“Əmisinin 16 yaşlı nəvəsi ilə intim...”- Aslan İsmayılov
Bizi izləyin

Qırmızı.az

“Əmisinin 16 yaşlı nəvəsi ilə intim...”- Aslan İsmayılov

Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətldə və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə proses davam edir.

Publika.az musavat.com-a istinadən xəbər verir ki, iyulun 2-də keçirilən prosesdə əsas təqsirləndirilən şəxs H.Məmmədov Rusiya səfirliyinin nümayəndəsinin prosesdə iştirakını istəyib. Hakim izah edib ki, Rusiya səfirliyinin nümayəndəsini məhkəməyə dəvət edə bilməzlər. Bundan sonra Şamil və Sahil Şamilov qardaşlarının vəkili çıxış edib. Vəkil bildirib ki, Şamilov qardaşlarının baş verən cinayətdən xəbərləri yoxdur və onlar barədə bəraət hökmünün çıxarılmasını istəyib. Şamil Şamilov vəkilinin çıxışı ilə razı olduğunu bildirib. Deyib ki, qardaşı Sahilin zəngi ilə Fərmandan pul götürüb və həmin pulu Azərbaycan-Gürcüstan sərhəddinə gətirib. O, bildirib ki, pulun cinayəti yolu ilə əldə olunmasından xəbəri olmayıb: “Sahilin zəngindən sonra ona dedim ki, Gürcüstan sərhədinə gəlmək üçün mənim pulum yoxdur. Dedi ki, get evdən 100 dollar al, gəl, amma verilən pula dəymə. Nə olsun qardaşımdır, ona dedim ki, 100 dollar azdır, 200 dollar ver gətirim. Mənə 200 dollar verdi və bərk-bərk tapşırdı ki, o, pula dəymə. Mən də həmin pula əl vurmamışam. Əgər cinayətdən xəbərim olsaydı həmin puldan xərcləyərdim. Bunlara həmin pulu fırladıb heç verməzdim. Sərhəddə mənim nə səbəbdən tutulduğumu bilməmişəm. Məndə silah olduğunu soruşublar.

Onlardan nə silah olduğunu soruşmuşam? Cinayətin iştirakçısı Vüsal Qurbanovu həbsxanada görmüşəm. O, məndən nə üçün həbs olduğumu soruşub. Demişəm ki, hansısa şirkət rəhbərinin ölüm işinə görə tutulmuşam. Vüsal da şirkət rəhbərinin işinə görə həbs edildiyini deyib. Biz necə mütəşəkkil dəstənin üzvü olmuşuq ki, bir-birimizi tanımamışıq? Mən Azərbaycan məhkəməsindən bəraət istəmirəm. Bilirəm ki, bu mümkün deyil. Kimdi mənə görə müstəntiqi işdən çıxarıb 12 il yarım etmədiyim cinayətə görə cəza verən hakimə söz deyən? Amma işimə ədalətlə baxılmasını istəyirəm. 3 ildir günahsız yerə həbsdəyəm. Cəza müddətimi 3 il ilə əvəz edin, azadlığa çıxım. Kamera yoldaşım adam öldürüb, 9 il cəza veriblər. Amma heç bir cinayətdə iştirak etmədiyim halda mənə 12 il 6 ay cəza kəsilib. Maşın qaçırmışam, buna görə də cəzamı da almışam. Amma pulla adam öldürmək mənim işim deyil. Heç vaxtda belə işə boyun qoymaram. Pulla adam öldürmək mənə görə kişi işi deyil. Sabah biri də pul alıb mənim ailəmi öldürər”.

Ş.Şamilov çıxışının sonunda barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Qardaşı Sahil Şamilov da cinayətdən xəbərsiz olduğunu deyib. O, işinə düzgün baxılmasını xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Ərəstun Piriyevin nümayəndəsi Aslan İsmayılov bildirib ki, məhkəmənin təyin etdiyi cəza ilə bağlı hissədə narazılıq yoxdur. Onun sözlərinə görə, məhkəmənin cəza ilə bağlı qalan hissədə təyin etdiyi cəza ilə razıdırlar: “Amma zərərçəkmiş tərəf olaraq təqsirləndirilən Şamil Şamilova təyin edilmiş cəzanın ədalətsiz hesab edirik. Çünki bizə də məlumdur ki, o, cinayətin iştirakçısı olmayıb. Hadisədən dərhal sonra mərhumun qardaşı Hümbət Məmmədovdan şübhələnib və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciəti edib. Məsələ dərhal araşdırılıb və onun telefon nömrəsi nəzarətə götürülüb. Cinayətin üstünün açılması da telefon danışıqları ilə müəyyən olunub. Şamil Şamilovun həmin telefon danışıqlarında keçmir. Yəni onun cinayətə aidiyyatı yoxdur”.

A.İsmayılov qeyd edib ki, Hümbət Məmmədovun Əflatun Piriyevi qorxutmaq məqsədilə üzünə kislota atması barədə dedikləri həqiqəti əks etdirmir. Onun sözlərinə görə, onların məqsədi Əflatun Piriyevi aradan götürmək olub. Vəkil bildirib ki, H.Məmmədov Rusiya vətəndaşı deyil. O, Rusiya vətəndaşı olmaq adı ilə həbsdən yaxa qurtarmaq istəyir: “Hakimləri Hümbət Məmmədovun vətəndaşlığı məsələsini müzakirə edərkən diqqətli olmalarını istəyirəm. Onlar Nərimanov rayon Məhkəməsinin qətnaməsini əsas gətirirlər ki, guya o, Azərbaycan vətəndaşlığından çıxıb.

Əslində isə həmin qətnaməyə diqqət yetirəndə məlum olur ki, Hümbət Məmmədov vətəndaşlıqdan yox, qeydiyyatdan çıxıb. Qeydiyyatdan çıxmaqla, vətəndaşlıqdan çıxmağı səhv salmaq lazım deyil. Hümbət Məmmədov əvvəllər Rusiyada olub. Onun Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə sıx əlaqələri var. Hümbət Məmmədov Rusiyaya ekstradisiya olunmaq istəyir və orada pulunu ödəməklə azadlığa çıxmaq istəyir. Rusiyada pul ilə həbsdən azad olmaq çox asandır. Çünki ölən şəxs qeyri millətdir, sifarişi verən də həmçinin. Yəni Rusiyada bunu əsas gətirib Hümbət Məmmədovun pullarını alacaqlar, özünü də azad edəcəklər. Məhkəmədən bütün bunların nəzərə alınmasını istəyirəm. Burada yanlışlığa yol vermək olmaz. Hümbət Məmmədov Azərbaycan vətəndaşı olaraq qalır”.

Vəkil bildirib ki, onların narahatçılığı zərərçəkmişlərə dəymiş ziyanla bağlıdır. Onun sözlərinə görə, Hümbət Məmmədovun əmlaklarının satılması ilə bağlı birinci məhkəmə instansiyasında dəfələrlə vəsatət qaldırıblar, lakin vəsatətlərinə əhəmiyyət verməyib. A.İsmayılov bildirib ki, məhkəmə zərərçəkmişlərə dəymiş ziyanı 1 milyon 670 min manat müəyyən edib: “Hümbət Məmmədovun əmlakları satılmaqla həmin ziyan ödənilməlidir”.

A.İsmayılovun sözlərinə görə, Əflatun Piriyev Hümbət Məmmədovun dələduzluqlarından xəbər tutub, buna görə də sonuncu Ə.Piriyevi aradan götürməyi qərara alıb.

Bu zaman Hümbət Məmmədov Aslan İsmayılova atmaca atıb. A.İsmayılov deyib ki, Hümbət Məmmədov kişilikdən danışan ən axırıncı adam ola bilər: “Çünki onun əmisinin 16 yaşlı nəvəsi ilə olan intim münasibəti barədə iş materiallarında sənədlər var. Əflatun Piriyevin öldürülməsi Hümbət Məmmədovun törətdiyi dələduzluq əməlləri ilə bağlıdır. Əflatun Piriyev Hümbət Məmmədovun əməllərindən xəbər tutub və bu barədə Hacı İbrahimə demək istəyib. O da Əflatun Piriyevin qarşısını almaq üçün cinayətə əl atıb. İstintaq tərəfindən Hümbət Məmmədovun əmlakları müəyyən olunub. Müəyyən olunmuş həmin əmlakların üzərindən həbs götürülüb. Bununla bağlı da heç bir əsas göstərilməyib”.

A.İsmayılov deyib ki, məhkəmə mülki iddia ilə bağlı şikayətləri təmin etməlidir. Daha sonra zərərçəkmişlər çıxış edib. Onlar dəymiş ziyanın ödənilməsini tələb ediblər. Məhkəmə iyulun 9-da davam edəcək.

Xatırladaq ki, 2011-ci ilin iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb. Və onların heç birinə mənzil verilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm