasin maşında qaldı. Əvvəlcə Türkan yuxarı qalxdı. Bir neçə dəqiqədən sonra mən də yuxarı qalxdım. Qapını Cavid açdı. Həmin vaxt Cavid lüt vəziyyətdə idi. Onunla mübahisə etdim. Ondan mənim yaşadığım qadından əl çəkməməsinin səbəbini soruşdum. Həmin vaxt Cavid mənə sərt cavab verdi. Onu qorxutmaq məqsədilə bıçaq atdım. Bıçaq onu ayağından dəydi. Cavid məndən əl çəkmədi. Buna görə də təkrar bıçaqla ona zərbələr vurdum. Cavid səs-küy salaraq məni söyməyə başladı. Bundan əsəbləşərək daha bir neçə zərbə vurdum. Pəncərədən bibim oğlunun çağırdım və ona dedim ki, Cavidi bıçaqlamışam”.

Koroğlu Məmmədov deyib ki, Cavidi öldürəndən sonra üst-başının qan içində olduğunu görüb və hamamda əlinin qanını yuyub. Onun sözlərinə görə, Cavidin şalvarını geyinib və köynəyi isə qan ləkəsi çox bilinmədiyi üçün dəyişməyib: “Cavidi öldürəndən sonra maşınının açarını götürdük. Orada Cavidin “Mercedes ML” maşınına minərək hadisə yerindən uzaqlaşdıq. Maşını özüm idarə etmişəm. “Nərimanov” metrosuna tərəf gələrkən Türkanın yadına düşdü ki, onun telefonu Cavidin evində qalıb. Odur ki, Türkan Yasinlə maşından düşdülər. Onlar taksi ilə geri qayıtdılar. Mən isə onları maşında gözlədim. Onlar evdən telefonu götürəndən sonra geri qayıtdılar”.

“Valdeynlərimə maşının Türkanın dayısının hədiyyə etdiyini dedim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Cavidin maşınında 600 manat, şalvarın cibindəki portmanatda 70 manat pul olub. Onun ifadəsinə görə, həmin pulu maşında bölüblər:

“Maşınla birlikdə Buzovnaya gəldik. Evdə maşını valideyinlərim görəndə təəccübləndilər. Onlar bununla bağlı polisə müraciət etmək istədilər. Valdeynlərimə maşının Türkanın dayısının hədiyyə etdiyini dedim. İki saatdan sonra maşını satmaq üçün evdən çıxdıq və “20 Yanvar” dairəsinə gəldik. Orada maşının yol polisi saxladı. Türkan və məni maşında tutdular”.

Koroğlu Məmmədov deyib ki, Cavidi əvvəlcədən öldürmək barədə planları olmayıb. Onun sözlərinə görə, Cavidlə görüşmələrini Yasin Ərəbov bilməyib. O, qeyd edib ki, cinayət törədildəndən sonra Yasin baş verənlərdən xəbər tutub. Daha sonra ifadə verən Yasin Ərəbov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, cinayət hadisəsi olandan sonra məsələdən xəbər tutub. O, əlavə edib ki, dayısı oğlunun törətdiyi cinayətə görə polisə xəbər verməyib:

“Buna görə də özümü təqsirli bilirəm. Çünki dayım oğlunun həbs olunmasını istəməmişəm. Cinayəti bilib, gizlətmişəm”.

Türkan Bağırlı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, hazırda səhhətində problemlər var. Buna görə də ifadə verə bilmir. O, növbəti məhkəmə iclasında ifadə vetrəcəyini deyib. Məhkəmədə təqsirləndirilən şəxslərin ifadə verməsi zamanı bir neçə dəfə qalmaqal baş verib. Prokuror Koroğlu Məmmədovu artıstlik etməkdə ittiham edib. Koroğlu Məmmədov isə prokurora sərt cavab verib.

Öldürülən həkimin həyat yoldaşı İradə Oruclunun nümayəndəsi Aslan İsmayılov bildirib ki, təqsirləndirilən şəxslər prokurora sərt cavab verib, amma hakim onların barəsində tədbir görmür. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin vəkilləri də prokurorun haqlı suallarına müdaxilə edir. Aslan İsmayılov onların barəsində tədbir görülməsini istəyib. Hakim məhkəmədə qaydanı pozanları cəzalandıracaqlarını deyib.daha sonra Aslan İsmayılov hakimlə mübahisə edib və məhkəmə zalını tərk edib.

Daha sonra Cavid Həmişəyevin atası Zaməddin ifadə verib. O, mühakimə olunan şəxslərin cinayətin iştirakçıları olduğunu deyib. O, qeyd edib ki, oğlunun qətlini sifariş verənlər isə azadlıqda gəzir. Zaməddin Həmişəyevin sözlərinə görə, oğlunun qətlini sifarişini gəlini İradə Oruclu, onun qardaşı İsgəndər Orucov və hüquqşünas Aslan İsmayılov verib. O, həmin şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyib:

“Mən Aslan İsmayılovu yaxşı hüquqşünas kimi tanımışam. Hələ Sumqayıt hadislərindən onun yaxşı hüquqşünas olduğunu bilmişəm. Həmişə Aslanın yaxşı hüquqşünas olması ilə fəxr etmişəm. Amma ədaləti müdafiə edənlər də cinayət törədirlər. Bu şəxslərin də məsuliyyətə cəlb olunması vacibdir. Bu işdə Aslan İsmayılovun birbaşa əli olub”.

Mərhumun anası Pakizə Həmişəyev də ərinin ifadəsinə uyğun danışıb. Onlar övladlarının qatillərinə ən ağır cəzanın verilməsini istəyiblər. Məhkəmə iclasında iştirak edən İradə Oruclu ittihamlara cavab verməyib.

Məhkəmə iclası iyulun 8-də davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm