Gəlinlərin intiharı: qayınana zülmü və sirkə turşusu ilə ölüm - DƏHŞƏT
Bizi izləyin

Qırmızı.az

Gəlinlərin intiharı: qayınana zülmü və sirkə turşusu ilə ölüm - DƏHŞƏT

Qayınanamla dalaşdım. Sözümüz düz gəlmir heç vaxt. Ona görə də “uksus” içdim ki, ölüm, canım qurtarsın. 6 aylıq hamiləyəm. İndi müalicə alıram, qanımı təmizləyirlər.

Qayınanamla yola getmirik. Sonuncu dəfə davamız uşaq üstündə oldu. Uşaqları döymüşdüm, mənə dedi ki, “Onları dədən evindən gətirmisən, niyə döyürsən?” Mən də heyvanlara verilən dərmanı içdim.

Bu sözləri hazırda Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsində müalicə alan xəstələr deyir. Onlar min bir səbəb taparaq dərman, şirkə turşusu içib intihara cəhd ediblər. Xoşbəxtlikdən, sağ qalıblar.

Amma onların sözlərinə görə, bir neçə gün əvvəl kürəkəni ilə dalaşıb şirkə içən 60-65 yaşlarında bir qadının bəxti gətirməyib. O, dünyasını dəyişib. Adlarının açıqlanmasını istəməyən müsahiblərim deyir ki, onlarla bir palatada qalan qadınların əksəriyyəti sirkə içərək intihara cəhd edib. Onların sözlərinə görə, bəzən elə vəziyyət olur ki, bu yola əl atmağa məcbur olurlar.

Bu yolla intihara cəhd edənlər, əsasən, gənc qadınlardır. Özlərinin də dediyi kimi, gün ərzində bu halla bağlı 10-a yaxın müraciət olur. Onların çoxu ailədə problem yaşayanlardır. Bəziləri bunu münaqişə yaşadıqları yaxınlarına gözdağı vermək məqsədilə etdiyini də etiraf edir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a bildirdilər ki, gün ərzində 5-6 belə müraciət olur.

Mətbəx və hamamda istifadə olunan məhsullardan istifadə daha çox, xlor, sirkə turşusu qəbul edilməsi isə az təsadüf olunur. Bu faktlar özünəqəsd xarakteri daşıyır. Müraciət edənlərin hamısı Toksikologiya Mərkəzinə çatdırılır.

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, dərman və təmizləyici vasitələri içənlər əsasən qadınlardır.

“Ötən il 20-yə qədər yaşı 18-dən çox olan qadın dərman və təmizləyici vasitələrdən zəhərlənmə ilə müraciət edib. Onlar məktəbdə işlənən xlor tərkibli məhlul, vanna otağında istifadə olunan təmizləyiciləri içiblər ki, bu maddələr qələvi və turşu tərkiblidir. Müraciət edənlər, əsasən, cavan qızlar və gəlinlərdir. Bunu intihar yox, affekt halı kimi qəbul edirik. Onlar kiməsə hirslənirlər və bu yola əl atırlar. Bəziləri özləri müraciət edir, adətən, iş evdə intihara cəhd edildiyinə görə valideynləri, digər ailə üzvləri onları gətirir”.

A.Maqsudov bildirib ki, bu maddələrin içilməsi mədədə, qaraciyər və böyrəkdə fəsad verir. Ölüm daha çox sirkə turşusu içənlərdə olur:

“Onlar da çox deyil, ildə 2-3 ölüm halı qeydə alınır. Bu faktlar daha çox 30-50 yaş arasında qadınlarda olur. Səbəbi soruşduqda affekt halında olmalarını və bilmədən içdiklərini deyirlər. Sirkə turşusu bir qurtum belə ağız boşluğuna düşəndə zəhərlənmə olmasa da, təsir edir”.

A.Maqsudov müraciətlərin 60-70 %-nin Bakı və onun kəndlərindən olduğunu deyib. Həmçinin bölgələrdən də belə müraciətlər olur ki, onların əsas hissəsi aran və şimal rayonlarıdır.

Baş həkimin sözlərinə görə, bu hala uşaqlar arasında da təsadüf edilir. O, dərmanlardan, mətbəx, hamam təmizləyicilərindən zəhərlənmə halarının əsasən uşaqların nəzarətsiz qalmaları ilə əlaqələndirdi.

“Uşaqlar soyuducunun aşağı hissələrində saxlanan dərmanları içirlər. Ötən il ərzində uşaqlarda dərman zəhərlənməsi ilə bağlı 76 müraciət olub. Bunların hamısı zəhərlənmə kimi qiymətləndirilmir. Çünki onların dərman qəbul etməsi valideynlər tərəfindən aşkarlanır, təcili tibbi yardıma müraciət edilir. Onlar bizə çatdırılır.

İl ərzində təxminən 40-a qədər müraciət mətbəx və hamam təmizləyicilərinin içilməsi ilə bağlı olur. Uşaqlar arasında bu hal 3 yaşa qədər, həmçinin 6-10 yaş arasında çox olur”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu addımın atılması insanların isterik xarakteri ilə bağlıdır.Yeniyetmə qızlar valideynlərin, evli qadınlar isə həyat yoldaşının diqqətini çəkmək üçün bu yola əl atır.

“Bu insanlar ətrafın diqqətini çəkmək üçün situativ intiharlara cəhd edirlər. Bu bir dəfə olmur, zaman-zaman təkrarlanır. Onların məqsədi intihar edib ölmək deyil. Əsas niyyətləri ətrafın diqqətini öz problemlərinə cəlb etməkdir. Bunun üçün də xlor, sirkə və dərman vasitələrini artıq qəbul edərək intihara əl atırlar. Bunu əsasən evdə adam olanda edirlər, ya da ailə üzvlərini əvvəldən bu barədə məlumatlandırırlar. Xəbər verdikləri şəxslər vaxtında gəlməsələr, özləri həkimə müraciət edirlər”.

Psixoloqun sözlərinə görə, bu insanlara tibbi yardım göstərilməklə yanaşı, psixoloqa da müraciət etməlidirlər.

“Yaxşı olardı ki, Toksikologiyada bu insanlara yardım göstərildikdən sonra, psixoloqa yönləndilsinlər. Çünki bu, sırf psixoloji problemdən yaranır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm