Yer üzündəki ən gözəl cənnətlərdən biri... Amasra...
Bizi izləyin

Qırmızı.az

Yer üzündəki ən gözəl cənnətlərdən biri... Amasra...

Yer üzündəki ən gözəl cənnətlərdən biri... Amasra...

“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” silsiləsindən “ Sirli Bartın” yazısını təqdim edirik.

BURDA GÖZLƏR ŞƏKİL ÇƏKİR...

Böylə deyir, böylə anladır dədəmiz Məhməd Akif Ersoy:

Ey bu torpaqlar üçün

torpağa düşmüş əsgər -

Göydən əcdad enərək

Öpsə o pak alnını, dəyər...

...Sənə dar gəlməyəcək

məqbəri kimlər qazsa

"Göməlim gəl səni tarixə" -

desəm, sığmaz...

Karabük - Bartın arası yolçuluğumuzun hər qədəmini izləyir bu misralarda ehtiva olunan yurd, vətən sevgisi...

Bu yollar boyunca paklıq, halallıq boxçası kimi sıralanan üçqatlı evlər min illik tarix kitabələri kimidi. Eyni zamanda, bu təbiət ən önəmli, xoş gözəllikləri könülə, gözə toxuyur.

Baxdıqca dinclik tapır can,

Hər qədəm tarix qoxuyur.

Burda gözlər şəkil çəkir,

Baxışlar tarix oxuyur...

Gəlişimiz xoş bir bayram gününə təsadüf edir; gözəlimiz Türkiyə Cümhuriyyətinin 90 illik yubileyi günləri qeyd edildiyi bir məqamdı. Bu münasibətlə Karabük valiliyinin, Karabük bələdiyyəsinin dəstəyi ilə axşam saatlarında düzənləyəcəyimiz dostluq proqramımızın xoş ab-havasını öncədən yaşamaqdayıq.

Mən bu gözəlliklər şəhəri olan Karabükdə dəfələrlə olmuşam. Keçdiyim yol-cığır, hər türlü mənzərə mənə doğma, tanış və əzizdi. Təəssüratlarımı yaxın günlərdə nəşr etdirdiyim "Qənirə Paşayeva ilə türk dünyasını addım-addım” kitabımda sonsuz duyğularla qələmə almışam. Bu yazılanlarda Karabükü doğmaca evim kimi qiyaslandırmışam. Və indi bütün bunlar haqqında gəlişimizi qutlayan, hər qədəmimizin qayğıkeş bələdçisi Şükrü Gökkaya bəylə xoşca danışırıq.

Karabük televiziyasının başkanı olan bu dəyərlər arkadaşım gəlişimizdən çox məmnundu. Hər cür vacib işini bir kənara qoyub bizimlə bir arada olmağa yetəri vaxt ayırıb. Uzun illərin dostluq-qardaşlıq münasibəti səfərimizə xoş ovqat qatıb. Məhz bu məqamda illər öncəsi yazdığımbir şerimin misraları kıpır-kıpır cövlan edir yaddaşımda:

İnsanları tanımaq üçün

çalışardım;

Çox zaman da yanılardım,

Artıq,

İnsanları tanımağa

Çalışmıram:

Zamanında özləri tanıdırlar!

Dünyanı qorxu deyil, sevgi idarə edəcəyi günün bəşəriyyətin xilas günü olacağına lap başdan, bunədən inamlıyam, insanlarla bir adada olmaq, müsafir olaraq qarşılamaq da belədi - gərək diqtə, buyruq naminə yox, könül istəyi ilə qapı aça biləsən.

Karabükdə ən səmimi, mehriban könül istəyi ilə qarşıladı Şükrü Gökkaya bizi.

Öncə dincələcəyimiz otelə yol aldıq. Duz-çörək kəsdik. Sonra da vaxt itirməyək deyə həmən hazırlaşdıq, çıxdıq.

Necə deyərlər, hava qaralmamış, şər qarışmamış Bartına baş çəkmək, ziyarət etmək istəyirdik... Bu gözəl təbiət, əsrarəngiz dağ mənzərələri, qədim-qayımlıq süsləmələri ən munis könül dostları kimi ruhumu sarmaqda idi. Qəribə, izaholunmaz düşüncələr sarmışdı varlığımı; "Məndən sonra" kitabımda yer alan sətirlərimlə bir arada:

Sirlərini bilmək,

Dərdlərimi paylaşmaq,

Sevincimi bölüşmək

İstədiyim dostlarım çox oldu.

Amma mən onların hamısını

Cəmi bir neçə dəqiqə

Əvvəl tanıdığım,

Əslində heç tanımadığım

biri ilə bölüşmək istədim.

İndilikdə sirlərini bilmək, düşüncələrimi paylaşmaq istədiyim həmin o dost ünvanlarından biri olaraq Bartın səsləyirdi, “Gəl!” deyirdi mənə və bu səbəbdən də səfərə çıxmazdan öncə özlərini qaydasına salmağa diqqətli olan arkadaşlarımı tələsdirir, tələsdirirdim...

Ayrıla bilmədim xəyallarımdan,

Buraxmadılar məni.

Qaça bilmədim,

Hara getdimsə tapdılar məni.

İndi onların arxasınca qaçıram,

Əlbət, bir gün ya onlar yorulacaq,

ya da mən...

Giresun istiqamətdən Safranbolu-Karabük yolçuluğu boyunca-gördüyüm yolboyu ərazi vahidlərinin hər birinin əziz, unudulmaz adları sıralanır yaddaşımda; Yeniçağadan Zonquldağa aparan yoldan sağa doğru Bartına abad bir yol ayrılır. Yolu burulmayıb düz getsən əgər Gerede, Dardivan qarşılar səni. Burdan Ankaraya 125 km-lik yoldu. İsmətpaşa, Çankırı el sınırı istiqamətdən Samsuna qədər 270 km olduğu bilinir. Qurdçəməni, Aytaccamini, Qızılcahamam şəhər mərkəzini, Atkaracaları keçdiyimiz anları heç unutmuram. Burdan Kurşunluya 16 km-lik məsafə var. Dörd min nəfərə yaxın insan yaşadığı bildirilir Kurşunluda. 2-3 qatlı evlərin əhatələdiyi ərazini keçir Korğuna yetirsən. Buradan İlgaza 32 km-lik yoldu.

Bizim Qusar, Quba bölgələrinin təbiət gözəlliklərini xatırladır bu yerlər; sıx-sıx meşələri çatmır di gəl ki.

Çəltikbaşını, Yuxarıqayanı, Avşarı, Ağbükü, Sulucanı keçdiyimiz anları unutduğum oldumu heç? Buradan Tosyaya 6 km-lik yoldu. Tosyada 28100 nəfər əhali yaşayır. Çayqapıya, Oğuza, Ağcayazıya yol burdan keçir. Beşirçioğludan Abdullaha yol burdan ayrılır. Sonra gəlir 2-ci Avşar... Hacıhəmzə-yolboyu qədim bir kənddi, şəfalı suyu var adla deyilən. Burdan Obruka, Osmancığa, Çoruma yol keçir-keçir...

Karabükdən Bartın-Safranbolu istiqamətə keçdiyim yolların Tuzaklı unudulmazlığı var, Ulus, Ovacuma xatirələri yaddan çıxarmı? Bu gözəl dağ kəndlərini sırayla bir-birinə bağlayan abad şosse yolu çəkilməkdədi. Görülən işin səliqə-səhmanı, məsuliyyət duyğusu hər bir iş adamı üçün örnək ola bilər. Yaşıllıqlarla örtülmüş dağ döşlərində qərar tutan kəndarası sahələrdə sıx-sıx şitilliklər, arıçılıq təsərrüfatı diqqət çəkir. İndi bədnam erməni işğalı altında qalan Ağdərə, Kəlbəcər, Laçın bölgələrimizin unudulmaz təbiət gözəllikləri elə bil Karabük, Safranbolu-Bartın arası tökülüb qalıb. Çataqı, Nebioğlunu, Alabaşoğlunu keçirik. Qarşıda Ulupinar, Albalıqdı. Bir az yol keçmək gərəkdi ki, Abdipaşaya, Bayırdüzə yetişməsən. Kurtköy, Böyükkran Bartının lap əlyetərindədi...

ÖZÜMÜZÜ TANIMAQ ÜÇÜN

Abdal bir şəəhərə gəlir. Buranın camaatı yadlara heç güvənmirmiş. Dərvişə “biz səni tanımırıq, çıx get, uzaqlaş bu yerdən” – deyə bağırırlar. Dərviş öncə sükutla cavab verir, sonra da bu sükutu sözlərə daşıyır: “Önəmli olan odur ki, mən özümü tanıyıram. İnanın, əgər başqa cür olsaydı, yəni, siz məni tanısaydınız, amma mən özümü tanımasaydım, daha pis olardı...”

Özümüzü tanıyırıqmı?

Özümüzü tanımağın bir yolu da gözəlimiz Türkiyənin sınırlarını, şəhər və kəndlərini qədəm-qədəm gəzib-dolaşmaqdan keçir; Rizədən, Trabzondan, Giresundan, Ordudan keçib Bolu, Karabük, Safranbolu, Van, İznik, İzmir, Qars, Bartın yollarından keçəsən gərək. Bu gözəl səmtlərin halallığını almayınca Konyanı, Nevşəhəri, Kapatokyanı, Akşəhəri, Kayserini, Amasiyanı, Bayburtu, İstanbulu nasıl duyub anlaya bilərsən, özünü necə tanıyarsan?!

Çoxsaylı telekanalların tamaşaçı ovuna çıxan aparıcıları hər gün, hər saat ekrana gələr-gəlməz öz şou xarakterli xəbərlərini önə çıxarırlar: “Ər öz xanımını nasıl öldürdü?.. Bir azdan... qaçırmayın...” “Məşhur müğənni keçmiş sevgilinsi haqqında nələri danışdı? Bir azdan... Qaçırmayın!”

“Bu yaşıl ormanlara, bu qocaman dağlara doyunca baxmağın anını qaçırmayın!” – deyən yox!

“Özünüzü tanımağa aparan yolu izləyin” söyləyən dillər qəhətdi.

Hər kəsin yerinə dünyadan vaxtsız köçmüş türk şairi Təhsin Saracın “Türkiyə” şerini oxumaq keçiır könlümdən:

Türkiyə bir sıcaq ölkə,

Günəşi qocaman bir nar.

Dağı, dağ, dənizi dəniz,

İnsanı insanca baxar.

Ayca qonşudur, ulduza

Bozqurda telli qovaqlar.

Uzar yanıq türkülərlə

Yayla qoxulu irmaqlar.

Susqun bir sızı kimidi

Güz sonu tütən ocaqlar.

Türkiyə sonsuzdan sonsuz

İçimdəki özləm qədər.

Türkiyə bir uzaq pinar,

Hər gecə yuxuma axar...

Deyərlər: “Həyat bir kəndin giriş dizaynıdır”. Bu gün etdiyimiz davranış və seçimlər sabah yaşayacağımız evi qurur...

Bartın haqqında düşüncələrimi kağıza köçürmək cəhdim sabah müsafiri olacağım bir kəndin, sakini olacağım evin bünövrəsi kimidi. Belə duyur, belə düşünürəm. İç dünyasına çəkiləcəyim günlərin havasına yazıram, heç vəchlə bir qədəm torpağına, bir içim suyuna, bir udum havasına, bir baxımlıq təbiət gözəlliklərinə etinasızlıq göstərmək istəmirəm. Heç o çocuq uşağa da ki, Bartın kafesində önümə yüyürüb “Səni televizorda görmüşəm, tanıyıram” söyləmişdi. Heç o ananı da unutmuram ki, Bartında qala divarları önündə qarşıma çıxıb minillərin doğması kimi boynuma sarıldı; O gözəlim çoöcuq çağdaşlığın, daha çox da sabahın, gələcəyin əsil simvoluydu elə bil. Ağbirçək ana isə qədimliyin, tarixin simvolu, şəkillənməsi idi ki, durmuşdu. Hər iki aləmlə üz-üzə, nəfəs-nəfəsə durmuş kimiydim. Hər ikisilə bərabər şəkil çəkdirdim; bir yerdə, bir arada əbədiləşək deyə...

İLLƏRİN TOZU VAR XATİRƏLƏRDƏ

Bartının bənzərsiz gözəllik daşıyıcısı olan Amasra körpüsünün seyrinə dalmışam. Şairlər diyarı bizim tərəflərin tanınmış söz ustası Hüseyn Arifin misraları yaddaşımı oyadıb keçir: “A dostlar, sizə vəsiyyətim var... Kürün körpüsündən keçirin məni...”

Axşamın qızılı şəfəqləri öz qanadlarını Amsara körpüsünün üstünə salıb. Şəfəqlər dənizdə sayrışan qağayı kimi. Ətraf qayalıqla və yaşıllıqla elə çevrələnib, sanki qəbzəsi qınında çırpınan qılıncdı hər yan... Təsvir etmək yox, gəlib baxmaq, baxıb da yaşamaq lazımdı bu gözəl mənzərələri.

Hələ Dovşan adası deyilən qaya mənzərələrinə baxıb da durasan sahil boyunca... Hər baxış bucağında mamır evciklər içi dovşan yuvaları olanbir xatirədi.

Mustafa Ağcanın yeri deyilən canlı balıq restoranına enənə qədər bu sehrli aləmin cazibəsi qədəm-qədəm izlədi məni.

Ankaranın doğu-batı üzlərinə gözüm işlədikcə nəzər yetirdim. O canlı balıq restoranında daddığımız təamlar, məşhur manda yordları - balıq salatlarının dadı-tamı öz yerində, ancaq bir az öncə gördüyüm mənzərələrin tarixi gözəllikləri ağlımda-huşumda sıx-sıx dolandı. Məni bu yerlərə götürən Böyükkran, Kurtköy, Çayırpay, Bayırdüzü, Abdupaşa, Ulupinar, Bahçelik, İsbioğlu yollarına şükürlər dedim. Tarixin 1945-ci ilində inşa edilmiş, tam bir qələbəlik yeri olaraq insanlara xidmət edən Akca restoranı adi bir yeməkxanadan çox tarixin o başından, bu başına səfərə çıxmış gəmini xatırladırdı...

Bu mənzərələri seyr etdikcə dünyalarca məşhur şair-yazıçı Röbindnarat Taqorun unudulmaz bir şükranlığı sıx-sıx keçirdi ağlımdan:

"Mən sənə təşəkkür edirəm, eygün!"

Təşəkkür edirəm ki, bizə bu anları yaşada bildin.

Təşəkkür edirəm ki, adi, təkrar yaşamın məngənəsindən qoparıb, bizlərə əsrə bərabər bir an yaşada bildin.

Həmin o unudulmaz dəqiqələrdə sehrlənmiş gözlərimiz, baxışlarımız eynən Rabindnaram Taqorun diliylə danışırdı elə bil:

Ey gözəllik!

Eşqdə gör özünü;

Aynanın öygüsünü burax...

Və o gözəl anlarda mavi sularda əks olunmaqdan daha çox ruhumuzda, düşüncələrimizdə cövlan edirdi Bartın!

Həmin o sevgili məqamlarda Bartın üzərinə axşam düşürdü. Və yenə də Taqorun misraları sanki bütün aləmin ən xoşca pıçıltısını üfləyirdi qulaqlarımıza:

İllərin yanılmışlığında

Tək bir türküyə yer var ancaq...

Gecə enər, o türkü başlar:

- Səni sevdim,

Həp səni seviyorom.

İndi bu sətirləri yazdığım məqamlarda yenə də o türküylə baş-başayam, yenə o anı yaşayıram və bu düşündüklərimin cazibə mərkəzi, fikir, münasibət ünvanı Bartındı: "Səni sevdim, həp səni sevirəm” səslənişi edirəm Bartının gül camalına, tarix, paklıq qoxuyan gözəl üzünə...

"BİR BULUD OLAYDIM" - DEYİR QUŞLARI

Batında "sis-duman göyə, gül-çiçək torpağa öyünür-biz atəşin qardaşlarıyıq" - deyə.

Bartında nəzər çəkən hər təbiət gözəlliyi "qədəhin yap məni, sənin üçün dolalım" səslənişi etməkdədi. Burda "bir bulud olaydım" söyləyir quşlar, bulud "bir quş olsam..." arzusundadı!

Bartın üzərinə axşam kölgəsi etməkdədi. Ancaq bu kölgə adamın içinə qaranlıq salmır, daha çox yaşamaq, daha çox gəzmək, görüb-götürmək aydınlığı bətləyib-bələyir. Elə bir ucdan şükranlığımı edirəm ki, bu anları bizə yaşatdığın üçün "Mən sənə təşəkkür edirəm, ey gün!"

Dəniz içində şəhər:

Bartın 2-ci jandarm komutanlığı ayrıca bir şəhəri xatırladır. Elə bil gəmiyə yüklənmiş şəhərdi-durub, səfərə çıxmağa əmr gözləyir.

Bartının sahil küçələri bir tarix muzeyi, zaman qaynağı...

Amasra şəhər mərkəzini ruhunca duymağa könül-göz gərək...

Qaradəniz ətrafıdı bura. Ərazisi 2,143 kv.km, əhalisi təqribən 189 min nəfərdi.

Burada Bartın universiteti, Kürə dağları, milli parkı, Kırazlı Kürə baraj çox məşhurdu. Hər addımbaşında qarşına çıxan böyük kitabxana mərkəzləri var.

Bu gözəl məkanı Amasra şəhər mərkəzi, Kurucaşile, Ulus və Bartın mərkəzi çevrələyir.

Hansından söz açım, deyim, danışım? Xətiri əzizdi hər yolun, izin...

"BU QALA BİZİM QALA..."

"Tikdim ki, izim qala" deyib babalarımız. Tarixin yol yoldaşları kimidi hər biri.

İki ana hissədən ibarət olan Amasra qalasından söz açım bəlkə? Bir yanı Boztəpə adasında, bir yanı Zindan məhəlləsində yer alan bu qalanın çevrəsi Boztəpə kəməri deyilən bir körpüylə bağlanmaqdadır. Boztəpədə yer alan Sormagir qalası ondan da qədim... Roma dönəminə bağlantısı var.

Bilənlər bilir ki, Amasra qalası özəllklə Cenevizlər tərəfindən daha etibarlı şəkildə ucaldılmış, 14 və 15-ci əsrlərdə ciddi təsirlərə məruz qalmışdır.

Bartının təbiət gözəlliklərinə Mevlana həzrətlərini ruhun içindən süzülüb gələn səmimi misraları ilə baş-başa gəzib-dolanıram:

Olduğum yerlərə uğrayammam qorxumdan,

Qısqanarlar sənə aşiqlik edənlər birdən...

Xəlilbəy Camesini eyni duyğularla ziyarət etdim. Yuxarı came deyərək anıldığı da var. 1872-ci ildə Xəlil bəy tərəfindən yandırıldığı bilinir.

İbrahimpaşa Camesi isə 150 illik bir tarixə sahiblik edir. Yanğına məruz qaldığı, zəlzələyə sinə gərdiyi çağlar olub. 32 pənşcərəsi dünyaya açılan gözlər kimidi. Alt qatında 11-ə qədər dükan fəaliyyət göstərib.

Amasra qalası içində doqquzuncu yüzilliyə aid Fateh Camesi yer alıb. Əski bir Bizans kilsəsi olduğu da söylənməkdədi. Amasra fəth edildikdən sonra 1460-cı ildə Fateh Sultan Mehmetin göstərişilə came kimi istifadə olunmağa başlanmışdır. Bütün durumu, təlqin etdiyi yaşam tərzi ilə baş-başa görkəmli türk şairi İbrahim Haqqının aşağıdakı misralarının təlqin etdiyi fikri, mənanı könülə, ruha əmanət edir bu camenin varlığı:

Heç kimsəyə xor baxma,

İncitmə, könül yaxma,

Sən nəfsinə yan çıxma;

Allah görəlim neylər?

Neylərsə gözəl eylər...

Behiştlik Yunis Əmrədən gələn ruhdu, dildən-dilə, könüldən-könülə yol edə-edə yetir çağdaşlığımıza. Öyləcə, Yunis Əmrənin diliylə desək, İçqala camesinin hər minarəsi dil açıb söylər ki:

Haqqa aşiq olan kişi,

Axar gözlərinin yaşı,

Nurla dolar içi, daşı,

Söylər Allah deyə-deyə.

Uzun illər Roma və Bizans idarəçiliyi altında olan Amasra Ərikli (Eregli) ilə bir arada Xristianlığın gizlicə yayıldığı məkan olaraq bilinir. M.Ö. birinci yüzilliyin sonları, ikinci yüzilliyin daxilində bütün imperatorluq boyu Xristianlığının xeyli tərəfdar topladığı da olub. Kiçiktəpə ətrafında diqqət çəkən abidələr bunlara şahidlik edir. Yeraltı Çarşısı (bazarı) Amasranın Roma tarixindən xəbər verməkdədi. Ən önəmli bölümü Tomaşquyu Hasanqala abişdəsi Qurucaşilədə... Tarixi Kromno şəhərinin mərkəzi olan Təkkəönü kəndinin Hisarqala səmtindədi. Təkkəönü qalasıına aid qalıntılarla bütövləşib. Buradan dənizə qədər uzanan qalaiçi dəhlizə doğru 7 qaya quyusu sıralanır.

Hələ Çakrazdkdı Gürcüoluk mağarası...

Hələ Qayadibindəki Sipahilər mağarası...

Hər biri ayrıca bir söhbətin mövzusu, araşdırma nöqətəsidi...

Bartın Qaradəniz bölgəsinin batı bölümündə yer alan vilayətin mərkəzi olaraq inkişaf edib. Şəhərdən keçən Bartın çayı vasiltəsilə dənizə getmək mümkündü.

Kənarında yerləşdiyi çayın qədim adından ad alıb Bartın. Tarixi Panhladonka

qədim şəhərlərdən Sesimos (Amasra), Kromna (Qurucaşilə və Erythinon (Çarkaz) sınırları daxilində yerləşib. Vilayətin 4 qəzası (Mərkəz, Amasra, Ulus və Qurucaşilə), Kozcağız, Hasankadı, Arıt, Abdipaşa və Kumluca bələdiyyələri var. Bütövlükdə isə Bartın vilayəti 260 kəndi birləşdirir.

Heç unuda bilmirəm Bartın valisi Əli Çinar bəylə olan söhbətlərimizin könülə, qəlbə yatımını... Ruhu ruhumuza, ləhcəsi ləhcəmizə daha yaxın, daha doğmadı. Elə bil doğma Azərbaycanımızın ucqar bir kəndində üz-üzə əıyləşib tarixi dostluq, qardaşlıq bağlarımızdan söhbət açmışıq.

Azərbaycana dəvət edirəm. Dəvətimi məmnuniyyətlə qəıbul edir. Hədiyyələrimi təqdim edirəm. Qarşılığında Bartının tarixi özəlliklərindən bəhs edən kitab-albomu hədiyyə edir mənə. Xatirə şəkilləri çəkdiririk, şərtləşirik ki, Bartın hökmən Azərbaycanın tarixi şəhərlərindən birilə qardaşlaşmalıdı. Türkiyə-Azərbaycan arası bu ənənə var və mütləq inkişaf etdirilməlidi.

Ayrılığın dəmi çatır. Axarlı-baxarlı dağ yolları yenidən bizi Safranbolu-Karabük istiqamətinə götürür. Baxıram... “Dağa qısılıb yatıb mışıl-mışıl dərələr, yaşıl-yaşıl dərələr”. Xalq şairi Nəbi Xəzrinin sözləridi. Nə yaxşı ki, var, yadda qalır, oxunur. Bu gözəl diyar, unudulmaz məkan önündə könüldən ayrı nə keçəsidi ki:

Quş kimi üstünüzdən

Qanad çalım, dərələr!

Şamlıqda bir axşamlıq

Qonaq qalım, dərələr!

...Sizlərdən yollar keçər,

Siz yaxşı ki, varsınız,

Dərələr.

Zirvələrə açılan

Geniş qapılarsınız,

Dərələr!

Təkcə zirvələr açılmır ki! Dərələrin könülə, gözə, o doğma qədəmlərə açılması var.

Gedirik, əl edir yamaclar bizə.

Bilirik ki, kim Bartını özüylə aparmırsa, Bartın da onunla getmir...

Dönüşümüzsə Karabükədi; Bizim ləhcəmizcə Qarabükə... Tanınmış Azərbaycan şairi Abbas Abdulladan oxuduğum misralar təqib edir fikrimi:

Bu Qaraqalpaq,

bu Qarapapaq,

bu Qarabağ...

Əlavə edirəm: “Bu da Qarabük!”

Hamısı qap-qara,

Qara, qara, qara...

Bu qara nə demək?

Böyük qalpaq,

böyük papaq,

böyük dağ,

(böyük bükük)...

Böyük, böyük, böyük...

Böyüklük də bir yük!

Qara daha nə demək?

Qara hirsli demək,

Acıqlı demək.

...Bir də eyni atadan,

anadan törəyən

Neçə-neçə oğuz, qıpçaq qardaş.

Şükrü Gökkayanın arabası önümüzdə sürət götürüb bir dərə aşırımını da keçir. Biz də arxasınca qoşuruq. Bələdçi qardaşımız bu yerləri qarış-qarış tanıdığından xəbərdaram. O səbəbdən də arxayınca xəyala dalmışam. Keçib gəldiyimiz yolların çevrəsi keçir gözlərim önündən. Aygün xanım Attarı düşünürəm. Heç ayrılmaq istəmirdim. Öylə xoş anlar yaşamışdıq ki!

Ayrıla bilmirəm xəyallarımdan...

Buraxmadılar məni.

Qaça bilmədim,

Hara getdimsə tapdılar məni.

İndi onların arxasınca qaçıram.

Əlbət bir gün ya onlar yorulacaq,

Ya da mən...

Ayrıla bilmirəm xəyallarımdan.

O xəyal aləminin qanadları məni yaxın günlərin bir dost söhbətinə götürür... Soruşmuşdu:

-Səncə mən necə şeir yaza bilərəm? Bununçün nə etməliyəm?

-Çox ağrılıdı-demişdim. – Bunun üçün sənə bir ömürlük yoldaş olacaq, özəl dostların olmalıdır. Təkcə evini, süfrəni deyil, gündüzünü, gecəni paylaşdığın... Hər saniyəni, dəqiqəni, saatını, gününü, ayını, ilini və ömrünü paylaşdığın... Sən onları tapa bilməzsən...

-Kimdi axı onlar, kimlərdi? – deyə dostum israr etmişdi.

Demişdim:

-Eşq, Ölüm, Özləm, Həsrət, Tənhalıq, Yalqızlıq, Kədər, Gözyaşı, Ağrı, Acı...

Bu günümüzün Tənhalığını, Yalqızlığını, Kədərini, Acısını Karabük – Bartın arası yolçuluqla unutmuşdum. Qeydlərimi edirdim. Bəlkə də Ağrılarımı bölüşdürdüm sözlərlə.

Bəlkə...

Bəlkə də!!!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm