Qırmızı.az
Ramazanda oruc tutmağın faydaları
Orucluğun mənəvi faydaları
Həzrət Məhəmməd Peyğəmbər (s) Ramazan ayına "Allahın ayı" və
"Allahın ziyafəti" adlarını vermişdi. Həqiqətən, Ramazan ayında
bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ziyafətdən
daha yaraşıqlısı, belə qonaqdan daha sevimlisi olarmı? Bir halda
ki, ziyafətin sahibi - təmənnasız nemətlər verən Allahdır.
Qonaqlığa dəvət edən elçi - əziz peyğəmbərimiz Həzrət Məhəmməddir
(s). Süfrədəki nemətlər isə dua, ibadət və tövbədir.
Möminlər Ramazan ayında ibadəti, duanı, Quran tilavətini
artırarlar. Çünki bu ayda edilən tövbələr qəbul olar, dualar yerinə
yetər, xeyir əməllər üçün ikiqat savab yazılar. Sevimli
peyğəmbərimiz buyurmuşdur: "Əsl məhrum şəxs odur ki, Ramazan ayında
günahlardan təmizlənmə fürsətini əldən vermiş olsun".
Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o,
insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya
qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha
sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr.
Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha
yaxından tanıyar.
Kamiləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl o işin
öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə
isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. İradəni
möhkəmlətmək üçün bir sıra məşqlərdən istifadə edirlər. Bu mənada
oruc da bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay
ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu
keyfiyyət onda vərdişə çevrilir.
Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi
nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susaduğu vaxt içməkdən
özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş
söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi
bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa
məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman
insanın köməyinə gələ bilər.
Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari olaraq
hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və
hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi,
bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib
şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək
məqsədi daşıyır.
Əxlaq alimləri haqlı olaraq qeyd etmişlər ki, oruc - cismlə ruhun
müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini
tutur. Peyğəmbərimiz buyurmuşdur ki, Ramazan orucu cəhənnəm alovu
qarşısında bir sipərdir. Əlbəttə, ilahi əzabdan o adam amanda qalar
ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla
orucluq qaydalarına ciddi əməl etmiş olsun. Yoxsa, Həzrət Fatimənin
(ə) buyurduğu kimi, "dilini, qulağını, gözünü və qalan bədən
üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?".
Əxlaq və irfan alimləri oruc tutan adamları üç dəstəyə ayırmışlar.
Birinci dəstəyə aid olanlar orucun yalnız zahiri ehkamına əməl edir
və yalnız orucu batil edən əməllərdən çəkinirlər. Bu, adi ibadət
əhlidir.
Bunlardan fərqli olaraq, ikinci dəstəyə mənsub mömin şəxslər bütün
bədən üzvlərini pis işlərdən çəkindirirlər. Onlar dilləri ilə pis
söz danışmır, qulaqları ilə haram söhbət eşitmir, gözləri ilə
çirkinliyə baxmır, əlləri ilə günah iş görmür, ayaqları ilə
imansızlıq və pislik yolunu getmirlər. Bədənlərini tamamilə
günahdan təmizləmiş belə şəxslər bəndələrin seçilmişləridir. Əziz
peyğəmbərimiz belə şəxslərin barəsində buyurmuşdur: "Oruc tutan
şəxs yuxuda olsa belə, Allaha ibadət etmiş kimi sayılar; bu şərtlə
ki, müsəlman qardaşının arxasınca qeybət etməsin".
Nəhayət, bundan da üstün olan elə şəxslər var ki, nəinki
bədənlərini, hətta qəlblərini də oruca tabe etmişlər. Onlar nəinki
yeyib-içmir, günah etmirlər, hətta bu barədə düşünməyi belə
özlərinə rəva bilmirlər. Belə şəxslər öz qəlblərini Allahdan savayı
hər şeydən təmizləmişlər. Bunlar bəndələrin seçilmişləri içindən
seçilmişlərdir. Bunlar həqiqət mərhələsinə yetişmiş övliya
ariflərdir.
Həzrət Əli (ə) bu üç dəstənin ibadətini bir-birindən
fərqləndirərək, onlara belə qiymət verir: "Dil orucu qarın
orucundan, qəlb orucu isə dil orucundan üstündür". Mömin şəxsin
tutduğu oruc Allah yanında elə əzizdir ki, onu layiqincə
qiymətləndirəcəyini vəd etmişdir: "Oruc mənim üçün tutulur, onun
mükafatını özüm verəcəyəm".
Gəlin, Ramazan ayında elə oruc tutaq ki, öz bəndəsindən layiqli
ibadət gözləyən Allahın hüzurunda xəcalətli qalmayaq. Elə oruc
tutaq ki, mükafatını Allahdan tələb etməyə haqqımız olsun.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?