• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Polislərimiz ölkədə təhlükəsizliyi tam təmin edir" - MÜSAHİBƏ

"Polislərimiz ölkədə təhlükəsizliyi tam təmin edir" - MÜSAHİBƏ

Bu gün Azərbaycan polisinin peşə bayramıdır. Azərbaycan Daxili İşlər Nazirliyinin yaradılmasından 96 il ötür.1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmanla iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Bu gün münasibətilə hüquq müdafiəçisi, Milli Məclisin üzvü Çingiz Qənizadə “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb:

- Çingiz müəllim, Azərbaycan polisinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan polisinin fəaliyyəti birmənalı olaraq həm xalqımız, həm də hakimiyyət tərəfindən müsbət dəyərləndirilməlidir. Çünki son illərdə Azərbaycan polisinin gördüyü uğurlu işlərin sayı-hesabı yoxdur.

Birincisi, polislərimiz ölkədə vətəndaşların təhlükəsizliyini tam təmin edib.

İkincisi, ölkədə təhlükəsiz şəhər layihəsinə uyğun olaraq bütün şəhər kameralaşdırılıb. Bu, cinayətkarlığa qarşı mübarizədə olduqca önəmli faktordur. Daha dərinə getsək, Azərbaycan polisin təkcə ictimai asayişin mühafizəsi ilə deyil, həm də qaçaqmalçılıq, quldurluq, narkotik daşımaları, saysız-hesabsız mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə çox böyük uğurlar əldə edib. Bu gün Azərbaycan polisinin işini diqqətlə nəzərdən keçirsək, cinayətlərin azalmasının şahidi olmaqla bərabər, həm də cinayətlərin açılma faizinin yüksəkliyini qeyd edə bilərik. Bu gün hər hansı bir Azərbaycan vətəndaşı öz ailəsi, uşaqları, əzizləri ilə şəhərdə, istirahət yerlərində tam sakit, sərbəst, heç nədən çəkinmədən rahat gəzib istirahət edə bilirlərsə, buna görə Azərbaycan polisinə hər birimiz təşəkkür etməliyik.

- Aksiya iştirakçıları ilə polis münasibətləri cəmiyyətdə birmənalı qarşılanmır. Etirazçılar polisləri kobudluqda suçlayır...

- Onların polisi tənqid etməkdə haqlı olduğunu qeyd etmək olmaz. Polislə müəyyən QHT-lər və jurnalistlər arasında anlaşma var. Bu cür aksiyalar keçiriləndə xüsusi geyimlərdən istifadə etmə məhz polisin təklifi və təşəbbüsü əsasında reallaşıb. Aksiya keçirənlər, keçirməyənlər və onu müşahidə edənlər arasındakı geyim fərqi imkan verir ki, aksiyada jurnalistlər xəsarət almasın.

Eyni zamanda, QHT-lər də bu cür münasibətdən bəhrələnə bilir. Amma bizim qəbul etdiyimiz qanunlara görə hər hansı aksiya qanunsuz keçirilirsə, təbii ki, onun qarşısını almaq polisin vəzifə borcudur. Bu zaman polis təbii ki, etiraz edənləri maşına mindirərkən və ya saxlanma yerinə apararkən müəyyən gücdən istifadə edir. Bu gün təbii ki, onların döyülməsi, söyülməsi ilə deyil, ən azı onların qolundan tutub maşında oturdurulmasının şahidiyik.

Belə olan halda polis haqda mənfi fikir söyləmək düzgün deyil. Hüquq müdafiçəsi olaraq polisin maariflənməsi istiqamətində bir sıra layihələr reallaşdırmışıq. Bu gün nəzər yetirsəniz, görərsiniz ki, sıravi polisdən tutmuş ən yüksək rütbəliyə qədər polis əməkdaşı ilə vətəndaş münasibətləri sırf hüquqi cəhətdən elə tənzimlənib ki, bu, tərəflər arasında anlaşmadır. Polisin vətəndaşla təmasda olduğu anda etdiyi hərəkətlər bizim qanunlara uyğundur. Bu gün polislərimiz o qədər maariflənib ki, vətəndaşlar hər hansı təmasda olarkən onun hüquq və azadlıqlarının qorunması istiqamətində polisin göstərdiyi səy və münasibət tamamilə qənaətbəxşdir. Bəlkə də, 5-10 il öncə biz polis haqqında ola bilər, deyərdik ki, ayrı-ayrı məmurlar, polislər kobudluq edir. Amma bu gün Azərbaycan polisi ilə vətəndaş arasındakı münasibət çox sivil formada formalaşıb və biz buna görə də hesab edirik ki, bu, Daxili İşlər Nazirliyinin rəhbərliyinin çox uzun sürən və qarşıya qoyduğu məqsədə nail olmağın təcəssümüdür. Hesab edirəm ki, bu, həm də dövlətə və Azərbaycan vətəndaşına xidmət etmək deməkdir.

- Zaman-zaman polislərin rüşvət alması ilə bağlı videolar yayılır. Hüquq müdafiəçisi kimi Sizə bununla bağlı şikayət edənlərin sayında azalma müşahidə olunur?

- Məlum oldu ki, yayılan videoların bir çoxu uzun illər bundan öncə çəkilib. O əməkdaşların bəziləri polis orqanlarında işləmirlər. Köhnə çəkilmiş videoları kimsə qərəzli şəkildə, ictimaiyyətdə polisin nüfuzuna xələl gətirmək məqsədilə Youtube sosial şəbəkəsinə yerləşdirib paylaşırlar.

Şikayət Dövlət Yol Polisi əməkdaşlarından olunurdu, vətəndaşları saxlayıb onlardan hansısa formada pul tələb etdikləri barədə narazılıqlar vardı. Amma son 1-2 ildə baxın görün belə bir hal varmı? İş, insanların toplumu varsa, ayrı-ayrı fərdlərin hansısa qanun pozması halları ola bilər.

Bunu ümumilikdə nə Azərbaycan polisinə, nə də prokurorluğuna aid etmək olar. Hər bir vətəndaş öz hərəkətinə görə məhz nazirliyin rəhbərliyi tərəfindən qiymətləndirilir. Yaxşılar mükafatlandırılır, pislər isə polis orqanlarından xaric olunur. Bu günlərdə əldə etdiyim məlumata və rəsmi açıqlamalara görə, hər il onlarla polis əməkdaşı polis orqanlarından xaric edilir və ya aşağı vəzifəyə keçirilir. Bu da onu göstərir ki, onların üzərində ciddi nəzarət var. Amma heç yerdə saflıq axtarmaq mümkün deyil.

Ümumilikdə polisin fəaliyyətinə qiymət versək, bu, təqdirəlayiqdir. Sevindirici haldır ki, bu gün Azərbaycanda ictimai asayiş tam qorunur.

- Polislərimizin maariflənməsi istiqamətində hansı ölkənin təcrübəsi daha məqbul və ideala yaxın sayılır?

- İdeal heç bir dövlət yoxdur. Biz internet saytlarına baxanda görürük ki, Amerika polisi qaydaları pozur və cinayət törədir. İkincisi, Almaniya polisinin keçən il etirazçılara qarşı göstərdiyi zor tətbiqini, jurnalistlərin fotoaparatlarının əllərindən alınması, onlara məxsus əşyaların müsadirə olunması, gücün tətbiqini gördük. Heç yerdə demək olmaz ki, hansısa bir ölkənin polis nümunəsinin modelini Azərbaycanda tətbiq etmək lazımdır. Özümüzün polis modelimiz var. Hesab edirəm ki, vətəndaş qayda-qanunlara əməl etdikdə, dövlət orqanlarının əməkdaşlarına hörmətlə yanaşdıqda vətəndaşın polislə və digər qurumlarla heç bir problemi ola bilməz.

- Polis Akademiyasının polisləri yetişdirilməsində rolu nə qədərdir?

- Polis Akademiyası hər il çoxlu sayda polisləri, polis zabitlərini yetişdirərək xidmətə yollayır. Burada da uğurlarımız göz qabağındadır. Sovet dönəmində Azərbaycan polisləri Volqoqradda, Qorkidə, Moskvada və Rusiyanın müxtəlif şəhərlərində gedib ali təhsil alırdılar. Bu gün isə hətta yaxın ölkələrdən Azərbaycan Polis Akademiyasına təhsil almağa gəlirlər. Akademiyada olan nizam-intizam, tədrisin yüksək səviyyəsi, professional polisin hazırlanması istiqamətində fiziki hazırlıqda və tədrisdə görülən işlər olduqca qənaətbəxşdir. Hesab edirəm ki, bu Akademiyanı bitirmiş hər bir polis zabiti Vətənə və xalqa xidmətdə əvvəlkilərdən fərqlənirlər. Zehni və elmi potensial cəhətdən kifayət qədər yaxşı hazırlanmış kadrlar ərsəyə gəlir ki, bunlar da hər il polis orqanlarında işə qəbul olunurlar.

Ona görə də son 5-10 il ərzində vətəndaşa xidmət sahəsində Azərbaycan polisinin münasibəti yüksələn xətlə inkişaf edir. Peşə bayramı münasibətilə Azərbaycan polisi xalqımızın hər bir vətəndaşı tərəfindən təbrik edilməyə layiqdir. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə başda daxili işlər naziri Ramil Usubov olmaqla, bütün polisin şəxsi heyətini Azərbaycan polisinin yaranmasının 96-cı ildönümü münasibətinə ürəkdən təbrik edirəm. Ölkənin təhlükəsizliyinin, ictimai asayişinin müdafiəsində, mühafizəsində, eyni zamanda cinayətkarlığa qarşı mübarizədə onlara yeni-yeni uğurlar arzu edirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR