Sovet səhiyyə naziri Çazov: “Heydər Əliyevi də müayinə etmişəm...” - Şok açıqlamalar
Bizi izləyin

Qırmızı.az

Sovet səhiyyə naziri Çazov: “Heydər Əliyevi də müayinə etmişəm...” - Şok açıqlamalar

"Mən dəqiq bilirəm ki, Andropovun çox ciddi və gözəl bir qadınla gizli əlaqələri və sevgi macərası vardı"; " Brejnev spirtli içkiyə həddən artıq aludə olan Boris Yeltsinin səviyyəsinə düşmədi";"Yeltsini yezuitlərlə ona görə müqayisə edirəm ki, onun əxlaqı yezuit əxlaqına söykənirdi"

Məşhur sovet rus həkimi, uzun illər Kreml xəstəxanasına rəhbərlik etmiş Nobel mükafatı laureatı Yevgeni İvanoviç Çazovun 85 yaşı tamam oldu.

Dünyanın bu qədər məşhur dövlət adamları, siyasi xadimlərlə şəxsən tanış olan ikinci belə adam tapmaq çətindir. Özü də Y.Çazov həmin məşhurlarla sadəcə tanış deyildi, onları şəxsən müayinə və müalicə etmiş biridir. Deməli, onun ən ciddi şəkildə gizlədilən və qorunan məxfi dövlət sirlərinə birbaşa çıxışı var idi.

Y.Çazovun pasiyentlərinin siyahısında SSRİ-nin üç rəhbəri - Leonid İliç Brejnev, Yuri Vladimiroviç Andropov və Konstantin Ustinoviç Çernenko, habelə Rusiya prezidenti Boris Nikolayeviç Yeltsin, BMT-nin baş katibi U Tan, Anqola prezidenti Neto, Əlcəzair prezidenti Bumedyen, Əfqanıstan prezidenti Babrək Karmal, Monqolustan prezidenti Tsedenbal, Bolqarıstan rəhbəri Todor Jivkov, Macarıstanın lideri Yanoş Kadar, Misirin başçısı Camal Əbdül Nasir və daha neçə-neçə böyük dövlət adamları vardı.

Mən Heydər Əliyevi də çox yaxşı tanıyırdım. O da Siyasi Büronun üzvü kimi mənim pasiyentim idi, onu müayinə edirdim və müntəzəm olaraq profilaktik müayinədən keçirdi. Bir dəfə hətta Heydər Əliyevin infarkt keçirən qardaşını da onun xahişi ilə Moskvada xəstəxanaya yatırmış və onun həyatını xilas etmişdik. SSRİ-nin ali rəhbərliyinə daxil olan şəxslərin əksəriyyətindən fərqli olaraq Heydər Əliyev çox sağlam həyat tərzi keçirirdi” - deyə Y.Çazov Moskva Jurnalistlər Evində baş tutan söhbətimizə özü körpü salır.

Bununla belə SSRİ-nin səhiyyə naziri olmuş bu müdrik şəxs Siyasi Büronun ilk və yeganə azərbaycanlı üzvünün Kreml xəstəxanasında necə müalicə olunmağından Azərbaycan mətbuatına danışmaq istəmədiyini bildirir: “Amma digər suallarınıza cavab verə bilərəm”.

Razılaşır və başlayırıq...

-Yevgeni İvanoviç, necə oldu ki, siz SSRİ Səhiyyə Nazirliyinin 4-cü İdarəsinin, yəni Kreml xəstəxanasının rəhbərliyinə gətirildiniz?

-1967-ci ildə cəmi 37 yaşım vardı. Mən məşhur həkim Myasnikovun müavini kimi Kardiologiya İnstitutuna rəhbərlik edirdim. Bir inzibatçı kimi özümü çox gənc və təcrübəsiz, siyasətçi və diplomat kimi isə heç bir şeyə yaramayan biri hesab edirdim. Belə bir vaxtda isə məni problem və sirlərlə dolu olan çox nüfuzlu və qapalı bir tibb müəssisəsinə rəhbərlik etməyə dəvət edirdilər. Bundan boyun qaçırmaq üçün nə qədər bəhanə gətirsəm də köməyi olmadı. Bir də ki, mən Brejnev kimi adama etiraz edə, onunla mübahisəyə girişə bilməzdim axı. Ən maraqlısı da odur ki, məni Baş katibin yanına yanvarın 2-də çağırmışdılar. O vaxtlar indiki kimi deyildi, bayramlarda tətil günləri az olurdu, hamı işləyirdi...

Boynuma alıram ki, mən o zaman SSRİ rəhbərliyi səviyyəsində gedən intriqaların düz mərkəzinə düşəcəyimi əsla gözləmirdim. Başında Brejnevin dayandığı köhnə nomenklatura ilə Şelepinin başçılıq etdiyi keçmiş komsomolçu dəstə intriqa aparırdı. Sərt xarakterinə görə “dəmir Şurik” adlandırılan Şelepinin ətrafı mənim təzəcə təyin olunduğum vəzifəyə Antonov adlı birini soxuşdurmaq istəyirmiş. Sov.İKP MK İşlər İdarəsi müdirinin Qriqoryan soyadlı müavini az qala başımı xarab eləmişdi, mənə tez-tez deyirdi ki, “hər bir işdə bu Antonovla mütləq məsləhətləşmək lazımdır”.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi Xrimlyan isə bilavasitə mənim tabeçiliyimdə olmağına baxmayaraq bütün hədləri aşmış, misli-bərabəri olmayan iş tutmuşdu. Xrimlyan mənə tabe olsa da mühafizəçilərə hətta mənim də maşınımı yoxlamaq barədə əmr vermişdi. Hətta səhiyyə naziri Petrovski də məni Kreml klinikasının kollektivinə təqdim etməyə gəlməmişdi. Halbuki protokola görə, gəlməli idi. Nazir öz yerinə heç birinci müavinini də göndərməmişdi. Petrovski məni təqdim etməyə özünün çoxsaylı sıravi müavinlərindən birini müdafiə kompleksi üzrə tibb müəssisəslərinə kuratorluq edən Burnazyanı göndərmişdi.

Yalnız Brejnevin şəxsi dəstəyi və köməyi ilə bu çətin vəziyyətdə ayaq üstə qala bildim. Sizin məşhur yerliniz, SSRİ Dövlət Plan Komitəsinin sədr müavini Nikolay Baybakov da mənə bu işdə çox kömək elədi. Baybakov əfsanəvi şəxsiyyət idi. Biz dünyanın ən yaxşı xəstəxanalarının birinin - Moskvanın Miçurin prospektindəki tibb kompleksinin tikintisinə və təchizatına görə ona borcluyuq.

-20 ildən artıq müddətdə siz məşhur və böyük adamlarla təmasda olmusunuz. Onların hətta ən yaxın adamlarından da gizlətdikləri məxfi sirlərini də bilmisiniz. Ən çox yadınızda qalanlar nələr olub?

-Söhbət dövlət başçılarından, nəhəng siyasi xadimlərdən gedəndə onların sağlamlıq və müalicəsi ilə bağlı məsələlər təkcə özlərinə aid olmur, milyonlarla insanın taleyinə də birbaşa aid olur. Həmin illərdə SSRİ KQB-sinin sədri Yuri Andropovla səmimi dostluq münasibətlərim vardı və məndən ötrü bir çox məsələlər əsasən bu faktorla müəyyən olunurdu. Andropovun geniş informasiyaya malik olması və analitik təhlil qabiliyyəti bizə siyasi xarakterli tibb məsələləri barədə tez-tez müzakirələr aparmağa və birgə çıxış yolları axtarıb tapmağa kömək edirdi. Yaranan problemləri müzakirə etmək üçün ayda ən azı bir dəfə şənbə günləri onun Lyubyankadakı kabinetində, çox vaxt da gizli mənzillərdə görüşürdük. Müzakirə etdiyimiz bu məsələlər müxtəlif olurdu. Məsələn, Brejnevin səhhəti ilə bağlı Siyasi Büroya məlumat verib-verməməyin vacibliyini, Nazirlər Sovetinin sədri Aleksey Kosıginin insult keçirəndən sonrakı sağlamlıq vəziyyətinin necə olacağını və s. məsələləri müzakirə edirdik. Qarşımıza qəfil problemlər də çıxırdı. Məsələn, İtaliya Kommunist Partiyasının baş katibi Lonqo SSRİ-nin Suzdal şəhərinə səfəri zamanı qəfildən xəstələnmiş, onda insult müşahidə olunmuşdu. Yaxud Fransa Kommunist Partiyasının baş katibi Roşe partiyanın qurultayı ərəfəsində SSRİ-ni çətin vəziyyətə salmışdı. Roşedə psixi pozuntular müşahidə olunmağa başlamışdı. Yaxud qarşımıza Çinin müdafiə naziri Lin Byaonun meyitinin identifikasiyası və Mao Tszedunun xəstəliyinin xarakterinin aydınlaşdırılması kimi məsələlər çıxmışdı. Bunların hamısını Andropovla mən müzakirə edirdik.

-Yəqin pasiyentləriniz olan böyük dövlət adamları ilə münasibətləriniz çox açıq və səmimi olub...

-Əlbəttə, həkimlərlə aççıq danışmaq lazımdır. Bəzən elə də olurdu ki, xidməti münasibətlər dostluğa keçirdi. Andropovla mınim münasibətlərim belə qurulmuşdu. Amma deməliyəm ki, Andropovun özünə gəlincə isə o, şəxsi həyatında xoşbəxt deyildi. Arvadı ağır xəstə idi. Bu da hər şeyi deyir. Məncə, Andropovun hətta bazar və bayram günləri də səhər tezdən gecə yarısına qədər işdə olmasının əsas səbəbi də heç də xidməti borcuna möhkəm bağlılığı və ya Stalin dövründən qalma vərdişlərlə bağlı deyildi, daha çox ailə vəziyyəti ilə bağlı idi. Bir də ki, gəlin özümüzü avam yerinə qoymayaq. Əksər kişiləri qadınlara bağlayan amil nikah amili deyil.

Mən dəqiq bilirəm ki, Andropovun çox ciddi və gözəl bir qadınla gizli əlaqələri və sevgi macərası vardı. Qadın da Andropova biganə deyildi, amma ikisi də bunu hamıdan gizlədirdi. Andropov o nəhəng sistemin başında dayansa da vaxt o vaxt deyildi. Bunu şəxsi həyatımdan da bilirəm. İkinci dəfə evlənəndə məni partiyadan, gənc arvadımı isə komsomoldan çıxardılar. Arvadımdan aborta getməyi, məni birdəfəlik unutmağı tələb etdilər və s. Nə isə, Andropovu başa düşürdüm. Bir gün Andropov məndən qəribə bir xahiş etdi. Yuri Vladimiroviç gülümsünüb dedi ki, onun sevimli qadınının oğluna tibb institituna daxil olmaqda kömək etməyimi istəyir.

Brejnevlə də xüsusi münasibətlərim vardı. Brejnev əvvəllər bacarıqlı, enerjili, işlək, sərt və tələbkar adam idi. Ən müxtəlif xarakter və baxışlara malik insanları özünə cəlb edə bilirdi. Amma ömrünün son 5-6 ilində o dəyişmişdi. Çox yumşaq, mülayim olmuşdu, hər gün qulluq tələb edirdi. Təəssüf ki, bu gün hansısa maraqlara görə, bəlkə də sensasiya xətrinə Brejnevdən az qala ölkənin necə idarə olunmasından xəbəri olmayan, başı guya özünə orden-medal verməyə qarışan zəif rəhbər obrazı yaradırlar. Əsla belə deyil. Brejnevin rəsmi xarici səfərlərində onu müşayiət edən şəxs kimi deyə bilərəm ki, onu hər yerdə böyük ehtiramla qarşılayır, o isə özünü nəhəng dövlətin rəhbəri kimi çox abırlı və ləyaqətli aparırdı. Sadəliyi və ciddiyyəti ilə hamını özünə valeh edə bilirdi. Brejnev hakimiyyətinin ilk illərində güclü siyasi aktyor idi. Amma təəssüf ki, o, güclü yuxugətirici dərmanlardan həddən artıq çox istifadə edirdi ki, bu da tokskomaniyaya gətirib çıxarmışdı. Nəticə ağır oldu - beyin damarlarının aterosklerozu.

Amma bunu da xüsusi deməliyəm ki, Brejnev spirtli içkiyə həddən artıq aludə olan Boris Yeltsinin səviyyəsinə düşmədi. Brejnev analitik düşünmək bacarığını ölənə qədər itirmədi. O, kürsüdə yox, yataqda olan “həlim xasiyyətli, xeyirxah baba”ya çevrilmədi.

-Sizin Yeltsinlə münasibətlərinizin normal olmadığını bilirik. Onu da bilirik ki, Yeltsinin ömrünü uzadan mürəkkəb əməliyyat sizin klinikada həyata keçirilib. Bəs o, sizi niyə sevmirdi?

-Yeltsin mənim ilk yüksək rütbəli pasiyentim deyildi, amma ilk çətin passiyentim idi. Bu iki adam - Qorbaçovla Yeltsin Rusiya tarixinə mütləq düşəcəklər. Qorbaçov hakimiyyəti bir dəqiqənin içində Yeltsinə təhvil verdiyi üçün, Yeltsin isə öz xalqına çox ağrı-acı çəkdirən yezuit kimi... Yeltsini yezuitlərlə ona görə müqayisə edirəm ki, onun əxlaqı yezuit əxlaqına söykənirdi. Yeltsin də hesab edirdi ki, məqsəd istənilən vasitəyə haqq qazandırır. Yeltsinin Qorbaçovla hakimiyyət uğrundakı mübarizəsi SSRİ-nin məhvi ilə nəticələndi. Bu nəhəng məkanda onilliklər boyu əziyyətlə qurulan elm, təhsil, səhiyyə, mədəniyyət bir anda dağılıb getdi.

Mən Yeltsini o, hələ Sverdlovsk Vilayət Partiya Komitəsinin birinci katibi olan vaxtdan şəxsən tanıyırdım. Onun haqqındakı təəssüratım pis deyildi. Amma Yeltsin Moskvaya gələndən sonra içkiyə qurşandı. Sonra da sakitləşdirici dərmanlardan həddən artıq istifadə etməyə başladı. Bir dəfə səhhəti pisləşdi deyə onu xəstəxanaya yatırdılar. Arvadının və həkimlərin yanındaca Yeltsinə dedim ki, içməyi birmənalı olaraq dayandırıb sağlam həyat tərzi sürməlisən. Çox ağıllı və ziyalı qadın olan Naina İosifovna Yeltsina məni müdafiə etdi. Yeltsin isə uzandığı çarpayıdan qalxıb əsib-coşmağa və mənim üstümə qışqırmağa başladı. Mənə beləcə də dedi: “Rədd ol buradan!”

Bundan sonra Yeltsinlə münasibətlərimiz korlandı. Bu, həm də ona görə baş vermişdi ki, spirtli içkinin pasiyentin səhhətinə mənfi təsir göstərməsi faktı onun xəstəlik tarixçəsində də yazılmışdı. Onu da deyim ki, Yeltsinin mühafizəsinin rəisi olan Korjakov 1993-cü ildə həmin sənədi bizdən aldı. O dövrdə belə özbaşınalıqlar olurdu.

Bunu da elm adına utanc hissi ilə qeyd edirəm ki, Rusiya Elmlər Akademiyasının sessiyasında heç kimin tanımadığı “alimlər” - Ruslan Xasbulatov və Boris Berezovski məhz Yeltsinin birbaşa əmri ilə akademiyaya üzv seçildilər. Mən də daxil olmaqla 25 nəfər bunun əleyhinə səs verdik. Qalanları isə müticəsinə əl qaldırıb “hə” dedi.

Münasibətlərimizin mürəkkəb olmasına baxmayaraq Yeltsinin səhhətində ciddi problem yarananda mən kənarda qalmadım. Qala da bilməzdim. Söhbət Rusiya prezidentinin həyatını xilas etməkdən gedirdi və biz bunu etdik. Həm hakimiyyətini itirməkdən qorxan yaxın ətrafı, həm də üzüyola adam tapan ABŞ Yeltsinin növbəti dəfə seçkiyə qatılmasını istəyir, onu buna məcbur edirdilər. Halbuki onun səhhəti bu gərginliyə dözməyə imkan vermirdi. Ətrafını Yeltsinin sağlamlığı yox, öz maraqları düşündürürdü. Yeltsinin ürəyində aortakoronar şuntlama əməliyyatı aparılmalı idi. Bizim diaqnozu Qərb təbabəti də təsdiqlədi. Onu bizim Moskvadakı klinik mərkəzdə əməliyyat etdik. Əməliyyatı 1996-cı il, noyabrın 5-də mənim tələbəm Renat Akçurin apardı. Amma özüm də əməliyyat otağına girdim ki, bir şey olsa, məsuliyyəti mən də paylaşım. Əməliyyat isə uğurla keçdi. Biz Rusiya prezidentinin həyatını xilas etməklə öz həkimlik borcumuzu yerinə yetirdik...

İndi də o fikirdəyəm ki, bu əməliyyat olmalı idi. Əgər olmasaydı, 6-cı infarkt Yeltsin üçün sonuncu, ölümcül olacaqdı.

Amma təəssüf ki, əməliyyatdan sonra gözlədiyimiz kimi oldu. Yeltsində psixi-əsəb mənşəli pozuntular başladı. Rusiyanın xoşbəxtliyi onda oldu ki, həmin vaxtlar ölkə tarixində prezidenttin təcili müdaxiləsini tələb edən heç bir ciddi hadisə baş vermədi. Yeltsin analitik təfəkkür qabiliyyətini tamam itirmişdi. Rusiya tarixində hələ Yeltsin səhifəsi kimi fəlakətli səhifə olmayıb...

Virtualaz.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm