• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bəxtinizi bir daha sınayın

Bəxtinizi bir daha sınayın

Daim uduşlu məhsulları almağı xoşlamışam. Ancaq qarşıma bu sözlər çıxırdı: “Bəxtinizi bir daha sınayın.” Ona görə daha uduşlu məhsullardan qaçırdım. Ancaq bir neçə gün əvvəl alış-veriş üçün mağazaya getdim. Məndən əvvəl azyaşlı uşaq satıcı ilə danışırdı. Əlində balaca kupon tutan bu uşaq satıcıdan udduğu roliki tələb edirdi. Satıcı isə “məndə hədiyyə yoxdur” deyərək uşağı mağazadan uzaqlaşdırdı. Yaranan vəziyyət bu sahədə araşdırma aparmağıma səbəb oldu.

Uduşlar qazanan zaman hara müraciət etməliyik?

Məsələ ilə bağlı ilk növbədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. Ekspert Publika.az-a bildirdi ki, ilk növbədə uduşlu kuponu qazanan şəxs özündə saxlamalıdır:

“Həmin uduşlu kuponun üzərində müraciət üçün ünvan göstərilir. Əgər kuponun üzərində ünvan yoxdursa, istifadə etdiyi məhsulun üzərindəki ünvana müraciət edə bilər. Problem yaşanarsa, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və bizim birliyə müraciət edə bilər. Çox təəssüflər olsun ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən lisenziya almadan satışa çıxardıqları məhsullara uduşlu kuponlar qoyulur və nəticədə istehlakçılar aldadılır”.

“Bir çox şirkətlər istehlakçıları aldatmağa çalışır...”

Cari ildə Azad İstehlakçılar Birliyinə heç bir şikayət daxil olmadığını bildirən ekspert Eyyub Hüseynov istehlakçıları aldadan şirkətlərdən danışdı:

“Bir neçə il bundan əvvəl Tovuz rayonunda tum paketinin içindən “Jiquli” markalı avtomobil udmuş bir nəfərin hüquqlarının müdafiəsi mümkün olmadı. Səbəb isə tumların Rusiyada istehsal olunmasıdır. Bundan başqa, Azad İstehlakçılar Birliyinə içki qapaqlarındakı uduşlarla bağlı şikayətlər olmuşdu. Çox təəssüflər olsun ki, böyük uduşlar qazananda, adətən, şirkətlər bu kuponların onlara aid olduğunun sübutunu tələb edir. Yəni istehlakçıları get-gələ salırlar, bəzən də bu proses məhkəməyə qədər uzanır. Bir çox şirkətlər böyük uduşları vermirlər və vəziyyətdən çıxış yolu axtarıb istehlakçını aldatmağa çalışırlar.”

Şirkət qazanılan hədiyyəni vermədikdə hara müraciət edilməlidir?

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Publika.az-a bildirdiyinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən cari ilin əvvəlində uduşlu kuponla bağlı bir müraciət daxil olub:

“İstehlakçı tum alan zaman mobil telefon qazanıb və həmin uduşlu kuponla tum şirkətinə müraciət edib. Lakin şirkət uduşlu kupondan qazanılan telefonu verməkdən boyun qaçırdıb. Nazirliyə müraciət edən həmin şəxslə biz yenidən həmin şirkətə müraciət etdik və istehlakçının hüququnu müdafiə etdik. Qazanılmış mobil telefonu uduşlu kupon sahibinə tum şirkəti tərəfindən hədiyyə edildi. Bundan başqa heç bir müraciət edilməyib.”

“İki şirkətə cərimə tətbiq edilib”

Qiymətli kağızlar üzrə Dövlət Komitəsi Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, cari ilin ilk altı ayı ərzində 55 şirkətə stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi üçün icazə verilib. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Məryəm Nəcəfova əlavə edib ki, bu il ərzində 2 şirkət tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən qanunsuz lotereya keçirilmişdir. Sözügedən şirkətlərə İnzibati Xətalar Məcəlləsinin 199-3-1 və 221-1 maddələrinin tələblərinə uyğun olaraq cərimə tətbiq edilmişdir.

Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən lisenziya əldə etmiş “Ayan MMC” ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi Ramin Şərifov bildirdi ki, hazırda “Beloçka” adı ilə istehsal olunan məhsullarda 3 dəqiqəlik və 5 dəqiqəlik mobil telefonlar üçün pulsuz dəqiqələr uduşdadır. Kompaniya 20 may tarixindən ilin sonunadək davam edəcək:

“Bundan əvvəlki kompaniyalarda soyuducu, DVD, velosiped, məktəbli çantaları və digər əşyalar qazanmaq mümkün idi. Və keçirilən kompaniya ərəfəsində bütün uduşlar qazanılıb.”

İstehlakçılarla heç bir problemin yaşanmadığını deyən şirkət rəsmisi bildirib ki, müəyyən narazılıqlar yaşanıb:

“Narazılıqların səbəbi isə uduşlu kuponların sahibləri şirkətə deyil, mağazalara müraciət edirlər. Nəticədə satıcılar istehlakçılara yardım edə bilmir. Halbuki məhsulların üzərində əlaqə nömrəsi var. Bundan başqa bəzi uduşlar kampaniya bitdikdən sonra qazanılır. Bu uduş artıq etibarsız sayılır. Tövsiyyəmiz budur ki, uduşlu kuponları kampaniya bitmədən təqdim etsinlər.”

Pərvin Zeynal

Xəbər lenti

DAHA ÇOX XƏBƏR