Bakıda ağac maşının üstünə aşdı
Bizi izləyin

Qırmızı.az

Bakıda ağac maşının üstünə aşdı

Bakıda küləkli havanın fəsadları yenə də daha çox ağacların aşması ilə müşahidə edilib.

Publika.az-ın məlumatına görə, bu gün daha da güclənən külək zamanı 3-cü mikrorayon dairəsi yaxınlığında Seyid Cəfər Pişəvari, 38 ünvanının qarşısında ağac “VAZ 21 07” markalı avtomobilin üzərinə aşıb.

Şahidlərin sözlərinə görə, ağac aşan zaman avtomobildə adam olmadığından xəsarət alan olmayıb. Maşına ciddi ziyan dəyib. Ağacın digər budağının aşdığı istiqamətdə dayanmış maşına isə heç nə olmayıb. Ötən gündən başlayan güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində oxşar hadisələr baş verib. Ağacların aşması zamanı xəsarət alan olmasa da, bəzi yerlərdə avtomobillərin hərəkətində maneələr yaradıb.

Bu gün saniyədə 18-23 metr sürətlə müşahidə edilən küləkli hava, sabah günortaya qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabahdan hava mülayimləşəcək.

Proqnozlar şöbəsinin direktor müavini Gülşad Məmmədovanın sözlərinə görə, iyulun birində, bu gün müşahidə etdiyimiz küləkli hava şəraiti günorta saatlarında tədricən mülayimləşəcək: “Havanın dəyişkən buludlu olacağı, tədricən tutulacağı gözlənilir. Temperatur 32-33 dərəcə olacaq. Bölgələrdə də bu gün muşahidə edilən yağıntılı hava şəraiti sabah kəsiləcək”.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti müsbət 21-24 dərəcə arasında dəyişəcək.

Qeyd edək ki, son on gündə, ölkə ərazisində qeyri-sabit və küləkli hava şəraiti müşahidə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm