1216 abituriyent yenidən imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

1216 abituriyent yenidən imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 3-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.

Publika.az-ın məlumatına görə, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 4–də keçirilib. Həmin imtahanda 7927 abituriyent iştirak etmiş, onlardan 7211 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb.

Qəbul qaydalarına əsasən, mayın 4-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyulun 3-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.

İmtahan Bakı şəhərində 2 binada təşkil olunacaq və saat 11-də başlanacaq.

Abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” iyunun 25-dən etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni, şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq gətirməlidirlər.

İmtahanda 1216 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 725 nəfəri oğlan, 491 nəfəri qızdır. 842 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 374 nəfər isə əvvəlki illərin məzunlarıdır. 11 abituriyent ali təhsil müəssisələrinin məzunları, 60 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. 49 nəfər isə xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-cu il təvəllüdlüdür.

İmtahanın idarə olunması üçün 9 imtahan rəhbəri, 98 nəzarətçi müəllim ayrılıb.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir.

Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm