“Facebook”, “Google”, “Eurovision” necə yazılmalıdır?
Bizi izləyin

Qırmızı.az

“Facebook”, “Google”, “Eurovision” necə yazılmalıdır?

İyulun 2-də Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin istifadəsi problemləri” mövzulu dəyirmi masa keçirilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev, institutun monitorinq şöbəsinin müdiri, jurnalistika mütəxəssisi professor Qulu Məhərrəmli, institutun bir sıra əməkdaşları, jurnalistika mütəxəssisləri – professor Nəsir Əhmədli, filologiya elmləri namizədi, dosent Sevinc Əliyeva, filologiya elmləri üzrə fəlsəfə doktoru Şahlar Məmmədov, publisist Akif Şahverdiyev, Modern.az, Axar.az, Aznews.az, Mediaforum.az xəbər saytlarının redaktorları Elşad Eyvazlı, Anar Mahmudoğlu, Elçin Zahiroğlu, Azər Qaraçənli və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları KİV-də Azərbaycan dilinin təbliğinin vəziyyətindən, dilin təbliği sahəsindəki problemlərdən, dövlət dilinin təbliğini gücləndirməyin yollarından danışıblar. Ölkə prezidentinin ötən il təsdiqlədiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq KİV-də Azərbaycan dilini təbliğ etməyin formaları müzakirə olunub, təkliflər irəli sürülüb.

Akademik Tofiq Hacıyev KİV-də tez-tez yol verilən dil xətalarından söz açarkən onu da bildirib ki, sosial şəbəkələrin adları öz imlamızda yazılmalıdır. Məsələn, “Google” “Quql” kimi yazılmalıdır. “Facebook”a gəlincə, akademik Tofiq Hacıyev bunun “Feysbuq” kimi yazılmalı olduğunu bildirib.

“Eurovision” mahnı yarışının adındakı “euro”nun Azərbaycanda avro, “vision”un viziya (məsələn, televiziya) kimi işləndiyini xatırladan Tofiq Hacıyev qeyd edib ki, bu yarışın adı öz imlamızda “Avroviziya” kimi yazılmalıdır, “Eurovision” yazmaq yanlışdır. Bununla belə Tofiq Hacıyev KİV-də dərc olunan mətnlərdə bir müddət mötərizədə “Google”, “Facebook”, “Eurovision” yazılışlarının verilməsinə də tərəfdar olduğunu diqqətə çatdırıb.

Dəyirmi masanın iştirakçıları öz imlamızda yazmaq təklifini bəyənsələr də, onlardan bəziləri “Feysbuq” yox, “Feysbuk” yazılışına tərəfdar çıxıblar.

Tədbirdə qərara alınıb ki, Dilçilik İnstitutu bu və digər məsələlərin müzakirəsini mütəxəssislər və jurnalistlərlə davam etdirsin, ortaya çıxan suallara operativ cavabların verilməsi və tövsiyələrin irəli sürülməsi üçün institutun monitorinq şöbəsi media qrupu yaratsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm