Valideyn məsuliyyətsizliyi: sonrakı peşmançılıq
Bizi izləyin

Qırmızı.az

Valideyn məsuliyyətsizliyi: sonrakı peşmançılıq

Oğlumun 10 yaşı var. Qaynımgillə qonşuyuq. Qış günlərinin birində dərsdən gələndən sonra əmisigilə getdi, əmisinin də uşaqları evdə tək idilər. Evdə qaz sobası yanırdı. Oğlum qaza yaxınlaşıb, bu zaman əynindəki papaqlı geyimi alışıb. Evdə tək olduqlarından azyaşlı uşaqlar həyəcanlanıblar, bacardıqları qədər alışan uşağı söndürməyə çalışıblar. Biz hadisədən xəbər tutanda çox gec idi. Oğlumun boynu, beli bütünlüklə yanmışdı. Həkimlər ayağından dəri kəsib, boynundakı problem bir az həll ediblər. Amma hələ də boynunu tam hərəkət etdirə bilmir. Həkimlər estetik əməliyyat üçün gözləməyi məsləhət görür.

Bunu göz yaşları və həyəcanla Nəzakət xanım danışır və həmin gün uşaqları evdə tək qoyduğuna görə peşmandır. Lakin bu peşmançılıq nə həmin uşaqların keçirdikləri stress və qorxu hissini, nə də oğlunun xarici görünüşündəki qüsuru aradan qaldırır.

Valideynlərin nəzarətsizliyi, məsuliyyətsizliyi nəticəsində hər il onlarla uşaq xəsarət alır, ya da ölür.

Publika.az-ın "Qırmızı xətt" layihəsində valideyn nəzarətsizliyi və buna görə onları gözləyən cəzaları araşdıracağıq.


Bu il ərzində dəfələrlə mətbuatda valideyn ehtiyatsızlığının qurbanı olmuş uşaqlarla bağlı kifayət qədər məlumatlar yer alıb. "4 yaşlı uşaq su quyusuna düşüb öldü, yaxud 3 yaşlı körpə çirkab quyusunda boğuldu, 2 yaşlı uşaq qaynar süd qazanına düşüb yandı" kimi xəbərələrin sayını artıra bilərik.

116 uşaq zəhərlənib

Ən azı həftədə bir dəfə bir azyaşlı faciəvi şəkildə ölür. Rayon, kənd yerlərində çaya, kanala, gölə düşürlər, paytaxtda isə avtomobil qəzaları, qaynar suyun üstünə tökülməsi uşaqların faciəvi ölümünə səbəb olur.

Bəs uşağın əlinin ətçəkən maşında qalması, qaynar su ilə dolu qazana düşməsi, göldə batması həqiqətən təsadüf ola bilərmi?

Yayın gəlişi ilə bu halların sayı daha da artıb. Valideyni işləyən uşaqlar məktəblər bağlandığına görə, evdə tək qalır. Təkcə ötən il 3 yaşadək və 4-10 yaş arası uşaqlar arasında 76 nəfər dərman, 40-ı isə müxtəlif təmizləyici vasitələr qəbul edərək zəhərləniblər.

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, dərmanlardan, mətbəx, hamam təmizləyicilərindən zəhərlənmə haları əsasən uşaqların nəzarətsiz qalması səbəbindən baş verir:

“Uşaqlar soyuducunun aşağı hissələrində saxlanan dərmanları içirlər. Ötən il ərzində uşaqlarda dərman zəhərlənməsi ilə bağlı 76 müraciət olub. Bunların hamısı zəhərlənmə kimi qiymətləndirilmir. Çünki onların dərman qəbul etməsi valideynlər tərəfindən aşkarlanır, təcili tibbi yardıma müraciət edilir. Onlar bizə çatdırılır. İl ərzində təxminən 40-a qədər müraciət mətbəx və hamam təmizləyicilərinin içilməsi ilə bağlı olur. Uşaqlar arasında bu hal 3 yaşa qədər, həmçinin 6-10 yaş arasında çox olur”.

Valideynlər cəza alacaq

İnkişaf etmiş ölkələrdə valideynlər bu cür məsuliyyətsizliyə görə cəzalandırılır, bəzən valideynlik hüququndan məhrum edilir. Bəzi Avropa ölkələrinin təcrübəsinə görə, uşaq nəzarətsiz qaldıqda o, valideyndən alınır və sosial xidmət müəssisəsinə verilir. Həmin müəssisədə uşağın tərbiyəsi üçün nümayəndə təyin olunur. Eyni zamanda, valideynin öz məsuliyyətini dərk etməsi üçün psixoloq və digər mütəxəssislər valideynlə iş aparır. Vəziyyət müsbətə doğru dəyişdikdən sonra isə uşaq valideyninə qaytarılır.


ABŞ-da uşağı maşında tək qoyan valideynlər cərimələnir. Hətta uşağın başına heç bir hadisə gəlməsə belə. Bu cərimə valideynin növbəti dəfə eyni səhvi etməməsi və faciəvi nəticələrin qarşısını almağa görə verilir. Hazırda İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı yalnız bir maddə var. Həmin maddə əsasında da uşağın tərbiyəsinə lazımi qədər diqqət yetirməyən valideyn cərimələnir. Bu cərimənin məbləği isə çox azdır və 40 manatdan yüksək deyil.

Lakin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan qanun evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Komitə "İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanun layihəsi hazırlayıb. Həmin layihədə isə yalnız uşağın tərbiyəsi deyil, onun sağlamlığı və təhlükəsizliyi də nəzərə alınır.

Layihəyə əsasən, əgər uşağın evdə nəzarətsiz (bağlı qapı arxasında) qalması bir dəfə aşkarlanarsa, valideyn cərimələnəcək. Ancaq uşağın evdə bağlı qapı arxasında, nəzarətsiz, tək qalması mütəmadi təkrarlanarsa, valideynin uşağın təhlükəsizliyi ilə maraqlanmadığı aşkarlanarsa, onda valideynə xəbərdarlıq ediləcək.

Qanunvericiliyə görə, uşağın tərbiyəsi və ona nəzarət edilməsi üçün yerli icra hakimiyyəti orqanı tərəfindən nümayəndə təyin ediləcək. Həmin nümayəndə uşağa birbaşa nəzarət etməklə yanaşı, uşağın tərbiyəsi ilə məşğul olma yollarını başa salmaqdan ötrü valideynlə də işləyəcək.

Əgər valideyn bu xəbərdarlıqlardan nəticə çıxarmazsa, İXM-yə əsasən, bir neçə dəfə cərimələnərsə, onda valideyn məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilər.


Bəs bu cəzalar nəticəyə təsir edəcəkmi?

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidovun sözlərinə görə, son illər bu halların artmasına səbəb uşaqların baxımsız qalmasıdır. Onun sözlərinə görə, tək səbəb bu deyil.

“Uşaqların nəzarətsiz qalması yalnız valideyn məsuliyyətsizliyindən baş vermir. Bu məsələdə dövlət qurumları üzərinə də vəzifələr düşür. Sovet dövründə məktəblərdə uzadılmış gün tətbiq edilirdi. Şagirdlər dərsdən sonra dərnəklərə gedir, ev tapşırıqlarını edirdi. Hazırda onlar dərs bitən kimi evə gəlir, hər iki valideyni işləyən uşaq evdə tək qalmalı olur. Həmin uşaqlar təhlükəli vasitələrdən istifadə ilə bağlı maarifləndirilməyiblər.

Uşaqların nəzarətsiz qalmasının bir səbəbi asudə vaxtlarının təşkil edilməməsidir. Yay düşərgələrinin sayı azdır, hər kəsin onlara imkanı yoxdur. Bütün bu problemlər həll edilmədiyi halda, uşaqların təhlükəsizliyinin təminatından danışmaq yersiz olur”.

Ekspertin sözlərinə görə, birmənalı şəkildə valideynləri cəzalandırmaq düzgün deyil. Biz cəzadan daha çox profilaktikaya diqqət ayırmalıyıq. Məsələn, ABŞ-da uşaqlar yolu keçəndə nadir halda, qəza baş verir. Çünki məktəb avtobusları var, yaxud icmadakı valideynlər növbə ilə uşaqları məktəbə aparıb-gətirir.

N.Seyidov bəzən valideyn məsuliyyətsizliyi uşaqların ciddi xəsarət almasının inkaredilməz fakt olduğunu bildirib. Bu hallarda isə valideynə qarşı müəyyən tədbir görülə bilər:

“Ehtiyatsızlığın hər hansı hadisəyə səbəb olmasına görə Cinayət Məcəlləsində cəzalar müəyyən edilib. Lakin bu cəza bütün amillər nəzərə alınaraq təyin edilməlidir. Uşağa qarşı baş vermiş hərəkət və ya hərəkətsizliyə görə, cərimə, həbs cəzası verilə bilər. Övladı ilə yolu yalnış istiqamətdən keçən valideyn onun xəsarət almasına səbəb olarsa, cəzalandırılmalıdır. Hər bir situasiya fərdi şəkildə aparılıb, dəyərləndirmə tələb edir. Lakin bizdə bu valideynlərə qarşı çox az tədbirlər görülür. Xarici ölkələrdə bu cür hallara görə hətta valideynlik hüququndan məhrumedilmə, hüququn məhdudlaşdırılması, uşaq müəssisəsinə yerləşdirmə, azadlıqdan məhrumetmə az da olsa tətbiq edilir”.

Valideynlər məsuliyyətsizdir

Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova hesab edir ki, bu cəzalandırmaya ehtiyac var. Onun sözlərinə görə, uşaqları başına gələn bədbəxt hadisələrin bir çoxunda valideynlər günahkardır. Xüsusən də, uşağı evdə tək, bağlı qapı arxasında qoymaq ən dəhşətli problemdir:

“Bu zaman hadisə baş verəndə uşaq köməksiz qalır. Uşaqların evdə tək qalmasının bir səbəbi bağçaların az olmasıdır. Bununla bağlı bizə də müraciətlər olur. Ona görə də valideyn bəzən uşağı evdə tək qoymağa məcbur qalır”.

Komitə rəsmisi bildirib ki, hazırlanan layihə qəbul ediləndən sonra valideynlər yalnız cərimələnməyəcək, cəzalanacaq. Bu cəza nəticəsində valideynlər uşaqlarına daha məsuliyyətlə yanaşacaqlar.

“Əlbəttə, bunun üçün zaman lazımdır. Bu vaxta qədər yalnız cərimə tətbiq edilir. Valideynlərin hansı halda məsuliyyətə cəlb edilməsini müəyyən etmək çətin olmayacaq. Məsələn, it dişləməsi, ilan sancması təsadüf ola bilər, amma uşağın əlinin ətçəkən maşında qalması, çayda batması, boğazının yelləncək ipinə dolanması və boğulub ölməsi təsadüf deyil. Atalar bütün günü işdə olur, ona görə də əsas məsuliyyət anaların üzərinə düşür”.

C.Bağırova onu da bildirib ki, yerli icra hakimiyyətlərində Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya var, lakin onlar hadisə baş verəndən sonra iş görə bilirlər. Bizim Komitənin də rayonlar üzrə əməkdaşları var, onların sayı yetərincə deyil. Komitə rəsmisi bildirib ki, valideynlərin məsuliyyətlərini dərk etmələri və uşaqları təhlükəli situasiyalar barədə məlumatlandırılmaları üçün “Valideyn qayğısı, uşaqların təhlükəsizliyi” adlı broşuralar çap etdirilib:

“Onlar “Bakıelektrikşəbəkə” ilə birlikdə bütün evlərə, həmçinin “AZAL” QSC-I, Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə paylanıb. Daha iri broşurlar poliknikalara paylanacaq. Ucqar rayonlarda maarifləndiririk. Bundan başqa, televiziyalarda serial, xəbərlərin arasında bir saniyə ekran dayanır və “bilirsiniz uşağınız hardadır?” kimi şüar verilsin. Bu istiqamətdə əməkdaşlığa başlayacağıq. Fövqəladə Hallar Nazirliyi bölgələrdə uşaqların maarifləndirməsi ilə bağlı işlər aparır”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm