“Beynəlxalq hüquq” ixtisası olanlara – şad xəbər
Bizi izləyin

Qırmızı.az

“Beynəlxalq hüquq” ixtisası olanlara – şad xəbər

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Məhkəmədən Publika.az-a verilən məlumata görə, iclasda Ali Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ-hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü, “Prokurorluq haqqında” Qanunun 29-cu, “Notariat haqqında” Qanunun 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddələrində, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 20-ci bəndində və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəası “Hüquqşünaslıq” ixtisası ilə bərabər “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm