İran Bakını İŞİD-lə qorxutmağa başladı
Bizi izləyin

Qırmızı.az

İran Bakını İŞİD-lə qorxutmağa başladı

Dünyanın diqqəti “İraq Şam İslam Dövləti” (İŞİD) adlı qatı radikal islamçı qruplaşmaya yönəldiyi bir vaxtda İranın rəsmi xəbər agentliyi İRNA bu qruplaşmanın Azərbaycanda da üzvlər topladığına dair redaksiya məqaləsi dərc edib.

Virtualaz.org saytının xəbərinə görə, “İŞİD Bakıda özünə üzvlər toplayır” başlıqlı məqalədə deyilir ki, bu terrorçu təşkilatın Azərbaycanda yeni üzvlər toplaması, habelə bu ölkə vətəndaşlarının Suriya və İraqda gedən döyüşlərdə iştirak etməsi terrorçuların vəhabi xeyriyyə fondlarının vasitəsilə bu ölkədə gücləndiyinə dəlalət edir.

“Hərçənd ki, Bakı hökuməti mötədil islamçı partiyaların fəaliyyətinə hər cür əngəllər yaradır”, - deyə məqalədə bildirilir.

İran rəsmi xəbər agentliyinin redaksiya məqaləsində deyilir ki, İŞİD abbrevaturası ilə tanınan qəddar terror qruplaşması təkfirçilə cərəyanına mənsub Əbu Bəkr əl-Bağdadi tərəfindən yaradılıb və qəddarlığına görə hətta “əl-Qaidə” bu qruplaşmadan üz döndərib.

İŞİD təkfirçilik ideologiyasına mənsub olan silahlı terror qruplaşmasıdır. Təşkilatın yaradılmasının məqsədi özlərinin elan etdiyi kimi “İslami xilafət”, yaxud şəriət qanunlarının hökm sürdüyü dövlət qurmaqdır. İraq və Suriya bu təşkilatın əsas fəaliyyət zonasına çevrilib.

İŞİD-in yaranması tarixi hələ 2004-cü ilə gedib çıxır. Həmin vaxt “əl-Qaidə”nin İraqdakı özəyinin lideri Əbu Musab əs-Zərqavi “Təkallahlılıq və müqəddəs müharibə cəmiyyəti” adlı təşkilat yaratmışdı. Zərqavi qruplaşmaya rəhbərliyi üzərinə götürdü və “əl-Qaidə”yə sədaqət andı içdi. Daha sonra “əl-Qaidə”nin regiondakı lideri oldu.

İraqın Amerika qoşunları tərəfindən işğalı dövründə “əl-Qaidə” əsasən antiamerikan ekstremist qruplaşması kimi tanınırdı. Bu da təşkilatın sıralarına iraqlı gənclərin cəlb olunmasına kömək edib. Nəticədə “əl-Qaidə” İraqda döyüşən ən güclü qruplaşmaya çevrildi.

2006-cı ildə Zərqavinin Abdulla Rəşid Bağdadinin rəhbərliyi altında “Mücahidlərin məşvərət şurası”nın yaradıldığını elan etdi. Elə həmin ay Zərqavi öldürüldü və “əl-Qaidə”nin İraq özəyinin lideri kimi Əbu Həmzə Muhacer seçildi.

2006-cı ilin sonlarında İraqda döyüşən radikal islamçıların hamısını birləşdirən yeni hərbi qruplaşma elan edildi. Bu təşkilat simvolik hədəfini müəyyən edərək özünü “İraq İslam Dövləti” elan etdi. Əbu Ömər əl-Bağdadi isə onun lideri oldu.

İRNA qeyd edir ki, Bağdadinin qruplaşması hazırda Suriya və İraqda təşəbbüsü ələ alıb. Bu qruplaşma sosial şəbəkələrdən fəal istifadə etməklə ən müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan və Türkiyədən öz sıralarına çoxsaylı üzvlər cəlb edib.

İran informasiya agentliyi Azərbaycandan yüzlərlə adamın İŞİD sıralarında Suriyada döyüşdüyü, onlardan onlarlasının öldürüldüyünü qeyd edir. Yazıda bildirilir ki, Azərbaycan vətəndaşlarının İŞİD sıralarına cəlb edilməsi ölkədə narahatlıq yaradıb. Digər tərəfdən, İŞİD hazırda Yaxın Şərq regionu üçün ən ciddi təhdiddir.

Məqalədə deyilir ki, Azərbaycanda dünyəvi hökumət hakimiyyətdə olsa da əhalisi müsəlmandır və burada dini tendensiyalar güclüdür. Ona görə də İŞİD-in Azərbaycanda öz sıralarına üzvlər cəlb etməsini iki nöqteyi-nəzərdən izah etmək olar. Birincisi, qruplaşmaya üzvləri təkcə Birləşmiş Ştatlardan başlayaraq Böyük Britaniyaya qədər Qərb ölkələrində deyil, eləcə də region ölkələrində cəlb edirlər. Əvvəllər vəhhabi imamlarının fəaliyyət sferası olan Azərbaycan da belə ölkələrdən biridir. Vəhhabilər xeyriyyə fondları adı altında 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycana sızmağa başladılar. 90-cı illərin sonlarında hansısa Küveyt xeyriyyə fondunun maliyyəsi ilə Bakıda “Əbu Bəkr” məscidi inşa edildi. Məscidə Səudiyyə Ərəbistanında dini təhsil almış şəxs imam seçildi.

Faktiki olaraq vəhhabilər Azərbaycanda SSRİ-nin dağılmasından sonra artan dini əhval-ruhiyyədən istifadə edərək xarici təbliğatçılar kimi ölkəyə sızdılar. 1995-ci ildən başlayaraq vəhhabilər şiəliyi və digər dini cərəyanları inkar edərək öz ideologiyalarını təbliğ etməyə başladılar. Azərbaycanda vəhhabiliyi təbliğ edən dini ədəbiyyat yayıldı, gənclər vəhhabiliyi tədris edən ölkələrdə pulsuz təhsilə göndərildilər.

İkincisi, Azərbaycanda hökumət mötədil islamçı partiyaların fəaliyyətinə hər cür məhdudiyyətlər tətbiq etsə də ölkədə bir çox sələfi birliklərinin yaradılmasına mane olmadı.

İRNA-nın məqaləsində Azərbaycanda İslam Partiyasına qarşı təzyiqlər də sadalanır. Agentlik belə qənaətlə çıxış edir ki, Azərbaycanda mötədil islamçı partiyaların fəaliyyətinə şərait yaradılmadıqca ölkədə sələfilərin ekstremist cərəyanlarının güclənməsi riski kifayət qədər yüksək olacaq. Elə indi də İŞİD-in Azərbaycanda öz sıralarına üzvlər cəlb edə bilməsi bu qruplaşmanın ciddi təsirindən xəbər verir.

“Son aylar İŞİD Azərbaycanda öz sıralarına fəal şəkildə yeni üzvlər cəlb edir. Buna imkan yaradan iki səbəb var: bu cür qruplaşmaların müxtəlif fondlar və qeyri-hökumət təşkilatları vasitəsilə iştirakı və Azərbaycan hakimiyyətinin mötədil islamçı partiyaların fəaliyyətini əngəlləməsi”, - deyə İran dövlət agentliyi bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm