BİR GƏNCİN MANİFESTİ
Bizi izləyin

Qırmızı.az

BİR GƏNCİN MANİFESTİ

"Mən Şərqdə ilk parlamentli demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən və qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman ölkəsində doğulmaqdan çox qürur duyuram. Azərbaycan Şərq dünyasında ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə olaraq qadınlar üçün orta məktəb tikilib. Mənim vətənim "ilklər" diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır: Avropa və Asiya, Şərq və Qərb".

Leyla Əliyeva

Biz onu necə tanıyırıq?

1993-cü ildən üzübəri yazılı və elektron mediada görməyə başladıq. İncə, zərif, az yaşı ilə hələ uyuşmayan xanım-xatın bir qız vardı qarşımızda. Prezidentin nəvəsi - o vaxt ilk və ən yüksək təqdimat sadəcə, bu idi onun haqqında...

Bu utancaq, məsum üzlü, gözəl gözlü qızcığazı getdikcə daha sıx görməyə başlayırdıq: mərhum Prezident sadə insanlarla görüşlərə əksərən nəvələriylə gəlirdi. Uşaq evlərini, valideyn himayəsindən məhrum körpələri ziyarətilə öz xeyirxahlıq missiyasının uşaqlıq duyğularını yaşayan bu xanım zaman keçdikcə öz əməlləriylə bu duyğulara sanki ad verirdi: şəfqət. Yardıma ehtiyacı olan körpələrə maddi və mənəvi dəstək, öz toplumuna bağlılıq, vətəndaşlıq hissi, vətənpərvərlik...

Onda yəqin, kimsənin ağlına gəlməzdi ki, balaca Leylanın köksündəki bapbalaca ürəyi Azərbaycan sevgisiylə çırpınır. Bəlkə də, az adam fərqindəydi ki, çağdaş Azərbaycan tarixinə adını böyük hərflərlə həkk etdirəcək siyasət dahisinin - H.Əliyevin yanında Heydər Əliyev MƏKTƏBİndən dərs alan gənc bir ictimai-siyasi xadim yetişir. Bu, illər sonra daha yaxından tanıyacağımız, tanıdıqca qürur duyacağımız Leyla Əliyevaydı: Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş koordinatoru, Moskvadakı Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, “AMOR” və “Baku” jurnallarının təsisçisi, baş redaktoru...

Əlbəttə, bu, alın yazısıdır, taledir, xoş bir taledir ki, Leyla xanım dahilərin ailəsində dünyaya göz açmışdı. Ana tərəfdən Mir Cəlal, Nəsir İmanquliyev, Aida xanım İmanquliyeva Arif Paşayev kimi Azərbaycan elminə, mədəniyyətinə misilsiz töfhələr bəxş etmiş mötəbər bir ailənin qanını damarlarda daşımaq şübhəsiz, bir xoşbəxtçilikdir və bu genin, bu nəslin davamçısı olan Leyla xanıma həmçinin, ata tərəfdən Azərbaycan xalqının böyük oğlu Əziz Əliyevdən, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevdən, zəriflik mücəssəməsi Zərifə xanım Əliyevadan gələcəklə bağlı bütün vacib siqnallar ötürülmüşdü.

Bu gün L.Əliyeva bu şərəfli missiyanı daşımaq çağrışını baba və nənələrindən alaraq ləyaqətlə gələcəyə, böyük gələcəyə doğru addımlayır...

Və elə bu səbəblərdəndir ki, Heydər Əliyev Fondu təsis olunandan və Azərbaycan xalqının aztəminatlı təbəqəsinə - valideyn himayəsindən məhrum körpələrə, baxımsız qocalara, imkansız xəstələrə, ev-eşiyini itirmiş qaçqın-köçkünlərə pasiban olan qızıl ürəkli Mehriban Əliyevanın çiyindaşı, arxadaşı olaraq məhz L.Əliyevanı Azərbaycanın birinci xanımı ilə yanaşı görürdük. Az yaşına rəğmən, anası ilə birgə Azərbaycanın problemlərinə, Qarabağın dərdlərinə çiyin verən görürdük bu xanımı. Qarabağ dərdi onun kiçik və uğurlu addımlarının cığırını xarici məmləkətlərədək uzadırdı...

AZƏRBAYCANI TANITMAQ, QARABAĞ DƏRDLƏRİNİ DÜNYAYA ÇATDIRMAQ YANĞISI

Yaşı iyirmi illik müstəqilliyimizdən daha çox olan Qarabağ münaqişəsinin təfərrüatlarının dünyaya çatdırılması, sivil dünyanı təcavüzkarın deyil, təcavüzə məruz qalanın yanında dayanmağa, zərərçəkəni müdafiə etməyə, yıxılanın qolundan yapışmağa çağırış... cəhdləri ən yeni tariximizdə əvvəllər də olmuşdu, yenə də vardı, ancaq təəssüf ki, səsimiz qane ediləcək səviyyədə duyulmurdu. Dövlət səviyyəsində xaricdəki soydaşlarımızın lobbiçilik fəaliyyətinə dəstək verilirdi, diaspora təşkilatları ilə əlaqələr qurulurdu, amma lobbiçiliyin əsrlərlə ölçülən “ənənə”lərini yaşadan və “xeyrini” görən düşmənlərimizin fəaliyyəti ilə müqayisədə, etiraf edək ki, xeyli geridəydik. Bu fərqi aradan qaldırmaq lazımıydı. Ancaq bunu elə bir mötəbər insan etməliydi ki, diplomatik bacarığı, intellektual səviyyəsi, vətəndaşlıq məsuliyyəti, vətəninə sevgisi ilə bütün nəzərləri öz üzərinə cəmləyə bilsin, səsi eşidilsin. Eşidilsin və qəbul edilsin. Bu səs bütün dünyada Azərbaycanın səsi olsun...

L.Əliyeva ən yeni tariximizdə bu istiqamətdə yeni bir səhifə açdı, ölkə üçün gördüyü xeyirli işlərlə öz timsalında müasir Azərbaycan gəncliyinin obrazını cızmış oldu.

Əlbəttə, kiçik bir yazıda az müddət ərzində görülmüş böyük işləri, ortadakı effektiv nəticəni şərh etmək həddən ziyadə çətin və məsuliyyətlidir. Amma izlədikcə heyrətlənməməmək, heyrətləndikcə təqdir etməmək mümkün deyil. Gənc bir xanım cəmi bir neçə ilə bu qürurverici nəticəyə necə nail ola bildi?

H.Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət” kampaniyasına beynəlxalq səviyyədə start veriləndən az sonra dünyanın böyüklü-kiçikli əksər ölkələrinin mediası, ictimai-siyasi elitası bu kampaniya vasitəsilə Azərbaycan həqiqətlərini daha təsirli formada və məzmunda dinləməyə, ən başlıcası isə eşitdiyinə inanmağa başladı. Bu, L.Əliyevanın, H.Əliyev Fondunun və eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin uğuruydu. Faciə haqqında, problem barədə avropalıyla onun anladığı dildə, onun qəbul etdiyi diplomatiya ilə, beynəlxalq hüquq çərçivəsində danışmalısan. Avropalı o zaman susur, qulaq asmağa və düşünməyə başlayır ki, qarşısında özündən ağıllısını görür. Özündən intellektlisinin, özündən qabiliyyətlisinin qarşısında danışa bilməz avropalı. Avropa Şərq Qadınının zəkası qarşısında həmişə uduzub.Uduzduğunu etiraf edib. “Günəşin Şərqdə doğduğunu...”, hegemon Şərq ölkələrinin hökmdarlarının yanında - fikir verin, arxasında yox, məhz yanında - həmişə bəsirətli bir Qadının dayandığını dünya nəhayət, qəbul etməlidir, məncə. Bu, reallıqdır.

Dünya bu reallıqla barışmalıdır ki, Avropa və Qərb qadına səsvermə hüququnu tanımağı hələ müzakirə etməyəndə Azərbaycan Demokratik Cümhuriyyəti artıq qadına belə bir haqqı vermişdi. Azərbaycan o ölkədir ki, qadına təkcə qadın deyil, həm də Ana kimi baxılır! Və bu, dünyanın bir çox hallarda yerində sayan müsəlman dünyasının - Şərqin bir parçası kimi baxdığı Azərbaycanda, müsəlman dünyasına aid olduğu qədər də dünyəvi, tolerant dəyərləri paylaşan, şərqli olduğu qədər də avropalı olan, Avropaya inteqrasiyanı özü üçün prioritet istiqamət sayan Azərbaycanda baş verir!

RUSİYANI NECƏ FƏTH ETDİK

Təxminən üç il əvvəl Rusiyanın paytaxtında yeni bir təşkilatın əsası qoyuldu: Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT). Heydər Əliyev Fondunun vitse-prezidenti L.Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan təşkilatı artıq Moskva elitası belə dəyərləndirir: “Cəmiyyətin lazımlı və işgüzar strukturu...” Bu gün RAGT Rusiya məkanında həm də “Azərbaycanın aydın eşidilən səsi” adlandırılır. İrimiqyaslı fəaliyyəti ilə Rusiyadakı azərbaycanlıları birləşdirən RAGT-nın coğrafiyası daim genişlənir. İndi azərbaycanlı gənclər klubları təkcə Moskvada və Sankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da mövcuddur. Təşkilat gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil, mədəniyyət - əhatə etməyə çalışır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə yanaşı, - qeyd edək ki, L.Əliyeva Xocalı soyqırımını bütün çıxışlarında “Azərbaycan xalqının heç vaxt unudulmayacaq ağrısı” adlandırır, - RAGT Rusiya gənclərini, o cümlədən, bu ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə daha yaxından tanış etmək üçün bir sıra mühüm addımlar atır. Artıq Rusiyanın bir çox regionlarında bu məqsədlə “Azərbaycan bazar günü məktəbləri” yaradılıb.

RAGT-nın amalı budur: Rusiya universitetlərində tələbə olmaq sadəcə, təhsilalma prosesi deyil, eyni zamanda, Azərbaycan reallıqlarının qeyri-rəsmi səfiri olmaq deməkdir. Zənnimizcə, bu, dünya gənclərinin qüdrətli bir hissəsinin dialoquna hazırlıq yönündə uğurlu addım sayılmalıdır.

L.Əliyeva Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun işində də fəal iştirakilə seçilir. “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” qlobal hərəkatının yaradılması və inkişafı ideyasının reallaşdırılmasında da Leyla xanımın xidmətləri xüsusi vurğulanır. Təsadüfi deyil ki, İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov Leyla xanımın fəaliyyətini belə dəyərləndirib: “Həm RAGT-nın üzvləri, həm də bütün azərbaycanlı gənclər fəxr etməlidirlər ki, məhz Azərbaycan təmsilçisi Leyla Əliyeva Sivilizasiyalar Alyansının Gənclər Məsləhət Şurasına seçilmiş və İKT-nin 57 ölkəsini burada layiqincə təmsil edir”.

“AMOR”. BU, GERÇƏKDƏN DƏ HƏLƏ JURNALDIR

Moskvada nəşr olunan “AMOR” jurnalını da L.Əliyevanın irimiqyaslı azərbaycançılıq fəaliyyətinin, vətənə xidmətinin əhəmiyyətli tərkib hissəsi saymaq olar. L.Əliyevanın jurnalın baş redaktor sütunundakı gələcəklə bağlı planları, oxuyanlar yəqin razılaşar ki, xüsusilə maraq doğurur. Baş redaktor yazır: “Gənclərin maraq dairəsi çox genişdir: təhsil, ünsiyyət, musiqi, teatr, kino, səyahət və texnologiyalar. Biz həyatın müxtəlif tərəflərinin hələ tədqiq edilməmiş, lakin cəlbedici təzahürlərini axtarıb tapmağa çalışdıq”. “Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Bu fikri də gənc L.Əliyevanın gəncliyə, Azərbaycan gəncliyinə, onların potensialına inamının təzahürüdür.

QƏLBİ BAKI İLƏ DÖYÜNƏN “BAKU”

L.Əliyevanın təsisçiliyi və baş redaktorluğu ilə nəşr olunan digər bir jurnal da var: “Baku”. 4 ildir ki, rus dilində nəşr olunan “Baku”nun sədası artıq daha uzaqlarda eşidilməkdədir. Jurnalın Böyük Britaniyanın paytaxtında ingilis dilində nəşrə başlamasının bir məqsədi var: yuxarıda da dediyimiz kimi, Azərbaycanı və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada tanıtmaq. İnnovativ ideya və dəyərlərə üstünlük verən L.Əliyevanın bu nüfuzlu layihəsi ingilisdilli variantda da oxucular arasında ciddi maraq oyadıb.

“Baku”nun ayrı-ayrı şəhərlərdə keçirilən təqdimat mərasimlərində bir həqiqət də aydın görünür: dünyanın sayılıb-seçilən diplomatları, parlamentariləri gənc L.Əliyevanın fəaliyyətini heyranlıqla müşahidə edirlər. Yəqin, onların hər biri öz ölkəsində belə bir vətəndaşın olmasını istərdi. Bunu kim istəməz ki?..

Leyla xanımın təşəbbüsü ilə fəaliyyətə başlayan İDEA - Ətraf Mühit Kampaniyasının məqsədi də ilgincdir: təbiətlə harmoniyada yaşam... Bu kampaniya insanlara ətraf mühiti qorumağın, nəticədə isə planetimizi qorumağın əhəmiyyətini anladır...

Bir gəncin missiyası...

Bir gəncin manifesti...

Təbii ki, illər ötdükcə bu fəaliyyət daha geniş spektrləri əhatə edəcək. L.Əliyeva daha mötəbər tribunalarda Azərbaycan Respublikasının HAQQ SƏSİ olacaq və nəhayət, bir gün, gözəl günlərin birində “Xocalıya ədalət” kampaniyası XOCALIYA ƏDALƏT aksiyası ilə yekunlaşacaq. Haqq və Ədalət öz yerini tapacaq. Çünki haqsızlıq, ədalətsizlik sonsuzadək davam edə bilməz. Şübhəsiz, L.Əliyeva da bu həqiqətə dərin inamıyla yorulmadan çalışır və o, xalqına, dövlətinə təəssübkeş, alicənab, poetik məhəbbəti ilə böyük Mir Cəlalı, ictimai-siyasi uğurları ilə dahi Heydər Əliyevi, mərhəməti, humanizmi, müasirliyi və nəcibliyi ilə valideynlərini xatırladır.

O, yalnız xatırlatmır, o, həm də sələflərinin müqəddəs Vətən ideyasını bayraq bilir. Ən yüksəkdə dayanan Bayraq!

Bu, bir inancdır. Sarsılmaz bir inanc. Yəni Azərbaycan var! Və həmişə var olacaq!!!

Aynur Camalqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm