• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nə qədər müəllimə ehtiyac var?

Nə qədər müəllimə ehtiyac var?

Bu gündən Azərbaycanda 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, müsabiqəyə 2974 vakant yer çıxarılıb. Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib. Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 15 iyul tarixində saat 18:00-da başa çatacaq. 16-19 iyul tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcək. İmtahanlara iyulun 21-dən başlanması nəzərdə tutulub.

Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az internet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.

Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.

İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR