• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ordudakı nizamnamədən kənar hadisələr təhlil olunub

Ordudakı nizamnamədən kənar hadisələr təhlil olunub

Müdafiə naziri komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri ilə işçi görüşü keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Müdafiə Nazirliyində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri, hərbi hissələrin, Müdafiə Nazirliyinin xüsusi təyinatli təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin metodiki toplantısı keçirilib.

Toplantıda Şəxsi Heyət Baş İdarəsi, Tibb Baş İdarəsi, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi, Hüquq İdarəsi nümayəndələri və qonaq qismində dəvət olunan Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru cənab Simran Həsənov iştirak ediblər.

Tədbirdə Silahlı Qüvvələrdə son zamanlar baş verən bəzi nizamnamədən kənar hadisələr təhlil olunub, tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi nə dair bir sıra məsələlər, şəxsi heyətlə iş üzrə vəzifəli şəxslərə gələcək fəaliyyətlərinin daha da gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanması üçün təkliflər müzakirə edilib.

Metodiki toplantıda həmçinin Vətənə, dövlətə sədaqət, nizamnamələrin tələblərinin şəxsi heyətə öyrədilməsi, qanunlara hörmətlə yanaşılması, hüquq pozuntularının, nizamnamədən kənar hərəkətlərin qarşısının alınması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonra tədbir iştirakçılarının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü olub.

Müdafiə naziri tərbiyəvi və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı geniş və ətraflı təhlil aparıb, görülən tədbirlər, onun daha da yüksək səviyyədə təşkili və gücləndirilməsi istiqamətində tövsiyələrini verib.

Müdafiə naziri qabaqcıl təcrübədən istifadə, şəxsi nümunə, sosial ədalət və bərabərlik mühitinin yaradılması, kollektivlərdə münasibətlərin sağlam mühit şəraitində qurulması, hərbi hissələrdə xidmətin günün nizam qaydalarına uyğun təşkili üçün normal şəraitin yaradılması, sağlam rəqabətin, hərbi hissələrdə əsgər yoldaşlığı, hərbi xidməti münasibətlərin qarşılıqlı dostluq, hörmət və gənc əsgərlərə qayğı əsasında qurularaq davam etdirilməsinin formalaşdırılması və bir çox məsələlərlə bağlı fikirlərini görüş iştirakçılarına çatdırıb.

Bildirilib ki, qeyd olunan bu fəaliyyətlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb və tapşıpıqlarına, Müdafiə nazirinin əmrlərinə müvafiq olaraq daha da yüksək səviyyədə təşkil edilib həyata keçirilməli, eyni zamanda komandirlərin və onların şəxsi heyətlə iş üzrə müavinlərinin daim diqqət mərkəzində olmalıdır.

Görüşdə şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası və qorunması, düşmən təxribatlarının qarşısının alınmasında vəzifə borclarını şərəflə yerinə yetirmələri məqsədilə tərbiyəvi işin və mənəvi-psixoloji hazırlığın təşkil edilib həyata keçirilməsi məsələsi xüsusi vurğulanıb.

Nazir bildirib ki, milli-mənəvi dəyərlərimizə yaxından bələd olan, tariximizi yaxşı bilən, Vətənimizi, torpağımızı, xalqımızı ürəkdən sevən, silah və texnikanı müasir tələblər baxımından dərindən öyrənən, əmrləri layiqincə yerinə yetirən kiçik komandirlər tərbiyə edilib yetişdirilməli və əsgərlər hazırlanmalıdır.

Sonda Müdafiə naziri general-polkovnik Zakir Həsənov görüş iştirakçılarına təlim-tərbiyə işinin daha yüksək səviyyədə təşkili və mənəvi-psixoloji hazırlıq işinin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR