• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakı 5 rayona bölünə bilər

Bakı 5 rayona bölünə bilər

Azərbaycan paytaxtı olan Bakı şəhərinin inzibati bölgüsünün təkmilləşdirilərək 5 böyük rayona bölünməsi təklif edilir.

Publika.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin elmi işçisi Etibar Bədəlov bildirib ki, Bakı aqlomerasiyasının probleminin səmərəli həllinə iqtisadi-coğrafi aspektdən yanaşılma daha məqsədəuyğundur. Şəhər mərkəzinin səmərəli məskunlaşdırılması üçün sosial-iqtisadi və demoqrafik potensial, landşaft-məkan və tarixilik prinsipi nəzərə alınmalıdır. Bunun üçün Bakı aqlomerasiyasına aid olan inzibati bölgü təkmilləşdirilməli, nüvə şəhərin sərhədləri reallığa uyğun dəqiqləşdirilməlidir.

Tədqiqatçı təklif edir ki, Bakı aqlomerasiyası 5 rayondan ibarət olmalıdır. Bakının aqlomerasiyası təkmilləşdirilərkən Xırdalan və Sumqayıt şəhərləri də Bakıya birləşdirilməlidir.

Bakı aqlomerasiyasının I rayonu tarixi əraziləri əhatə etməklə şəhərin nüvəsini təşkil etməlidir. Artıq bura mədəniyyət, istirahət və turizm mərkəzi kimi formalaşıb.

II rayona şəhərin mərkəzi, yəni 1990-cı il sərhədlərinin daxilində olan ərazilər aid edilməlidir. Bura artıq şəhərə birləşmiş şimal-şərq və şərqdə Bakıxanov-Qaraçuxur-Yeni Günəşli-Zığ qəsəbələri ilə birləşməkdə olan Bülbülə, Əmircan, Sabunçu və Yeni Ramana, şimalda və şimal-qərbdə isə şəhərə birləşmiş Rəsulzadə, Biləcəri, Xocasən, Sulutəpə qəsəbələrini əhatə etməlidir. Qanlıgöl ətrafı və şəhərə birləşməkdə olan Binəqədi, hətta Xırdalan şəhəri, qərbdə isə Lökbatan qəsəbəsi bu sərhədlər daxilində böyük şəhər massivi adlandırılmalıdır.

Şəhərin III rayonu göllərlə əhatə olunduğu üçün göllərin təmizlənməsi, burada idman mərkəzlərinin və meşə-parkların, istirahət ocaqlarının yaradılması şəhərin landşaft-məkan kompleksinin formalaşmasına səbəb olar. Metro xəttinin bu əraziləri də əhatə etməsi, burada şəhərdən çıxarılan sənaye müəssisələrinin yenidən qurulması şəhər əhalisinin məşğulluq probleminin həllinə kömək edər.

Şəhərin IV rayonu Bakı aqlomerasiyasının nüvəsini təşkil etməklə 2 hissəyə ayrılaraq "şərq" və "qərb" adlandırılmalıdır. Şərqdə Hövsan, Binə, Maştağa, Zabrat qəsəbələri "şərq bölgəsi", qərbdə isə Mehdiabad, Novxanı, Sumqayıt şəhəri, Müşfiqabad, Qızıldaş, Sahil qəsəbələri və buraya aid olan ərazilər "qərb bölgəsi" kimi adlanmalı və bu mərkəzlərdə şəhərə uyğun yenidənqurma işləri aparılmalıdır.

Şəhərin V rayonu Bakı aqlomerasiyasının sərhədlərini, yəni iqtisadi rayonun böyük hissəsini əhatə etməlidir. Bu rayon da 2 hissəyə bölünərək Corat, Goradil, Pirşağı, Bilgəh, Mərdəkan, Şüvəlan, Qala, Zirə və Türkanı əhatə etməlidir. Bu ərazilərin kurort-turizm bölgəsi kimi "Gülüstan" adlandırılması, yeni yaradılan Pirallahı rayonuna isə "Azad iqtisadi zona" statusu verilməsi məqsədəuyğun olardı.

Aqlomerasiyanın qərbi Yaşma, Pirəküşkül, Çeyildağ, Ələt qəsəbə və kəndləri əhatə etməklə cənubda sənaye-yanacaq, mərkəzdə Qaradağ-Güzdək qəsəbələriarası sənaye-tikinti materialları, şimalda Pirəküşkül-Giləzi qəsəbələriarası aqrar-sənaye zonası kimi formalaşaraq Bakının 2-ci əsas sənaye rayonuna çevriləcək. Bu bölgənin "Qobustan" adlandırılması coğrafı-tarixi məkan adı ilə bağlı olar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR