Suyun altındakı dostlarımız – Balıq Zavodundan REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Suyun altındakı dostlarımız – Balıq Zavodundan REPORTAJ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısı, redaksiyaların sosial mövzulardan yazan jurnalistləri bir arada, gedəcəyimiz məkan Neftçalada Xıllı Nərə balıqartırma zavodudur. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərin gecikəcəyini nəzərə alaraq gedəcəyimiz vaxtdan 20 dəqiqə əvvəl gəlməyi tapşırıb. Bu tapşırıq nəticəsini verdi. Vədələşdiyimiz vaxtda hamı ordadır, nazirliyin təşkil etdiyi xüsusi avtobusa minib, yollanırıq Neftçalaya.

Yol boyunca keçdiyimiz kəndlər, maraqlı rənglərlə boyanmış evlər, geniş sahələr, kanallar, bulanıq Kür çayı müzakirə üçün mövzu verir. Bu müzakirələr fonunda artıq Neftçaladayıq.

Zavoda daxil olarkən bizi müəssisənin rəhbəri Zaur Salmanov və digər əməkdaşları gülər üzlə qarşıladılar. Yoldan gəldiyimiz və havanın temperaturunu nəzərə alaraq əvvəlcə çay süfrəsi ərtafına toplaşırıq. Zaur bəy rəhbərlərə xas olmayan səmimiliklə hər birimizlə tanış olur və bizi zavodla tanışlığa dəvət edir. Bir-bir balıqların saxlandıqları sexləri gəzirik və Zaur müəllim səbrilə bütün suallarımızı cavablandırır.

Məlum olur ki, zavod 2003-cü ildə istismara buraxılıb, 2004-cü ildə ilk dəfə yaz-yay balıqartırma mövsümü icra edilib. Zavod əsasən nərə cinsli balıqların dörd növünün – bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur.

Z.Salmanovun sözlərinə görə, ötən il ilk dəfə yaradılmış təmir-törədici fondu uğurlu nəticə verib, kürüdən yetişdirilən nərə cinsli balıqlar cinsi yetişkənliyə çataraq onlardan cinsi məhsullar almaq mümkün olub. Bu il həmin uğur yenidən təkrar edilib. Hazırda təmir-törədici fondunda 5 minə yaxın müxtəlif çəkiyə malik balıqlar var.

O, yeniliklərdən də danışdı və qısa zamanda zavodda infrastruktur dəyişiklikləri, genişlənmə, rekonstruksiya işləri aparılaraq təmir-törədici fondunun balıqlarının 10 min ədədə çatdırılmasını planlaşdırdıqlarını dedi.

“Bu da nəinki Xıllı balıqartırma zavodunu, eləcə digər üç nərə balıq artırma zavodunun keyfiyyətli balıqla təmin edilməsinə imkan verəcək. Yaxın gələcəkdə süni yetişdirməçilik, aqvakultura sahəsində inkişaf gözlənilir, bu istiqamətdə hüquqi bazası müzakirə mərhələsindədir. Təmir-törədici fond vasitəsilə özəl sektorun da inkişafına töhfə verəcəyik”.

Z.Salmanovun sözlərinə görə, zavod 2004-cü ildən 1-1.2 qram çəkili nərə cinsli körpələri Kür çayının mənsəbinə buraxılır.

“2007-ci ildən başlayaraq praktiki və elmi müzakirələr nəticəsində balıqların bir qisminin çəkisi 80-150 qrama çatdırıb, Kürə buraxırıq. Bu da çaya buraxılan balıqların həyatda qalma faizini bir neçə dəfə artırıb. Bu işin daha da genişləndirilməsi ilə bağlı təkliflər Nazirliyə təqdim ediləcək. Həmin təkliflərdə çaya buraxılacaq böyüdülmüş körpələrin sayını 20-30 mindən 300 minə çatdırmağı planlaşdırırıq. Bu məqsədlə yaxın vaxtlarda zavodda 4 ədəd 10 metr x 80 metr ölçülərdə torpaq hovuzların rekonstruksiyası və bu hovuzların bazasında müstəqil su təchizatının təmin olunması ilə yeni bir bölmənin yaradılmasına başlanacaq”.

Balıqartırma zavodlarının işi mövsümi xarakter daşıyır və mövsümdən kənarda geniş ictimaiyyətin nərəkimilər haqqında maarifləndirilməsinə ehtiyac yarandığından “Nərəkimiləri birgə qoruyaq” şuarı altında ictimai maarifləndirmə proqramı təsis olunub.

Dünyada mövcud olan 27 növ nərəkiminin 5 növü Xəzərə endemikdir. Bu zavodda isə Xəzər dənizinə endemik olan 4 növ nərə cinsli balıqların artırılması həyata keçirilir. Bu növlərin hər biri 300 milyon il tarixə malikdir.

Xüsusi balıqovlama vətəqələrində ovlanmış törədicilərin zavod ərazisinə gətirilir. Zavodda balıqlar ölçülərinə uyğun olaraq fərqli hovuzlarda saxlanılır. Biz ilkin olaraq ən kiçik ölçülü balıqların saxlandığı dairəvi hovuzlar olan bölümlə tanış oluruq, bir hovuzda 5-10 min ədəd balıq saxlanıla bilir. Balıqlar xeyli sakit, hərəkətsiz görünür. Z.Salmanovun sözlərinə görə, bunun iki səbəbi ola bilər. Ya suyun temperaturu yüksəkdir, ya da yemək yeyirlər. O, əli ilə suya toxunaraq temperaturun normal olduğunu deyir, demək yemək saatlarıdır. Dairəvi hovuzda sürfələr və körpələr böyüyür. Bu il ərzində 5 milyon ədəd istehsal olması proqnozlaşdırılıb. Zavodun ümumi gücü standart ölçüyə uyğun 15 milyon ədəddir.

Qeyd edək ki, balıqların yemi həm süni, həm də təbii qidalardan ibarətdir. Təbii qidalar əsasən, xaricdən gətirilən xırda xərçəng sürfələridir. Əvvəl dairəvi hovuzda 100-150 mq-a çatdırandan sonra balıqları dəmir-beton hovuzlara boşaldılır. Həm çökürmələr, həm də saxlanma zamanı balıqların daha az zərər görməsi üçün onlara əl vurmamağa çalışılır.

Daha sonra inkubasiya sexində oluruq. 3 bölümdən ibarət olan sexdə iri balıqlar saxlanır, onlar əsasən kürü almaq məqsədilə istifadə edilir. Açıq havadakı hovuzlarda isə nisbətən iri-50-60 kq çəkili balıqlar saxlanılır.

Mövsümün tələbinə uyğun olaraq standart çəkiyə uyğun 1-1.2 qram çəkili yüz minə yaxın 2 aylıq balıqlar Kür çayının mənsəbinə buraxılmaq üçün maşınlara yığıldı. Z.Salmanov deyir ki, proses iyul ayının sonuna kimi davam edəcək. Balıqların çaya buraxılması 1-2 günlük fasilə ilə baş tutur. Hər il balıqların Kürə buraxılması mövsümə uyğun olaraq iyunun sonundan avqustun əvvəlinə qədər davam edir. Oktyabrda isə nisbətən iri çəkili balıqlar göndərilir. Zavoddakı daha iri balıqlar törədici fonda daxildir, onlar kürü almaq məqsədilə istifadə edilir.

Fəaliyyət göstərdiyi illər ərzində Xıllı Nərə Balıqartırma zavodu tərəfindən ümumilikdə 45 milyon ədədə yaxın müxtəlif növ nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü və kütləyə çatdıqdan sonra (1-1.2 qram) Kür çayının mənsəbinə buraxılıb.

2010-cu ildən Azərbaycanda ilk dəfə olaraq məhz Xıllı Nərə Balıqartırma zavodunda bir neçə nərə balığından onları öldürmədən “yumurtalıq yolunun kəsilməsi” üsulu ilə yetkin kürü alınır. Qeyd edək ki, kürüsü öldürülmədən alınmış törədici nərə balıqları reabilitasiya məqsədilə 3-5 gün plastik hovuzlarda saxlandıqdan sonra ehtiyat nohura köçürülür. Qeyd olunan metodla kürünün alınması təcrübəsinin gələcəkdə nəsli kəsilmək təhlükəsi olan nərə cinsli balıq növlərinə də (kələmo, bölgə) şamil edilməsi planlaşdırılır.

Zavod və balıqlarla tanışlıqdan sonra nahar vaxtı yetişir. Neftçalaya gəlib, balıq yemədən qayıtmaq olmaz. Zavod əməkdaşlarının bizim üçün hazırladıqları təamlardan daddıqdan sonra, balıqları Kürə tökməyə yollanırıq. Xüsusi maşınlara yığılmış balıqlar zavod əməkdaşlarının səyi nəticəsində Kür çayının mənsəbinə tökülür. Z.Salmanovun sözlərinə görə, çaya tökülən balıqların çəkiləri artdıqca yaşama şansları da artır. Təxmini hesablamalara görə, xırda çəkili 1 milyon balıqdan 1%-i yaşaya bilir ki, bu da 10 min balıq deməkdir. Onun sözlərinə görə, bunu az rəqəm hesab etmək olmaz. Bundan başqa, xüsusən də nəzərə alaq ki, ildə 5 milyon balıq Kürə buraxılır

“Gələcəkdə çəkisi böyük olan balıqların sayını artırmaq istəyirik ki, bu da yaşama imkanlarına müsbət təsir edəcək”.

Zavodla tanışlığımızı başa vurandan sonra çaya buraxılan balıqların daha uzun müddət yaşaması ümidi ilə Bakıya qayıdırıq.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm