Qamət Hacı Şahinlə birgə İŞİD-ə qarşı bəyanatdan imtina etdi
Bizi izləyin

Qırmızı.az

Qamət Hacı Şahinlə birgə İŞİD-ə qarşı bəyanatdan imtina etdi

“Ən böyük təhriflərdən biri bu terrorçuların hər hansı bir məzhəbə aid edilməsidir. Müxtəlif məzhəb təmsilçiləri eyni mövqedən çıxış etməlidir”.

Bu sözləri Axar.az –a açıqlamasında “Məşədi” məscidinin axundu Hacı Şahin İŞİD qruplaşmasının fəaliyyəti ilə bağlı ölkəmizdəki müxtəlif islam məzhəblərindən olan din xadimlərinin birgə bəyanat verməsi haqda redaksiyamızın təklifini dəyərləndirərkən dedi.

Hacı Şahin istənilən məzhəbdən olan din xadimləri ilə bu cür birgə bəyanatların verilməsi fikrini sona qədər dəstəklədiyini bildirdi:

“Terrorçu qrupların əməllərini sünni-şiə qarşıdurması kimi təqdim olunması olduqca yanlışdır. Onların qarşısını almaq üçün hər 2 məzhəbə məxsus olan din xadimləri birgə bəyanat verməlidir. İraqda da hazırda bu cür ediblər. Oranın alimləri birgə bəyanat verərək terrorçu qrupların fəaliyyətini lənətləyiblər. İraqda İmam övladlarının qəbirlərinin dağıdılması sünni alimlər tərəfindən pislənilib. İmam Hüseyn təkcə şiə dünyasına aid deyil, bütün islam aləmi üçün müqəddəsdir. Necə ola bilər ki, sünni məzhəbindən olanlar peyğəmbər nəvəsinin qəbrinin dağıdılmasına razı olsun? Bu cür əməllərlə məşğul olan adamların hər hansı bir məzhəbə aid edilməsi o məzhəbin təhqir olunması deməkdir. Ona görə də mən sizin təklifinizi tam dəstəkləyirəm və birgə bəyanat verilməsinə sona qədər razıyam”.

Hacı Şahin onu da bildirdi ki, QMİ-də təmsil olunan din xadimləri hansı məzhəbdən olmasına baxmayaraq, bu mövqedə dayanıb:

“Təbii ki, Qafqaz Müsəlmanları İdarəsində ortaq mövqe nümayiş olunur. Orda müxtəlif məzhəblərə aid olan şəxslər olsa da, biz ortaq mövqedən çıxış edirik. Ancaq daha yaxşı olar ki, başqa din xadimləri də bu məsələdə ortaq mövqedən çıxış etsinlər və bu əməlləri pisləsinlər”.

Fəaliyyətini dayandırmış Əbu-Bəkr məscidinin imam-camaatı və sələfilərin liderlərindən olan Hacı Qamət Süleymanovla da məsələ ilə bağlı əlaqə saxlayaraq İŞİD-in əməllərinə qarşı Hacı Şahinlə birgə bəyanat vermək fikrinə necə yanaşdığını soruşduq. Sələfi liderin cavabı belə oldu:

“Mən öz mövqeyimi səsləndirmişəm. Özüm demişəm ki, onların fəaliyyətini məqbul saymıram. Bu məsələdə heç kimlə birgə bəyanat vermək kimi bir fikrim yoxdur. Özüm təkcə mövqeyimi deyirəm. Kiminsə yanımda olmağına və ya kiminsə yanında olmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, məsələ ilə bağlı əlaqə saxladığımız üçüncü şəxs olan sələfi lider Əlixan Musayev telefon zənglərinə cavab vermədi. Onun fikirlərini yayımlamaq da maraqlı olardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm