ADU tələbələri Oslo Universitetində
Bizi izləyin

Qırmızı.az

ADU tələbələri Oslo Universitetində

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup müəllimi və tələbəsi Norveçin Oslo Universitetində təşkil olunan “Yay məktəbi”nə qatılıb.

ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 6 tələbəsi və bir neçə kafedranı təmsil edən 6 nəfər müəllim “Yay məktəbi”nin açılışında iştirak edib.

ADU-dan Publika.az-a verilən xəbərə görə, Oslo şəhər meri, Norveçin xarici işlər nazirinin müavini, Oslo Universiteinin rektoru Ola Peter Otersen, o cümlədən Oslo Universitetinin “Yay məktəbi”nin direktoru Einar Vannebo və dünyanın müxtəlif ölkələrindən yay məktəbinə gələn və ümumilikdə 86 ölkədən 500 nəfər iştirakçı sırasında ölkəmizdən ADU-nu təmsil edən heyət də iştirak edib.

Oslo Universitetinin əsas binasında keçirilən açılış mərasimində Oslo şəhərinin meri, Oslo Universitetinin rektoru, “Yay məktəbi”nin direktoru çıxış ediblər. Sonra iştirakçılar üçün şəhər meriyasının binasında ziyafət təşkil olunub.

ADU-nun müəllim və tələbələri tədbirlərdə iştirak edərək istər rəsmi görüş, istərsə də işgüzar təmaslarda Azərbaycan haqda, ADU haqda təşkilatçılara və iştirakçılara məlumat veriblər. ADU heyəti ilə görüşən Oslo Universitetinin rektoru Ola Peter Otersen bu ali təhsil ocağı ilə təmsil etdiyi universitetin əlaqələrinin ildən-ilə genişləndiyini məmnunluqla vurğulayıb. Oslo Universitetinin rektoru Bakıya səfərini xatırladaraq ADU-da olduğunu bildirib və ADU-nun rektoru, professor Səməd Seyidovla görüşündən məmnunluqla danışıb. O, Oslo Universitetinin ADU ilə əməkdaşlığının artıq ənənəyə çevrildiyini, bu əlaqələrin hər iki ölkə üçün zəruri olduğunu və ölkələrimizin arasında təhsil sahəsində əməkdaşlığa töhfə verdiyini deyib.

“Yay məktəbi”nin direktoru Einar Vannebo da, öz növbəsində, ADU tələbələrinin Norveç dilini yüksək səviyyədə mənimsədiklərini bildirib və vurğunluğunu gizlətməyib.

Xatırladaq ki, Oslo Universitetində təşkil olunan “Yay məktəbi” avqustun 1-nə kimi davam edəcək. Hər il təşkil olunan məktəbdə artıq bir neçə ildir ki, ADU-nun tələbə və müəllim heyəti ilə iştirak edir. Bu il isə daha geniş tərkibdə “Yay məktəbi”nə gedən müəllimlər və tələbələr müxtəlif ixtisaslar üzrə - Norveç dili və ədəbiyyatı, sosiologiya, media və başqa sahələr üzrə kurslarda iştirak edirlər.

Qeyd edək ki, ADU ilə Oslo Universiteti arasında 2007-ci ildən bu günədək layihə çərçivəsində ADU-nun ümumilikdə 105 nəfər tələbəsi və müəllimi sözügedən ali təhsil ocağında təhsil alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm